Üzeyir Hacıbəyli

Ordan-burdan: [Tazə xəbərlər]

Bakıda - işlər elə haman təhərdə qalıbdır. Gecələr səhərə kimi partapart, günüzlər də get qazamatda yat.
Müsəlman oğruları müsəlman kişilərindən əl çəkib, indi də müsəlman arvadlarını soymağı, bir iki gündən bəridir ki, qaydaya qoyubdurlar.
Ayın iyirmisinə iyirmi gün qaldığına görə hələ məlum deyildir ki, görək şəhərin upravasmın kassasında pul var, yoxsa yoxdur.
Partapart əsnasında yaylım güllələrin hamısı, həmişəki kimi, yenə İran əhlinə dəyir.
Bakı polisi oğruları və qatilləri tutmaq üçün, elə bir ucdan tədbirlər ittixaz eləyir.
Deyirlər ki, məhərrəm ayı qurtarandan sonra şəhərin müsəlmanları yenə qayda üzrə gündüzlər qoç döyüşdürüb və it boğuşdurub, gecələr də fişəng atmağa başlayacaqdırlar.
                                                                                                                        * * *
Gəncə quberniyasının oğruları söz bir olubdurlar ki, bundan sonra ittihad və ittifaq ilə iş görüb, bütün Gəncə quberniyasını bir gündə soyub qurtarsınlar.
Pristavlar çox ədalətlə iş görməyə başlayıbdırlar: Əvvəla, kənd kişilərini döydürməyə aparanda arvadlarını apartdırırlar ki, kişiləri qəriblik çəkməsin və bir də cəmi strajniklərə bərk tapşırıbdırlar ki, ta bir də oğrulara qoşulmayıb, özlərini yaxşı aparsınlar.
Hökumət allahdan istəyir ki, Qarabağda-filanda yenə bir adam öldürsünlər ki, "ekzekusiya" qoymağa bəhanə olsun, çünki, heç bilirsinizmi ki, bu cürə "ekzekusiya"ların xəzinəyə nə qədər nəfi var?!
                                                                                                                       * * *
Rusiyada bir deyirlər ki, Dövlət dumasını bağlayacaqdırlar, bir də deyirlər ki, yox, bağlamayacaqdırlar. Adam bilmir ki, hansına inansın. "Əsil urus adamları" deyirlər ki, əgər bu səfər də Dövlət duması hökumətin sözünə qulaq asmasa, yəqin bilin ki, cəmi təqsir yəhudi tayfasındadır.
Əcnəbi qəzetələri yazırlar ki, payız fəsli Rusiyada bir o qədər qarpız yox idi, nə qədər ki indi bomba vardır.

                                                                                                                                                 Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 281-282.