Ordumuz
Bir neçə zaman bundan əvvəl parlaman iclaslarının birində hərbiyyə nazirimiz general Səmədbəy Mehmandarovun ordumuzun təşkili həqqındakı bəyanatını dinlədik. Ordu görməmiş, rəsmi əskərliyə adət etməmiş olan millətimiz içində birinci qədəm olaraq ordu təşkil etmək işinin nə qədər çətin bir əmr və bu işin bu qat-qarışıq zamanda nə tövr müşkülat və maniələr qarşısında əngəllərə düçar olduğunu eşidib, bütün çətinliklərini təsəvvürə gətirməklə bu çətinlikləri rəf və izalə edəcək olan zatın nə qədər sahibi-qüdrət və maliki-qüvvət bir orqanizator olması lüzumunu da dərk etdik. Bu təsəvvüratdan hasil olan təəssüratın o rəng və ya bu rəngdə olması hərbiyyə nazirimiz olan general həzrətlərinin istedadına bağladığımız ümidin qəvi və ya zəifliginə vabəstə idi. Rus ordusunda əskərlik istedad ilə məxsusi bir məqam qazanmış və Port-Artur mühasirəsində böyük qəhrəmanlıqlar göstərməklə ad çıxarmış olan Səməd bəy həzrətlərinin bacarıq və istedadi-əskəriyyəsinə ümidimiz bər kamal idi. O idi ki, general həzrətlərinin bəyanatını dinləyib də ordu təşkili işimizin bütün çətinliklərini təsəvvürə gətirməklə bərabər, general həzrətləri bu çətinlikləri rəf edər deyə ümidvar olduq.
Ümidvar olmağımızda da səhv etmədik. Həqiqət Gəncədə “Novruz" münasibətilə qurulmuş olan Azərbaycan ordusu rəsmi keçidini gördükdən sonra, ordu təşkili işimizin kəmali-intizam ilə irəli getdigini bileyn müşahidə edib qəlbimizdə dərin bir əminlik hasil olduğunu hiss etdik.
Ordu təşkili işimiz, bu intizam ilə dəvam edirsə bir qədər zamandan sonra mükəmməl bir ordusilə sayılan bir dövlət olduğumuzu hər kəs iqrar etməgə məcbur olacaqdır.
Arzumuz budur ki, qoşunumuzun bir kərədə mancvrasını görək. Boylə manevra ki, böyük bir əndazədə qurulub ordu hissələrimizin hər bir əməliyyatına şamil və came olsun. Ümid edirik ki, havalar düzəldikdən sonra general həzrətləri bunu da bizə göstərməklə qəlbimizi şad etməkdən əlavə, aramızda əskərlik hissiyyat və həvəsini qat-qat artmasına da böyük bir səbəb olarlar. Bunu intizar etməklə bərabər cəhandidə və kar azmudə nazirimizə artıq-artıq müvəffəqiyyətlər diləməkdəyiz.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 130.
