Azərbaycan incəsənətinə böyük mükafat
Mən otuz ildən artıqdır ki, böyük xalqım üçün əsərlər yaradıram. Musiqi həyatına çarizmin ağır və fərəhsiz zamanında başlamışam. Lakin öz liramı elm, incəsənət və ədəbiyyatın coşqun tərəqqisi epoxasına gətirib çatdıra bildiyimlə özümü xoşbəxt hesab edirəm.
Həyatımda fərəhli dəqiqələr olmuşdur. Lakin hələ bugünkü kimi xoşbəxt gün görməmişəm. Doğma hökumətimin qərarı ilə bir çox başqa incəsənət işçiləri sırasında mən də yüksək mükafata-hökumət mükafatına layiq hesab edilmişəm.
Mənə "Koroğlu" operası üçün mükafat verilmişdir. Bu opera uzun illər boyunca qızğın işin məhsuludur. Mən bu əsəri yaradarkən xalq incəsənəti xəzinəsindən, böyük qəhrəman haqqında gözəl dastanlardan, Koroğlu kimi gözəl qəhrəmanlar yetişdirmiş xalqın ona bəslədiyi böyük məhəbbətdən ilham almışam.
Mən "Koroğlu" operasını yaradarkən həmişə Kommunist Partiyasının və Sovet hökumətinin mənim qayğıma qaldıqlarını, yaradıcılığımın qayğısına qaldıqlarını hiss edirdim. Bu qayğı və diqqət hökumətimin qəbul etdiyi qərarda özünü xüsusilə göstərir.
Yüksək mükafatdan son dərəcə şadam. Bu mükafat yeni əsərlər üzərində daha qızğın işləyərək sosializm vətəninin musiqi incəsənətinə öz bacardığım payı vermək vəzifəsini üzərimə qoyur.
İndi mən iki böyük əsər-opera üzərində çalışıram. Bunlardan biri gözəl həyatımızın adamları haqqındadır.
İkinci operamı isə işğalçılara qarşı qızğın mübarizə aparmış Azərbaycanın xalq qəhrəmanı Babəkə həsr edirəm.
Mənim üçün böyük bayram olan bu gündə mən Azərbaycan incəsənətinə çox böyük fikir verdiklərinə görə hökumətə, partiyaya ürəkdən təşəkkür edirəm.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 231-232.
