Üzeyir Hacıbəyli

Ordan-burdan: [Qanlılıq]

Danabaş kəndi - Teleqraf agentəsinə buradan çəkilən teleqrafa görə Kərbəlayı Hümmətəli ilə qonşusu Qoçbala kişi arasında soyuqluq vaqe olubdur. Qoçbalanın arvadı Məşədi Gülsüm xalanın sözlərinə görə bu soyuqluğun ümdə səbəbi çil toyuqdur.
                                                                                                    * * *
Danabaş kəndi - Kərbəlayı Hümmətəli ilə Qoçbalakişinin arasında vaqe olan soyuqluğun səbəbi bütün təfsilatı ilə məlum olubdur. Əcnəbi qəzetələrin yazdığına görə Qoçbala kişinin günaşırı yumurtlayan çil toyuğu dünən gündüz saat üçdə çəpərdən aşıb Kərbəlayı Hümmətəligilin həyətinə giribdir. Kərbəlayı Hümmətəlinin balaca oğlu Həsənin keçən il Daşdibi kəndindən çolpa halında gətirmiş olduğu qızıl xoruz çəpərdən aşan çil toyuğu görüb üstünə hücum etdikdə məzkur toyuq geri qaçmağa yol tapmayıb, özünü Kərbəlayı Hümmətəligilin otağına təpibdir. Kərbəlayı Hümmətəlinin cəhrə əyirməyə məşğul olan arvadı kiş-kiş eləyib ayağa durduqda binəva toyuq çığıra-çığıra qapıdan çölə yügürür. Tərs kimi Kərbəlayı Hümmətəlinin özü bu halda qapıdan içəri daxil olur. Özünü itirmiş toyuq təkrar içəri təpilib taxçaya minir və orada olan çini boşqabı salıb sındırır. Şayiələrə görə Kərbəlayı Hümmətəli bu boşqabı öz əlilə şəhərdən 25 qəpik pula alıbmış.
                                                                                                  * * *
Danabaş kəndi - Kərbəlayı Hümmətəlinin oğlu Həsən sınmış boşqabın əvəzini çıxmaq üçün Qoçbala kişigilin Alabaş adlı itinin vurub qıçını sındırıbdır. Nağıl edirlər ki, Qoçbala kişi bu iti bir oğlana dəyişməz imiş.
                                                                                                    * * *
Danabaş kəndi - Qəzetələrin son nüsxələrinə görə Kərbəlayı Hümmətəligil ilə Qoçbala kişigilin arasında münasibəti-həmsayəgi qət olunubdur. Ona bina danışırlar ki, müharibə naçardır. Hər iki tərəf hazırlaşmaqdadır.
                                                                                                   * * *
Bu gün yetişən agentə teleqrafına görə Qoçbala kişi, Kərbəlayı Hümmətəlinin oğlu Həsəni axtarırmış ki, o da vurub onun qıçını sındırsın.
                                                                                                  * * *
Əcnəbi qəzetələri yazırlar ki, bu iki qonşu arasında naçar olan müharibəni dəf edib, araya sülh salmaq üçün Hacı Əmirqulu tərəfindən sərf olunan səy və Hümmətdən heç bir nəticə hasil olmadı.
Bu gün-sabah müharibə başlanacaqdır. Dünən boşqabların sınıqlarını evdən bayıra süpürən əsnada Kərbəlayı Hümmətəlinin arvadı yanıqlı bir nitq söyləyib, toyuq yiyəsinin atasına söymüşdür. Qoçbala kişinin balaca qızı bu nitqi eşidib, haman dəm anasına və anası da axşam atasına xəbər veribdir.
                                                                                                     * * *
Danabaş kəndi - Müharibə başlandı. Ən əvvəl Kərbəlayı Hümmətəlinin arvadı ilə Qoçbala kişinin arvadı arasında müsadimə vaqe olub, hər iki tərəf bir-birinə qarşı şiddətli bir söyüş atəşi açdılar.
Bu atəş iki saat davam edib, bəd Qoçbala kişinin arvadı başı açıq olduğuna görə, artıq davam edə bilməyib, evə tərəf geri çəkilməyə məcbur oldu.
Danabaş - Bu gün sübh tezdən yenə iki arvad arasında müsadimə vaqe oldu. Axşamçağı qəti müharibə gözlənilir.
                                                                                                    * * *
Danabaş - Qoçbala kişi bu müharibədə iştirak edib, təcavüzə başladı. Balaca Həsən ilə anası onun hücumuna davam edə bilməyib, sürətlə geri çəkildilər. Qoçbalakişi hücuma davam edirdi. Onun fikri düşməni qəti müharibəyə məcbur etməkdir.
                                                                                                     * * *
Danabaş - Bu gün səhər vaxtı Kərbəlayı Hümmətəlinin böyük oğlu Muxtar Kalafa kəndindən gəlib, haman dəm müharibəyə girişdi. Son dərəcə şiddətli bir müharibə oldu. Hər iki tərəf bütün qüvvətini meydana çəkmişdi. Tamam üç saat davam edən ağac davasından sonra hər iki tərəf xəncərə əl uzatdılar və Muxtar yaralandı. Lakin müharibə davam edirdi.
                                                                                                       * * *
Danabaş - Saat üç tamamda, Qoçbala kişi əlində xəncər Muxtarın üstünə sürətli bir hücum qurduğu əsnada Muxtar güllə ilə vurub Qoçbala kişini öldürdü. Ona görə o tərəf basıldı. Şayiələrə görə polis müdaxiləsi gözlənilir.
                                                                                                       * * *
Danabaş - Muxtar qaçıbdır, gözləndiyi üzrə polis müdaxilə edib, Kərbəlayı Hümmətəli tutuldu. Qoçbala kişinin qanını almaq vəzifəsi qardaşı Həsənqulunun boynuna düşür.
                                                                                                        * * *
Danabaş - Bu gün alınan teleqraf xəbər verir ki, dünən gecə saat 9-da Muxtar çəpərlərin dibində güllə ilə öldürülübdür. Həsənqulu kənddən qaçdığına görə zənn edirlər ki, Muxtarı öldürən odur.
Muxtarın qanını almaq vəzifəsi Muxtarın əmisi oğlu Səfiyarın boynunadır.
                                                                                                         * * *
Danabaş - Kərbəlayı Hümmətəli ilə Qoçbala kişinin arasında müharibəyə səbəb olan çil toyuğu dünən gecə saat 2-də çaqqal aparıb yeyibdir.
Bu xəbər bütün kənd əhlini təşvişə salıbdır. Toyuqların əmin- amanlığı tərəfindən böyük nigarançılıq vardır. Qərar qoyulub ki, gecələr itləri zəncirdən buraxıb açıq saxlasınlar.

                                                                                                                                                   Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 33-35.