Üzeyir Hacıbəyli

Ordan-burdan

"Novoye vremya" qəzetində yazdığı beş-altı sətir şeylər əvəzində 12 min manat məvacib alan Stolıpin (baş vəzirin qardaşıdır) İran barəsində belə yazır:
"Bir rus qulluqçusu Zakaspi oblastda iranlı kəndinə gedib mehmannəvaz bir iranlının evində qalır. Çörək yedikdən sonra haman qulluqçu papiros çəkib spiçkanın qutusunu yerə atır. İranlı tez qutunu götürüb başlayıb ora-burasına tamaşa eləməyə..."
(Yəni deyir, iranlı o qədər vəhşi idi ki, spiçka qutusu da görməmişdi).
"Qutunun üstündə Pyotr Kəbirin şəkli vardı..."
Mən 25 ildir ki, papiros çəkib, min cürə spiçka qutusu görmüşəm. Heç birinin üstündə rus padşahı Pyotr Kəbirin şəklini görməmişəm.
"Qulluqçu şəklin kim olduğunu iranlıya qandırdıqda, iranlı ona ehtiram etməyə başlayır, öpür və kəmali-təntənə və dəbdəbə ilə spiçka qutusunu yuxarı başa qoyub deyir ki, bunu iki gözüm kimi saxlayacağam".
(Bəli! Yəni iranlılar vəhşilikdən savayı bir də çox padşahpərəstdirlər, demək istəyir).
"Mən İranda olmuşam, amma məndən ötrü çox təəccübdür, nə təhər oldu ki, iranlılar birdən inqilab başladılar?"
(Yəni deyir: Necə ola bildi ki, vəhşilikdən spiçka qutusunu öpüb gözlərinin üstünə qoyan iranlılar, birdən hürriyyət və azadlıqdan dəm vurmağa başladılar? Bunlar haman iranlılar dəyillərmi ki?).
"Dəmir yolunda işləyən zaman iki min nəfərləri bir balaca türkmən dəstəsi qabağından dovşan kimi qaçırdılar?.. Bu tayfa cəmi-cümlətanı bir iyirmi ilin ərzində bu qədər dəyişə bilərmi? Buna inanmaq çətindir."
(İndi ağzımı açıb burada bir neçə söz deyərəm... sonra məni qınayarlar).
"Yox, mən inanmıram İran inqilabına. Bu nə inqilabdır ki, beş yüz qazağın rus polkovniki sərkərdəliyi ilə olan hücumu ilə sakit oldu..."
Cənab yazıçının daldakı sözlərindən bu çıxır ki, şah özü tazə fikir sahibli bir adamdır və camaat o ağılda ola bilməz və iranlılar şah ilə hürriyyət davası etməyib, bəlkə cəhalət davası edirlər.
Şahın tazə fikir sahibi olduğunu yazıçı cənabları yəqin kəsilmiş başlardan, cırılmış qarınlardan və asılmış bədənlərdən bilir. Doğrudan da, ölülərin qarnını cırmaq tazə fikirdir! Amma Stolıpin cənabları isə, bu da İran işlərində taza cahildir, zira ki, - "iranlılar inqilab bacarmazlar, çünki bir İran kəndlisi spiçka qutusunu öpmüşdü və beş-altı hambal da türkmənlərdən qorxmuşlar". Demək, məntiq cəhətincə böyük bir cəhalətdir və Mələkəl-Mütəkəllimeynləri, Cahangir xanları, Təbatəbai və s. hürriyyət qurbanlarını şahdan ağılsız hesab etmək - insaf cəhətincə böyük bir ağılsızlıqdır.

                                                                                                                                                   Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 8-9.