Tazə il, tazə meydan
Pəncşənbə günü Qəməri il, cümə günü də Şəmsi il tazalandı.
Köhnə il bizə nə verdi, tazə il nə verəcəkdir?
Bu sualı edənlər o adamlardır ki, özlərini zaman nəhri içində cərəyan edən həvadisə tabe buraxıb, nə möclər ilə mübarizə etmək, nə də ki, sahili-səlamətə çıxmaq fikrində-deyildirlər.
Cərəyani-həvadis bunları nerəyə sövq edəcəksə, etsin, heç fərqi yoxdur.
Lakin belə olmaq yaxşı deyildir. Çünki hər bir nəhrdə şiş-şiş daşlar, qayalar olmaqdan başqa bir çox nəhrin də axırı dəryanın qəri-nayabıdır.
Doğrusu, biz belə sual verməliyik: köhnə ildə nə qazandıq, tazə ildə nə qazanmalıdır?
İnsan ildən-ilə böyüyür, irilənir, lakin bu böyüməklik, yalnız bir bədənimizin cismani böyüməkliyi deyildir. İnsan mənən də böyüyür. Hər il insanın təcrübəsi artır, biliyi çoxalır, daireyi-nəzəri genəlir. Əvvəlcə inanmadığı bir çox şeylərə inanır, əvvəlcə inanmış olduğu bir çox şeylərdən soyuyur, bir çox qaranlıq şeylər onun üçün işıq olur, belə olmaqla bərabər, hər bir tazə il hülul etdikdə köhnə il insan üçün bir dərsi ibrət olur...
Huşiyar insan tazə ilə qədəm qoyduqda köhnə ildə başına gələn qəziyələri, giriftar olduğu fənalıqları, o fənalıqların nədən və nerədən əmələ gəldiklərini xatirinə gətirib səy edir ki, tazə ildə özünü belə fənalıqlardan qorusun, o fənalıqların zühuruna mane olsun. Vay o adamların halına ki, köhnə ilin dərsi ibrətlərini nəzəri-etibarə almayıb fəramuş edələr! Keçən ilin dərslərini dürüst öyrənməmiş şagird tazə ildə cürbəcür çətinliklərə düşən kimi, bunlar da tazə ildə müxtəlif məşəqqətlərə düçar olub, belə məşəqqətlərdən xilas olmaq yolunu bilməyəcəklər və özlərini şaşırıb onsuz da ağır olan məişətlərini daha da müşgülata salacaqlar. Belə olan surətdə yaxşı dəyilmidir ki, hər bir il özümüzü tazə il üçün hazırlayaq, yəni məişətimizi yüngül edəcək, özümüzü ağıllandıracaq və tərəqqi verəcək olan hər bir yaxşını inadlıq etməyib öyrənək və özümüzə zərər yetirən hər bir fənalığın dəfinə çalışaq, zühuruna razı olmayaq.
Heç kəs istəməz ki, bir dəfə düçar olduğu məşəqqət, fənalıq bir də təkrar etsin. Lakin onu istəməyən şəxs haman o bollu məşəqqət və fənalığın dəfi yolunu da bilməlidir. Bilmək üçün də öyrənmək lazımdır. Öyrənmək də məlum olduğu üzrə elm və təcrübə ilə nəşvü nüma edər.
O adamlar ki, onların “günü keçibdir”, yalan-doğru təcrübələr sayəsində bir nov gün keçirirlər. Lakin o insanlar ki, onların gələcəyi qabaqdadır və hal-hazırda qəyyumlar əli altında yaşamağa məcburdurlar, onları daim elmsiz, biliksiz buraxmalıdırmı! Xeyr, onları, o balaca insanları gələcək həyat üçün hazırlamamaq insaf deyildir. Və illa gələcəkdə onların işinə hər nə fənalıq gəlsə, hər nə məşəqqət üz versə, hamısının məsuliyyəti indiki qəyyumlarının üzərinədir. Allah- taala birisinə bir övlad kəramət etdikdə, onun qəlbinə evladına qarşı bir hiss-məhəbbət qoyur ki, o məhəbbət onun üçün balanı baldan şirin edir. Lakin balaya yalnız bir quru məhəbbət göstərmək azdır, çünki əgər iş yalnız məhəbbətə qalsa, onda bala öz valideynindən heç bir mənfəət görməz. Halbuki valideyn isə haman hissi-məhəbbətindən ruhani bir ləzzət almağa başlar. Balanın canını sevən ata, ana, onun qeydinə də qalmalıdırlar ki, bu şirin və əziz bala dünyada sərbəst yaşamağa qədəm qoyduqda məişətinin tikanlı yolundan qorxmasın, mübarizeyi-həyatiyə meydanında qorxudan bağrı yarılmasın. Mübarizəyə girişməyə məcbur olduqda həvadisin birinci zərbəsi altında tələf olmasın... Qərəz...
Hər bir tazə il insan üçün tazə bir meydani-mübarizə təşkil edir. Bu meydanda həyat mübarizəsi vaqe olur. İnsanlar, ilk meydana axdığı cərəyan-həvadis ilə mübarizə və müharibə eliyirlər. Vay o adamın halına ki, bu meydani mübarizəyə əvvəl dəfə qədəm qoyduqda nə qılıncı ola, nə qalxanı.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 131-133.
