Ordan-burdan: [İrana dair aşıq nağılı]
Elə ki Təbriz "guruldadı", Əmir Bahadır Cəng başılovlu yüyürdü Şeyx Fəzlullahın yanına, şeyx bunu görüb qorxdu və dedi: ya Əmir! Bu nə pəjmürdə haldır, əhvalın nə üçün belə pərişandır? Onda Əmir Cəng əlini qulağının dibinə qoyub bir Qarabağ şikəstəsi çağırdı və dedi:
Bağda gülüm sıx-sıxdı
Düşmən vurdu, dost yıxdı.
Belə boynu sınmış Eynüddövlə -
ay Şeyx Fəzlullah
Çürük qoz kimi boş çıxdı.
Şeyx həzrətləri bu xəbəri eşidən kimi qəlbindən bir ah çəkib, o da əlini qulağının dibinə qoyub, cavabında bu bayatını oxudu:
Mən aşıq, o kəndə də,
Belə o kəndə də, bu kəndə də.
Səni görüm belin sınaydı,
Səttarxanı əkən dədə.
Bu əsnadə bir neçə Tehran qırmızı saqqalları Əmir ilə şeyxin bu sədalarını eşidib, yüyürüb gəldilər və soruşdular ki, aya, nə vaqe olubdur və elə ki əhvalatdan xəbərdar oldular, həman dəm onlardan biri əlini qulağının dibinə qoyub çağırdı:
Saraya bax, saraya,
Sarı köynək saraya,
Bir tez şaha deyin ki,
Lyaxov getsin haraya.
Lyaxov kənarda durub gəzinirdi. Birdən bu yığıncağı görüb gəldi ki, dağıtsın, amma əhvalatdan xəbərdar olub, əlini qoydu qulağının dibinə və rusca bu cürə bir şikəstə çağırdı:
Ya persidskiy ataman,
Başım rusiyyət, ayağım Tehran,
Gör! Bir Təbrizi saxlaya bilmədiz,
Ax tı svoloç Rəhim xan!
Tamam üç gün bunlar yas saxlayıb, qara geydilər və çoxlu şikəstə dedilər. Axırı gördülər ki, Mərənddən bir teleqram gəlibdir. Hamısı yığıldılar Əmir Cəngin başına və dedilər: Sən Allah tez oxu, görək nə yazılıbdır. Bəlkə bir qədər təskinlik ola. Əmir Cəng teleqramı açıb oxudu və gördülər ki, Şüca Nizamın oğlu tərəfindən yazılıbdır!
Obamızdır dalı dağın, İnək göndərdim onu sağın.
Burada Əmir Bahadır soruşdu ki, inək gəlib çıxıbdırmı? Dedilər ki, xeyr, hələ bir dalısını oxu!
Əmir dalısını oxudu:
Belə evimizdə bir bomba partladı,
Dədəm oldu darbadağım.
Ravi and içir ki, burada camaatın arasına bir şivən düşdü, bir vur çatlasın qalxdı ki, qulaq tutulmağa gəlirdi. Hər kəs teleqrafxanaya yüyürüb tanış və aşnalarına tel vurdular ki, onların adına heç bir pasılka göndərilməsin. Çünki kağızın dalında yazılmışdı ki, bomba pasılkanın içindən çıxmışdır. Sonra Əmir Cəng "handan-hana" özünə gəlib ağlaya-ağlaya bir teleqram yazdı və göndərdi ki, Mərənddə Şüca Nizamın qəbri üstə oxusunlar. Teleqram belə idi:
Dəryada gəmim qaldı,
Biçmədim, zəmim qaldı.
Yoldaşların ora-bura qaçdı, sən də ki, öldün,
Bəs mənim kimim qaldı...
Aşıq deyir: Qəzetə müxbirlərindən birisi İran işlərinə çox yaxşı bələd olan bir adam ilə danışıb deyibdir ki, İrandan ağlın nə kəsir?
İrana yaxşı bələd olan adam əvvəlcə başını bulayıb, sonra əlini qulağının dibinə qoyub, müxbirə belə cavab verib:
Dəvəyə mindim xoruldadı,
Yola çıxdım yorulmadı.
Əgər işlər belə getsə,
Onda İran guruldadı.
Aşıq bisavad olduğuna görə mən qol qoydum.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 51-53.
