Üzeyir Hacıbəyli

Dövrümüzə layiq musiqi əsərləri yaradaq: [Ü. Hacıbəyov yoldaşın məruzəsindən]

Böyük Vətən müharibəsi başlanan gündən bütün sovet xalqı vahid bir qüvvə kimi ayağa qalxıb silaha sarıldı. Ana Vətənini canından artıq sevən sovet xalqı əcdadımızın qanı bahasına qazanılan öz azadlıq və istiqlaliyyətini yırtıcı alman-faşist işğalçılarından müdafiə etmək üçün cəbhələrə atıldı və amansız döyüşlərdə igidcəsinə çarpışmağı müqəddəs bir borc bildi. Cəbhə arxasında - fabrik və zavodlarda, kolxoz tarlalarında elm, mədəniyyət, incəsənət sahəsində çalışan sovet adamları da səfərbər olunub doğma Qızıl Ordumuza, cəbhəyə layiqincə kömək etmək arzusu ilə bütün qüvvələrini, bacarıqlarını, qabiliyyət və istedadlarını sərf etdilər və edirlər.

Müharibənin ilk günlərində vətəni müdafiə etməyə gedən oğullarımızın sırasında gənc bəstəkarlarımız da olmuşdur. Bunlardan Məhəmməd İsrafilzadə, Rauf Hacıyev, Koşaçkov, Qurban, Srebnitski, Terteryan və başqalarını göstərmək olar. Bəstəkarlarımızdan Əşrəf Abasov, Fikrət Əmirov və Abram Kabakov cəbhədə igidliklə vuruşmuşlar. Andrey Babayev, Burşteyn və başqa bəstəkar yoldaşlarımız hazırda Qızıl Ordu hissələrində çalışırlar.

Müharibə dövründə bəstəkar yaradıcılığı müəyyən dərəcədə inkişaf etmiş və xalqımızın, Qızıl Ordu döyüşçülərinin vətənpərvərlik ruhunu daha da coşduran bir sıra musiqi əsərləri, o cümlədən yürüş mahnıları və marşlar yaradılmışdı. Bu musiqi əsərləri artıq xalqın malı olmuşdur və hər yerdə, xüsusilə Qızıl Ordu hissələrində sevilə-sevilə ifa olunmuşdur.

Müharibə zamanı yaranan "Cəngi", "Qəhrəmanı" kimi musiqi əsərləri xalqın ruhunu oxşayır və təqdir edilir.

Lakin son illərdə musiqi sahəsindəki yaradıcılıq işlərimizi qiymətləndirirkən "böyük əsərlər yaratmışıq" deyə arxayınlaşmağa və sakitləşməyə qətiyyən haqqımız yoxdur. İstər ayrı-ayrı bəstəkarlarımızın yaradıcılıq cəhətcə inkişafı işində və istərsə bəstəkarlar ittifaqının işlərində hələ bir sıra mühüm nöqsanlar vardır.

Məlum olduğu üzrə, müharibə bəstəkarın əsas diqqətini cəbhə hadisələrinə cəlb etdi. Bu, belə də olmalı idi. Çünki hər sənətkar öz dövrünün tələblərinə cavab verməyə, xalqın həyat və mübarizəsini tərənnüm etməyə borcludur. Buna görə də bəstəkarlarımız dinc yaradıcılıq illərinə aid mövzulardan, xüsusilə tarixi mövzulardan nisbətən uzaqlaşmalı oldular. Lakin bu heç də o demək deyildir ki, biz tarixi mövzulardan tamamilə əl çəkməliyik. Yox, belə düşünmək səhv olardı. Biz xalqımızın səadəti uğrunda əsrlər boyu mübarizə etmiş böyük əcdadımıza, tarixi qəhrəmanlarımıza sonsuz məhəbbət bəsləyir və onlarla fəxr edirik. Ancaq bununla bərabər biz təkcə keçmişimizi tərənnüm etməklə kifayətlənə bilmərik.

Tarixdə misli görünməyən qəhrəmanlıq nümunələri göstərən sovet adamları biz bəstəkarlardan bu günkü mübarizəmizi yüksək bədii dolğunluqla əks etdirməyi tələb edirlər.

Biz müharibə zamanı istər cəbhədə, istərsə də arxada son dərəcədə mürəkkəb və maraqlı hadisələrin şahidi olmuşuq. Bu hadisələrin hər biri gözəl bir musiqi əsərinin mövzusu ola bilər. Böyük fədakarlıqla və hünərlərlə dolu olan bu hadisələrin musiqidə və bütün sənət əsərlərində həqiqi surətdə əks etdirilməsi xalqımızın yeganə arzusudur. Bəstəkarlarımız həyatımızı, qəhrəmanlarımızı dərindən öyrənmək və gərgin zəhmət sərf etmək yolu ilə dövrün tələbinə layiq musiqi əsərləri yarada bilərlər.

Sovet bəstəkarları öz yaradıcılığını inkişaf etdirmək üçün yalnız həyata söykənməli və adamlarımızın mübarizəsindən ilham almalıdır. Biz ətrafımızda törənən hadisələrə laqeyd baxa bilmərik. Öz yaradıcılığında həyatdan qida almayan, xalqın ruhunu bilməyən, mübarizədən kənarda qalaraq hadisələrə qarşı laqeyd olan sənətkar cəmiyyət üçün deyil, yalnız özü üçün yarada bilər.

İncəsənətimizin inkişafına daima böyük qayğı və diqqətlə yanaşan partiyamız xalqın mübarizə ruhunu tərənnüm edən gözəl musiqi əsərləri yaratmaq üçün həyatdan ilham almağı dəfələrlə bizə göstərmişdi.

Azərbaycan sovet musiqisini inkişaf etdirmək üçün hər şeydən əvvəl bəstəkarlar ittifaqının işlərini yenidən qurmaq, canlandırmaq və genişləndirmək lazımdır. Bizim bəstəkarlar İttifaqı hələ gəncdir və üzvləri də nisbətən azdır.

1932-ci ilə qədər Azərbaycanda cəmi 5-6 nəfər bəstəkar var idi. Dövlət konservatoriyası və musiqi məktəbləri düzəldikdən sonra gənclərimiz geniş surətdə musiqi təhsilinə başladılar. Biz bu məktəblərdə musiqi icraçıları ilə bərabər, istedadlı gənclərdən bəstəkarlar da yetişdirməyə diqqət verdik. Bunun sayəsində hamımızın fəxri olan gənc bəstəkarlar yetişdi. İndi bu bəstəkarların əsərləri filarmoniyada, radioda və səhnələrimizdə müvəffəqiyyətlə ifa olunur. Lakin gənc bəstəkarlarımız musiqi elmini dərindən mənimsəməli və kamil bir sənətkar olmaq üçün hələ çox oxumalı, öyrənməli və geniş məlumat sahibi olmağa çalışmalıdır.

Hazırda Azərbaycan sovet musiqisinin qarşısında duran ən başlıca vəzifələrdən biri Ümumittifaq miqyasında təqdir olunan və bütün Sovet İttifaqı xalqlarının malı ola biləcək, bədii cəhətdən yüksək əsərlər yaratmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün birinci növbədə gənc bəstəkarlarımızın, xüsusilə konservatoriyada oxuyan tələbələrin musiqi təhsilini təkmilləşdirməyə çalışmalıyıq. Bəstəkarlar İttifaqının yeni seçilmiş idarə Heyəti bu mühüm cəhətə xüsusi fikir verməli və gənclərin musiqi elminə dərindən yiyələnməsi işi ilə bilavasitə məşğul olmalıdır. Ayrı-ayrı bəstəkarlarımızın yaradıcılığına kömək etmək, onların əsərlərini müntəzəm surətdə təhlil və tənqid etmək, düzgün yol göstərmək üçün bəstəkarlar İttifaqı yanında tənqid bölməsi yaradılmalıdır. Bizim bəstəkarlar İttifaqının işində daha ciddi bir nöqsan vardır ki, onu göstərmək lazımdır. Bəstəkarlar İttifaqı adətən yalnız musiqi sahəsinə yenicə atılan gənc bəstəkarların əsərləri ilə maraqlanır. Bu əsərlər İttifaqda ifa edilir, təhlil və tənqid olunur. Az-çox tanınmış bəstəkarın əsərləri isə İttifaqda oxunub təhlil olunmur və onların nöqsanları öz vaxtında tənqid edilmir. Görünür ki, bizim bəzi bəstəkarlar İttifaqın rəyi ilə hesablaşmaq istəmirlər. Bu isə qətiyyən düzgün deyildir. Elə etmək lazımdır ki, İttifaqın xəbəri və müəyyən rəyi olmadan yeni yazılan heç bir musiqi əsəri özbaşına və ya digər bir müsamirədə ifa olunmasın. Hər bir bəstəkarın əsəri dərindən və geniş surətdə müzakirə və tənqid olunmalı, ayrı-ayrı yoldaşların əsər haqqındakı yaxşı fikirləri ilə mütləq hesablaşmalıdır. Əgər bir bəstəkar həqiqətən öz yaradıcılığını inkişaf etdirmək istəyirsə, o, tənqidi sevməli, öz əsəri haqqında söylənilən fikirləri diqqətlə dinləməli, nöqsanlarını ləğv etməyə çalışmalıdır. Sənət yalnız səmimi yaradıcılıq mübahisəsi, tənqid yolu ilə inkişaf edə bilər.

Bizdə musiqi əsərlərinin çap olunub vaxtlı-vaxtında xalqa çatdırılması işi də yarıtmaz bir haldadır. Yaranan və bəyənilən hər bir musiqi əsərini açıq müsamirələr, radio verilişləri vasitəsilə camaata çatdırmaq, xalqın bu əsəri necə qarşıladığını öyrənmək lazımdır.

Bəstəkarlar İttifaqı gənc bəstəkarların yaradıcılıq ezamiyyətinə göndərilməsi üçün indiyədək heç bir təşəbbüs göstərməmişdir. Halbuki ayrı-ayrı yoldaşların qardaş respublika və şəhərlərə, xüsusilə Ermənistana, Gürcüstana və Moskvaya arabir yaradıcılıq ezamiyyətinə göndərilməsi, onların yaradıcılıq cəhətindən inkişaf etməsinə çox kömək edər. Beləliklə, biz qardaş xalqların musiqi mədəniyyəti ilə yaxından tanış olar və təcrübə mübadiləsi vasitəsilə Azərbaycan sovet musiqisini inkişaf etdirərik.

Bizim musiqi nəşriyyatımızın işləri də geridə qalır. Bir musiqi əsərinin çap olunub üzə çıxarılması illərlə süründürülür. Məsələn, "Koroğlu" operası 8 il bundan əvvəl yazılmışsa da, onun klaviri indiyədək nəşr edilməmişdir. Otuz il bundan əvvəl yazılan və 34 dilə tərcümə olunan "Arşın mal alan" musiqili komediyasının hələ bu günədək çap edilmiş klaviri yoxdur. Bütün bunlara baxmayaraq, Azərbaycan musiqi nəşriyyatı "Mənim xəyalım", "Mənim eşqim" kimi məzmunsuz, cəfəng şeyləri çap edib satışa buraxır. Bu da musiqi nəşriyyatı işinə məsuliyyətsizcəsinə yanaşmaqdan irəli gəlir.

Bu vəziyyətə qəti son qoymaq, musiqi nəşriyyatı işini yenidən qurmaq və elə etmək lazımdır ki, həm musiqi əsərlərimiz, həm də musiqiyə aid dərs kitabları vaxtında nəşr edilsin və camaata çatdırılsın. Azərbaycan sovet musiqisinin sürətlə inkişaf etməsinə mane olan bütün nöqsan və əngəlləri aradan qaldırmaqla, bəstəkarlarımızın musiqi elminə dərindən yiyələnməsi, onların elmi biliyinin artması işi ilə hər gün, hər saat məşğul olmalı və Qızıl Ordumuzun şanlı qələbələrinə layiq, əsrimizə layiq, insanı valeh edən gözəl musiqi əsərləri yaratmalıyıq.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- II cild.- S. 180-183.