Üzeyir Hacıbəyli və Azərbaycan ədəbi dili
Elm. - 2025. - 3 oktyabr. - № 30. - S. 7.
Üzeyir Hacıbəyli və Azərbaycan ədəbi dili
Sayalı Sadıqova,
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor
Üzeyir Hacıbəyli opera sənətinin banisi və klassik yaradıcısı, musiqi nəzəriyyəçisi, görkəmli bəstəkar olmaqla bərabər ədəbi dilimizin ən mürəkkəb və çətin dövrü olan XX əsr ədəbi dilinin inkişafında mühüm işlər görmüşdür. Ədib mətbuat və ədəbiyyat aləminə xalqın maarif və mədəniyyətə böyük ehtiyac olduğu bir dövrdə gəlmişdir. Üzeyir bəy ’’Molla Nəsrəddin”, ’’Həyat”, ’’İrşad”, ’’Tərəqqi”, ’’Həqiqət”, ’’İqbal” və digər mətbuat orqanlarında dərc etdirdiyi məqalələrdə ana dilinin saflığının qorunmasını önə çəkirdi. ’’Dilimizi hansı vasitələrlə öyrənək və zənginləşdirək” adlı məqaləsində müəllif ana dilində təhsilin aparılmasının əhəmiyyətindən, dilimizin yad ünsürlərdən təmizlənməsinin vacibliyindən yazırdı.
Ü.Hacıbəyli qəzet və jurnal səhifələrində ana dili və onun inkişaf etdirilməsi ilə bağlı problemlərə aid bir sıra məqalələr nəşr etdirmişdir. Bu məqalələrdə ədibin sözü ilə desək, məişət tərzi dəyişdikcə lisan da dəyişir. Həyatda baş verən dəyişikliklərlə bağlı yeni anlayışlar yaranır, bunlar isə yeni sözlər və ifadələrin yaranmasını tələb edir. Həqiqətən, on il bundan irəliki sözlərlə bugünkü əhval və vəziyyət ifadə edilməz, yeni anlayışların irəliki sözlərlə ifadəsini obrazlı şəkildə ifadə edərək yazır ki, avtomobil olduğu yerdə öküz arabası ilə kifayətlənmək olmaz.
Ü.Hacıbəyli ana dili uğrunda mübarizəyə hələ Zaqafqaziya Qori müəllimləri seminariyasında oxuyan zaman başlamışdır. "Qori seminariyası harada olmalıdır” məqaləsində Qori seminariyasında təhsil alan tələbələrə bir neçə il əvvəl hətta ’’evdən kənarda öz dilində danışmağı qadağan edən” qaydadan söz açaraq yazırdı ki, ana dili tədris edilmir, tamam unudulmuş fənn kimi baxılır. Ana dili artıq gimnaziyada əvvəllər olduğu kimi tədris edilmir, saatlar azaldılır, dərslər rus dilində aparılır. Ü.Hacıbəyov 1905-ci ildə ’’Həyat” qəzetində ana dilinə qarşı yönələn hücumlara cavab vermişdir. 1906-cı ildə "İrşad” qəzetində nəşr olunan ’’Hansı vasitələrlə dilimizi öyrənib kəsbi-maarif etməliyik” adlı məqalələrində ana dilinin inkişaf etmək yollarını müəyyənləşdirmişdir. О, "Петербургская ведемости” qəzetində yayımlanan ana dilimizə qarşı yönəlmiş tənqid və böhtanlara kəskin cavab vermişdir. Dilimizin yoxsulluğundan danışanlara cavab olaraq yazırdı ki, bizim türk dilimiz Avropa alim və filosoflarının rəyinə görə ən vüsətli və kamil bir dildir ki, onun vasitəsi ilə insan ən ali fikirlərini və dəqiq hisslərini bəyan etməyə qadirdir.
Dil və onun aktual problemləri dahi sənətkarın bütün yaradıcılığı boyu diqqət mərkəzində olmuşdur. Bu dövrdə ədəbi dilin dörd istiqamətdə inkişaf etməsi ilə bağlı yazırdı: Birincisi "Füyuzat” jurnalının eləcə də Hüseyn Cavidin, Əli bəy Hüseynzadənin əsərlərinin dili Osmanlı dilindən, demək olar ki, fərqlənmirdi, ikincisi "Tərəqqi”, ’’irşad” və s. qəzetlərin dili olub, bəzi qrammatik məqamlar nəzərə alınmazsa, köhnə Azərbaycan dili - Nəsiminin, Füzulinin əsərlərinin dili ilə səsləşirdi. Üçüncüsü daha çox yeni Azərbaycan dili Abdulla Şaiqin, Abbas Səhhətin dilinə uyğun olan ədəbi-bədii dil, nəhayət, dördüncüsü ümumxalq danışıq dili ilə eyni olan bir dil idi ki, "Molla Nəsrəd- din”çilərin əsərlərinin dili kimi işlənirdi. Ədib bir dilçi həssaslığı ilə bu dövrdəki üslubları, dəqiq surətdə səciyyələndirərək yazırdı ki, əgər əhalinin hər sinfinin özünəməxsus bir qəzetəsi olsa dilimiz əldən gedər.
Azərbaycan dilinin zənginliyini, qədimliyini, dillərdən üstünlüyünü bir mütəfəkkir kimi təhlil edən ədib 1906-cı ildə "İrşad” qəzetində dərc etdirdiyi məqaləsində dilin ictimai mahiyyəti və əhəmiyyəti haqqında yazırdı ki, dil həyati-bəşəriyyətin ən ümdə müəssirlərindən biridir desəm, xəta etmərəm, zəndindəyəm. Bütün ixtiralar və kəşfiyyatın ağıllılarını heyran qoyan səmərəsi hüsulə və bu səmərələrin az bir müddətdə aləm icra yayılmasına insanın öz həməsrlərinin hal və ovzaidən xəbər almasına, minlərcə IIbundan əqdəm yer üzünü iskan babalarımızın həyat və məişəti ondan sonra yaşayacaq adamlarımızın həyati müstəqbələ- sinə və vaqe olacaq hadisatın necə bir halda cərəyan edəcəyinə təqribən və təxminən də olmuş olsa, vaqif olmasına və həyat və məişəti bəşəriyyətin rifah və səadət üzrə ömür edilməsinə dilin zor bir təsiri olubdur, insanın hər bir ehtiyacını, ali fikirlərini qəlbində yaranan şairanə hisslərini ən yaxşı ifadə edən vasitə dildir. Göründüyü kimi, bu cümlələrdə dilin əsas mahiyyəti və vəzifələri güclü dilçi həssaslığı ilə müəyyənləşdirilmişdir.
"Həyat” qəzetində yazdığı məqalələrində bütün dillərin hüquq bərabərliyi, heç bir dilin digərindən üstün olmaması, təhsilin millətlərin öz ana dilində aparılması, dövlət idarələrində yerli əhalinin dilinin işlədilməsi kimi üç prinsipial müddəa irəli sürülmüşdür. U.Hacıbəylini düşündürən məsələlərdən başlıcası çar rejimi tərəfindən ’’tatar dili” adlandırılaraq, hər vasitə ilə sıxışdırılan Azərbaycan dilinin inkişaf etdirmək idi. Bu məqsədlə ’’Həyat” qəzetində nəşr olunan dil ilə bağlı elmi məqalələrində bu gün də öz nəzəri əhəmiyyətini itirməyən fikirlər söyləmişdir. "Üzeyir” imzası ilə "Həqiqət” qəzetinin 24 yanvar 1910-cu il tarixli nömrəsində çap etdirdiyi ”Dil” adlı məqaləsində yazır: "...hər bir millətin bütün milliyyəti ilə bəqasına baş səbəb onun dilidir və dilinin tərəqqisidir”. Dilin mahiyyəti ədib tərəfindən xarakterizə edilərək 1906-cı ildə irşad qəzetində yazılır ki, ’’...insan öz dilini bilməyəndə din də gedir, dil də gedir, millət də gedir”. Bir millətin ki dili batdı, onda o millətin özü də batar”
Ü.Hacıbəyli Azərbaycan dilində elmi dili inkişaf etdirən ədibdir. O dövrdə ictimai-siyasi həyatla bağlı mətbuatda xeyli əcnəbi sözlər işlədilmişdir. Bu sözlərin mənası oxuculara yad idi, tanış deyildi. O əcnəbi sözlərin mənasını və işlədilməsin! bilmək, ana dilin incəliklərinə yiyələnmək üçün bir vasitəyə ehtiyac duyulurdu. Belə bir vasitə isə lüğət idi. Ü.Hacıbəyli lüğətə əcnəbi sözlərin və ana dilini kamil öyrənmək işində, xalqın tərəqqisində, maariflənməsində və mədəniləşməsində mühüm rolu olan bir vasitə kimi baxırdı. Müəllif yazır: ’’Bunlar öz lisanlarını kami- lən öyrənmək üçün qəzetlərdən müstəfid olmaq istədikdə qamuş və lüğət kitabçalarını toşid etməlidirlər. Bunu da bilməlidir ki, qamuşsuz alim də olmuş ola - yazmaq, oxumaq çox çətindir. Qamuş hər bir yazıçını fahiş xətalardan çəkindirib, imla və inşasının səhhətini təmin edər”.Ü.Hacıbəyli 1906-cı ildə İrşad qəzetində ’’Lüğət” məqaləsində yazır ki, ’’qərəz görünür ki, lüğət qayırmağın təhərini bilən hələ yoxdur. Amma mən lüğət qayırsam çox yaxşı qayıraram. Hər sözün mənasını qandırandan sonra bir və iki timsal gətirib sözün mənasının lap yaxşı qandıraram”
Müəllif rus, Avropa mənşəli sözləri, eləcə də beynəlmiləl terminləri lüğətdə verməklə kifayətlənmir, eyni zamanda onların yazılışına xüsusi diqqət yetirmişdir. Lüğətin müqəddiməsində sözlərin necə yazılması və ondan necə istifadə edilməsi barədə yazılır ki, biz dəxi qəbul etmiş olduğumuz əcnəbi sözləri müxtəlif şəkildə yazırıq, məsələn, latınca olan ekonomiya sözünü bəzimiz ’’ekonomi- ya”, bir paramız "gkonomiə”, digərimiz "eqonomi” və sair tərzində yazırıq. Biz isə sözləri rusca yazılan kimi yazmişıq, məsələn, hər yerdə rusca ”k” eşidilən hərflərin əvəzinə ”q” istimal etmişik. Eyni zamanda, lüğətdə Avropa mənşəli sözlərin bir qisminin tələffüzünə uyğun yazılması və bəziləri-nin ərəb və fars sözləri ilə əvəzlənməsi haqqında belə bir izahat verilir: hal-hazır- da türki lisanına girmiş ərəb və fars əlfazısından basqa, bir qədər də əcnəbi Avropa təbiratı siyasiyəsi daxil olduğundan həmin tədbirlər dəxi əcnəbi tələffüzü ilə yazılıb mənası bəyan edilmişdir və bir çoxunun ərəb və farsca müqabili yazılmışdır. Lüğətdə verilən beynəlmiləl terminlərin əsasən böyük bir hissəsi tərcümə edilmədən olduğu kimi saxlanılmışdır. Alınma terminlərin qarşılığı düzgün müəyyənləşdirilmiş, bəzi terminlərin izahı bir neçə sözlə verilmişdir. Məsələn, vosstanie - qiyam, üsyan, bitva - dava, vuruşma, voyna - hərb, müharibə, cəng, dinastiya - xanədan, səltə-nət, sülalə, qosudarstvo - padşahlıq, dövlət və s. Bəzi terminlərin Azərbaycan dilində konkret qarşılığı göstərilmiş, onların mənası bir neçə sözlə qeyd edilmişdir. Məsələn, diviziya - əsgəri firqəsi, diktatura - hökumət mütləqa, müvəqqəta, bülleten - seçki kağızı, rəsmi elan, arxiv - köhnə kağız dəftərxanası.
Lüğətin ”Rusi-türk" hissəsi terminoloji lüğətlərin tərcümə tipini xatırladır. Burada rus və Avropa mənşəli sözlər əlifba sırası ilə sıralanmışdır.
Lüğətin ”Türki-rusi” hissəsi ikili tərcümə və izahlı xarakterlidir. Bəzi terminlər üçün Azərbaycan dilində konkret qarşılıq müəyyənləşdirilməmiş, onların mənası bir neçə sözlə şərh edilmişdir.
Ü.Hacıbəylinin 1907-ci ildə ibtidai məktəblərin birinci və ikinci şöbələri üçün tərtib edilmiş hesab dərsliyi hələ o dövrdə ziyaliların diqqətini cəlb etmişdir. "Tərəqqi” qəzeti yazırdı: "Hesab məsələləri” müəllim Üzeyirbəy Hacıbəyovun əsəridir, gözəl üsul ilə tərtib edilmişdir. Azərbaycan türki şivəsində olduğundan məhəlli məktəblər üçün faydalı və lazımlıdır”. Ü.Hacıbəyovun ’’Hesab məsələləri” dərsliyinə qədər riyaziyyata dair Azərbaycan dilində heç bir mənbə, dərslik olmamışdır. Dərslik 3 hissədən (birrəqəmli ədədlər, yuvarlaq onluqlar, ikirəqəmli ədədlər) ibarət olub, bura daxil edilmiş məsələlər pedaqoji tələblərə cavab verən ardıcıllıqla düzülmüşdür. O dövrün pedaqoqları dərsliyi Azərbaycan məktəbləri üçün faydalı və lazımlı vəsait hesab etmişdir. Kitabçada 352 məsələ verilmişdir. Ü.Hacıbəyli dilçilikdə ahəng qanunu, səs uyumu, sinharmonizm terminləri ilə adlanan və sonralar bir çox elmi tədqiqatların mövzusu olmuş bu fonetik hadisəni bir dilçi-mütəxəssis həssaslığı ilə duymuş və hələ 1908-ci ildə onun dilin gözəlliyi üçün mühüm amil olduğunu vurğulamışdı. Qeyd edir ki, türk dilində "hansı ki”, "hansılar ki”, sözü yoxdur. Mən də deyirəm ki, bu sözü tərcümə üsulu ilə dərs verən müəllimlər, rusun "kotorıy” kəlməsini tərcümə etmək üçün özlərindən çıxardıblar; onun istemalı lüzumsuz bir ağırlıqdır”.
’’Dilimizi korlayanlar” məqaləsində yazılır ki, bizim axundlar ilə artistlərimiz bir-birinə zidd və müxalif siniflərdir. Elə bunun özü ki, mən axund ilə artisti bərabər qoydum, onların heç birinin xoşuna gəlməyəcəkdir. Faktlarla əsaslandırılır ki, axund bir adama salam verəndə farsca- dan tərcümə eləyir, dilimizin sərf-nəhvini bilmir, ona görə də mətləb dolaşıq düşür. Artistlərin afişasında yazır: ”Bu gün Tağı- yevin teatrında oynanılacaqdır suznak bir faciə ’’Gaveyi ahəngdar. Fasilələrdə çalacaq tarzən və oxuyacaq xanəndə, filanın rolunu oynayacaq məşhur filan artist”.
Bununla da Üzeyir bəy bütün həyatı boyu silsilə məqalələrində ana dilinin aktual problemlərinə xüsusi diqqət yetirmiş və Azərbaycan dilinin saflığının qorunması, onun inkişaf etdirlməsi istiqamətində ardıcıl olaraq mübarizə aparmışdır.
