"Tərcüman" nə deyir, nə söyləyir?
Biz "İrşadın keçən nömrələrində yazmışdıq ki, dumanın sağ tərəfi, yəni pruşkeviçlər, şulginlər və sair mühafizəkar və zülmətpəsəndlər dumanı bir "yəhudi yığıncağı" deyə hesab edib, dağıdılmasını arzu etdikləri üçün bu arizuyi-nifrətəngizi hüsulə gətirməkdən ötrü istəyirdilər ki, sol tərəf üzvülərin hərəkati-ifratpərvəranəsindən istifadə edərək, dumanı elə bir hala qoysunlar ki, hökumət tərəfindən dağıdılması naçar olsun. Bunun üçün onlar bir gün surəti-rəsmiyyədə duma əhlinə təklif etdilər ki, bütün duma, Rusiyada davam edən siyasi qətl, cinayətlərə qarşı izhari-nifrət etsin.
Bu təklifin nə qədər yersiz olduğunu və bu günə təkliflərin duma vəzifəsinə bir o qədər aid olmadığını biz keçən nüsxələrdə yazmışdıq və onu da demişdik ki, duma sağların bu məsələsinin həllini gələcək günlərə saxlayıbdır. O vaxtdan bəri məlumdur ki, dumanın hər bir fraksiyası bu məsələ barəsində düşünüb, yəqin müəyyən bir fikir hazırlayıb. Burada bizim diqqətimizi artıq cəlb edən o idi ki, görək dumanın müsəlman fraksiyası ki müsəlman ittifaqının mərkəzi komitəsi üzvləri ilə bərabər iş görməyə başlayıbdırlar, bu məsələyə dair nə qərar ittixaz edəcəkdir. Biz bu qərarı, təkrar edirəm, böyük bir diqqət İlə gözləyirdik, çünki məsələ çox "nazik" olduğundan qorxurduq ki, birdən müsəlman fraksiyası əhyana səhv düşüb, özünü "komprometirovat" eylər, yəni bütün həqiqi hürriyyətpərvərlər gözündə etibardan düşməyə məcbur olar. Lakin digər tərəfdən duma üzvlərinin və xüsusilə mərkəzi komitə əzasının sahibi-ittila və bəsarət olduqları bizi bir qədər arxayın edirdi. Gözləndiyi üzrə müsəlman şöbəsi həmin dediyimiz məsələni bu günlərdə müzakirə edib, öz qərardadlarını bəyan etdilər və biz kəmali-xoşnudi və məsərrət ilə bildik ki, bizim duma müsəlman şöbəmiz bu məsələyə dair belə bir layiqli qərardad ittixaz edibdir ki, onun ixtisari budur:
"Siyasi qətl və cinayətlərin törənməsinə və davamına səbəb davam edən tərzi-idarənin baqi qalması olduğuna görə bu tərzi-idareyi- müstəqilə tərzi-idareyi-məşrutiyyətə münqəlib olduğu halda, siyasi qətl və cinayətlərə dəxi məhəl qalmayıb, öz-özünə yox olacağını nəzərə alıb, fraksiya sair məsələlərin həllinə keçir.
Sağlardan səvayı bütün duma fraksiyalarının da qərardadlarının bu məzmunda olacağına şübhə yoxdur. Biz böyük bir ümiddə idik ki, bütün müsəlman mətbuatı duma müsəlman şöbəsinin bu qərardadını böyük bir razılıq ilə tələqqi edər. Lakin nə deyirsiniz ki, 25 yaşında olan "Tərcüman" babamız müsəlman şöbəsinin bu qərarını bəyənmir.
İdarə təqribən bu sözləri deyir:
"Biz müsəlmanlardan siyasi qətillər işində iştirak edən və hürriyyət fədaisi olan bir adam dəxi olmamışdır. Ona görə yaxşı olardı ki, bu məsələ barəsində bizim üzvlər heç bir söz deməyib, sükut edəydilər və öz rəylərini izhardan çəkinəydilər, çünki sükut üstündə heç kəs bizi məsul tutmaz", amma danışıb söz desək - bunu da biz əlavə edirik - olsun ki, sağların və sağ havaxahlarının nəzərindən düşək.
"Tərcüman"ın bu təklifi, sözün açığı, bizi bir çox özgə fikirlərə salır. Biz heç anlaya bilmirik ki, "Tərcüman" bizim vəkillərimizə belə bir nalayiq təklifi ibraz etdikdə, onları nə hesab edir və nə yerində qoyur. Fərz edəlim ki, "Tərcüman" indi, hətta, "əsil müsəlman" nöqteyi-nəzərindən işə baxır. Bu nəzərdən də onlara "sükut" təklif etməyi movcibi-istiqrardır. Bu məsələ, ümumi bir məsələdir, lakin o ümumi məsələlərdən deyildir ki, ona cavab verməmək və o xüsusda bir rəy izhar etməmək, üzvləri məslək və əqidə sarıdan sairlər gözündə şübhədar etsin. Məsələn; büdcə məsələsi dəxi ümumi və ən əhəmiyyətli bir məsələdir. Lakin əgər üzvlərdən bir parası bu məsələ xüsusunda "sükut" ixtiyar edib, bir söz danışmasa, sairlər güman edə bilər ki, bəli, bu üzvlərin büdcə məsələsinə əhliyyətləri yoxdur və o səbəbdən naşi izhari-rəydən çəkinirlər. Lakin, "siyasi qətl və cinayətlərə qarşı etiraz etmək" məsələsi elə bir ümumi məsələdir ki, o xüsusda bir rəy izhar etməkdən ötrü xüsusi bir biliyə ehtiyac yoxdur. Binaənəleyh bu barədə bir rəy izhar etməyib də "sükutə" dalmaq, sairləri şəkk və şübhəyə salmaqdır. Halbuki, bu məsələni dumaya verən sağlardır və nə niyyətlə verdikləri də hər kəsin məlumudur və məsələnin müzakirəsində iştiraki lazım olan dəxi bir iki bitərəf üzv deyil, dumada xüsusi bir ad və bir məhəl tutan müsəlman şöbəsidir. İş belə olan surətdə bu kimi məsələ xüsusunda izhari-rəydən çəkinib "sükut" ixtiyar etmək, bütün vəkaləti-milliyəyə qarşı iştə bu sözləri deməkdir: "Ay sağlar, biz sizin sözlərinizi təsdiq edirik, lakin dinməyib sükut ixtiyar edirik ki, sol tərəf bizdən inciməsin". Yainki belə: "Ay sollar, sizin sözləriniz həqdir, lakin biz bu barədə izhari-rəy etməyib, qorxuruq ki, sağlar bizdən incisin!."
Zənn edirəm, əsil bu sözləri bəyan edən vəziyyət, - ki, "Tərcüman" müsəlman vəkillərinə təklif edir - nə sağlara xoş gələr, nə də sollara, bəlkə hər iki tərəfi narazı edib, müsəlman şöbəsini etibar və etinadan tamamilə salar.
İndi keçəlim "Tərcüman"m bu sözlərinə ki, deyir: biz müsəlmanlar azadlıq hərəkatında əməl və fel ilə iştirak etməyibdirlər. Bu söz doğrudur, bu hər uşağa məlum bir həqiqətdir. Lakin nə üçün biz müsəlmanlar azadlıq hərəkatında əməl və hətta qövl ilə də iştirak etməmişik? Çünki bizim külliyyətimiz haman idareyi-müstəbiddənin hökmü-fərmalığı sayəsində cəhalət içində qalıb, azadlıq hərəkatının mənasını anlamırıq.
Lakin bizim ziyalı vəkillərimiz bu bəhanə ilə dumada "sükut" ixtiyar edə bilməzlər. Çünki etsələr, özləri də haman azadlıq hərəkatının mənasını anlamayacaq dərəcədə cahil olduqlarını iqrar edərlər. Ondan sonra onların gələcəkdə söyləyəcək olduqları sözlərə heç bir kəs məhəl qoymayıb, cahil üzvlər əvəzində aqil və sahibi-ittila adamların sözü keçməsini əfzəl tutarlar.
Xülasə, "Tərcüman" rəfiqimizin müsəlman şöbəsi qərardadı xüsusunda idarədən əlavə etdiyi qərardad və "təklif" bizi artıq mütəəccıb qoyub, bu cürə suallara sövq edir ki, "babamız" nə deyir, nə fikr edir və axır məqsədi nədir?
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 321-326.
