Üzeyir Hacıbəyli

Milli məktəblərimizdə rus dili tədrisi

Rusiyanın 1905-ci il təbəddülatından sonra müxtəlif millətlərə verilən müsaidələrdən payımıza düşənin biri də bu oldu ki, biz milli məktəblər açmağa və bununla əhali arasında, heç olmasa, özümüz öz qüvvəmizlə maarif saçmaq işində bir qədər azadlıq tapdıq.

1905-ci sənədən qabaq müsəlman tayfası arasında maarif nəşr etmək işlərini hökumət özü üçün vəzifə hesab etmirdi. Bu yolda bəzi iqdamatda bulunurdusa da, nəşri-maarif üçün deyil, "nəşri-rusizm" üçün idi və o məqsəddən dolayı idi ki, hökumət tərəfindən (camaat xəcilə) açılan şkolalarda yalnız rus dili təlimi əmr olunurdu və bu şkolalarda ana dilini bilkülliyə istemaldan salmaq üçün, rus dilinin "üsuli-təbii" ilə tədrisi şiddətli surətdə əmr olunmuşdu.

Hərçənd camaat şkolaları inspektorların nəzarəti və direktorlar tərəfindən tərtib olunan və onunla tədris etmək məcburi olan kitablar bu şkolalarda rus dilinin "üsuli-təbii" ilə tədris ediləcəyini çarəsiz buraxırdı, amma bainhəmə şkolalarda rus dilindən başqa ana dilində bir kəlmə söz belə danışmamağı təmin etmək üçün hökumət müsəlman kənd şkolalarına ruslardan, erməni kənd şkolalarına rus və ya müsəlmanlardan müəllimlər təyin etməyi səlah görürdü. Və ancaq müsəlman kəndlərinə də seminariya direktorunun tövsiyə və səlahdidəsilə müsəlman müəllimləri göndərirdi, yəni elə müsəlman müəllimləri ki, onların seminariyada ikmali-təhsil etdiyi zaman ana dilincə sırf bisavad olduqları seminariya direktoruna məlum idi.

Burada öz seminariya xatiratımdan bunu söyləməyimi də artıq bilmirəm. Mən seminariyanın ikinci klasında idim ki, il yarımdan sonra müəllim olacaqdım. Yazı imtahanı olmaq üzrə "Mən gələcəkdə nə iş görəcəyəm" sərlövhəsi təhtində bir məqalə yazmağı bizə əmr etdilər. Mən yazdım ki, məktəblərimiz üçün ana dilində tədris olunmaqdan ötrü dərs kitabları tərtib edəcəyəm. Bunun üçün osmanlı və rus kitablarından istifadə edib, hesab, coğrafi və sairə elmləri öz dilimizə tərcümə edəcəyəm. Mənim bu fikrim direktorun xoşuna gəlməmişdi. Məni çağırıb dedi: "Müəllimlər sənin yazdığına 3 nömrəsi qoyubdurlar, amma mən 2 1/2 qoyuram, çünki qanmıram ki, sən nə deyirsən".

İkmali-təhsildən sonra yoldaşlarımızdan və öz cümlə məndən soruşdular ki, nərədə müəllimlik etmək istəyirsən? Dedim Bakıda. Və o qədər safdil idim ki, direktorumuzun bu barədə tövsiyəni rica etdim. Bir aydan sonra məni bir erməni kəndinə müəllim təyin etdilər...

Lakin bu gün, şükürlər olsun, milli məktəblər təşkili haqqına malik olmuşuq və o məktəblərdə rus dilini və ya türk dilini hansı üsul ilə tədris etmək məsələsi hələlik hər müəllimin öz səlahdidinə vabəstədir. Ançaq burası var ki, "üsuli-təbii"—əvvəllərdə istemal olunan və bədən məmnu edilən "üsuli-tərçümə" əvəzinə soxulmuş olduğuna görə, biz fövqəlzikr haqqa malik olduqdan sonra müəllimlərin bir çoxu və ya lap hamısı canlarını sıxan "üsuli- təbii"ni tollayıb, "tərcümə üsulu"nu təkrar istemala şüru etdilər.

Burada bir məsələ var: doğrudandamı "üsuli-təbii" öz- özlüyündə pedaqojiya nöqteyi-nəzərincə fəna və bu gün ana dili tərəqqisi cəhətincə qorxulu bir üsuldur?

Bizcə, xeyr! "Üsuli-təbii" dil öyrənmək üçün ən təbii bir üsul olub, bu gündən belə də bizim məktəblərimizdə haman üsulun istemalı heç bir halda qorxulu deyildir. Və Əgər biz öz milli məktəblərimizdə uşaqlarımıza ana dilindən başqa digər bir dili də tədrisdən məqsədimiz haman dili öyrətməkdirsə, o halda "üsuli-təbii"yə müraciət etməlidir, "tərcümə üsulu" məqsədimizi hasil edə bilməz.

Bəs nə üçün bizim əvvəllərdə "üsuli-təbii"dən zəhləmiz gedib, onun məcburiliyindən şikayət edirdik? "Üsuli-təbii" pisdirmi? Yaramazmı idi?

Xeyr, "üsuli-təbii" pis deyil, sabiq hökumət tərzi-idarəsi pis idi ki, məktəblərdə ana dili tədrisinə yol vermirdi və bunun üçün də "üsuli-təbii" üzrə tədris etməyi məcburi etmişdi. Çünki filhəqiqə, bir lisan "üsuli-təbii" üzrə tədris edildikdə ana dilinin (ya başqa bir dilin) istemalı fayda verməz və ona görə, lüzumsuzdur. Lakin bu gün "üsuli-təbii"dən biz qorxmamalıyıq, çünki bugünkü məktəblərimiz ana dili məktəbidir, yəni indiki məktəblərimizdən "rus-müsəlman" namilə olanlarda iki əvvəlinci il və öz camaat məktəblərimizdə də bütün məktəb kursu ərzində elmlər hamısı ana dilində tədris olunur. Deməli, bugünkü məktəblərimizdə ana dili hökmfərmadır. Rus və ya başqa dillər isə öyrənilməsi lazım kələn əcnəbi bir dil surətində tədris olunur. İndi haman o rus və sair dilləri öyrətməkdən məqsədimiz uşaqlarımızın haman o dildə də danışa bilməyinə müvəffəq olmaqdırsa, o halda haman o rus və sair dilləri mən deyirəm ki, "üsuli-təbii" üzrə tədris etmək lazımdır, yoxsa, "tərcümə üsulu"na qalsa, haman dili öyrətmək və öyrənmək olmaz. Səbəbini də ərz edərəm.

İndi məktəblərimizin bəzilərində (rus-müsəlman məktəblərində) iki sənə və digərlərində (xüsusi milli məktəblərimizdə) bütün kurs ərzində hamı elmlər ana dilində tədris olunur.

O halda rus dilinin və ya sair bir əcnəbi dilin "üsuli- təbii" ilə tədrisindən qorxmaq əbəsdir.

Əcəba, nə üçün "üsuli-təbii"ni "tərcümə üsulu"na tərcih etmək lazımdır? Çünki "tərcümə üsulu" ilə əcnəbi bir dili öyrənib, o dildə danışmaq mümkün deyildir və yaxud çox çətindir. Halbuki əcnəbi bir dili öyrənməkdən bizim baş məqsədimiz o dildə danışmağa qadir olub, o dilcə mümkün dərəcə savadlı olmaqdır.

Bir çox nəfli şeylər Amerikadan çıxan kimi "üsuli- təbii" dəxi Amerikadan çıxıbdır.

Pedaqoqlar burasına diqqət yetirdilər ki, Yevropadan Amerikaya mühacirət edənlərin uşaqları amerikalı cocuqlar ilə bir yerdə oynayıb qonuşmaqla onların dilini bir tez zamanda öyrənirlər. Deməli, Amerikaya mühacirət edənlərin uşaqları lisani-hal ilə pedaqoqlara bildirdilər ki, əcnəbi bir dilin öyrənilməsinə ən asan yol haman dil vasitəsilə uşağa dərs verməkdir ki, onun adına əvvəlcə "Amerikan üsulu", yəni "üsuli-təbii" dedilər.

Zatən, hər bir adam öz ana dilində "üsuli-təbii" vasitəsilə öyrənir. O adam körpə ikən eşidir ki, məsələn, onun yanındakı adamlar bir şeyə "çörək", bir ayrısına "su", bir digərinə "aş", bir hərəkətə "gəl", başqa bir hərəktə "dur" və sairə sözlər deyirlər. Uşaq bu sözləri eşidir və öyrənir və məlumdur ki, bu sözlər heç biri "uşaq dili"nə tərcümə olunmur.

"Tərcümə üsulu"nun dil öyrənməkdə faydasızlığını bundan anlamaq mümkündür: məsələn, rusca yazılmış bir hekayəti müəllim söz-söz tərcümə edib uşağa təlim edir. Uşaq dəxi ikiqat zəhmət çəkib həm bu hekayəni rusca və həm də onun hər sözünün mənasını əzbərləyir. Tutalım ki, bu hekayədə bir yerdə "gəldi" sözü var. həmin hekayəni əzbərləmiş uşaqdan soruşsan ki, rusca "gəldi" nə tövr deyilir? Uşaq birdən-birə cavab verməyə qadir olmaz. O haman hekayəni yadına salıb, orada nərədə "gəldi" sözü olduğunu hazırlayır və ondan sonra cavab verir və ya heç verə bilmir. Bunu mən öz təcrübəm ilə sınamışam və belə olmağı da təbiidir. Çünki uşaq haman məqalədə yalnız bir "gəldi" sözü deyil, sair sözlərin dəxi mənasına diqqət. yetirdiyindən, onun diqqəti bir şeyə münhəsir olmayıb, bəlkə bir neçə şey üzərində, özü də pərakəndə olduğundan uşaq soruşulan sözə cavab vermək üçün bütün diqqətini verəcək olduğu cavaba həsr etməlidir, yəni onu zehnində axtarıb tapmalıdır.

Hamımıza məlumdur ki, yeddi-səkkiz il diz çürüdüb "Gülüstan", "Bustan", "Tarix Nadir" və sairə kitabları "məddü məna" su kimi bilən tələbələr farsca iki söz danışa bilmirlər, çünki oxuduqlarını "məddü məna", yəni "tərcümə üsulu" ilə oxuyubdular. Gimnaziya və realni məktəblərdə üç-dörd il fransızca oxumuş şagirdlər ikmali- təhsildən sonra fransızca iki kəlməni bir-birinə rəbt edibən asan bir cümlə deməyə qadir olmurlar, çünki oralarda da fransız dili "tərcümə üsulu" ilə tədris olunur.

Mənfəətsizlikdən başqa "tərcümə üsulu" ən ağır uşaqyoran və uşaq zehnini dağıdan və müəllimi də çətinliklərə salan bir üsuldur ki, axırda öyrənilən dilə qarşı uşaqda bir hissi-nifrət dəxi oyana bilir. Halbuki "üsuli-təbii" uşaqca ən calibi-diqqət bir üsul olub, bəzən əyləncə və oyuncaq kimi bir hal alıb, uşağın yorğunluğunu dağıdır. Bu üsul üzrə verilən dərs əsnasında uşaq həmişə qulağını şəkləyib, bütün diqqətini müəllimin dedikləri sözlərə cəlb edir ki, onun nə demək istədiyini anlasın, çünki o sözləri anlamaq uşaqca tapmağa qapmaq kimi ləzzətli bir şeydir və onun üçün də uşağın yadında qalır.

"Üsuli-təbii"nin nədən ibarət olduğunu burada şərh etməyə imkan yoxdur. Ancaq "tərcümə üsulu" ilə bu üsulun təfavütünə bir balaca işarə etmək üçün bu kifayətdir. Fərzən, kitabda rusca yazılır ki, "Loşad bejit". Tərcümə üsulu" ilə dərs verən müəllim uşağa deyir ki, "loşad"-yəni "at", "bejit"-yəni "yügürür, qaçır". Uşaq əzbərləyir: "Loşad" - yəni - at, "bejit" - yəni yügürür. Əminəm ki, bir azdan sonra uşaqdan soruşasan ki, "bejit" nədir? Cavab verər ki, "at".

Amma "üsuli-təbii" ilə haman dərs belə verilir: əvvələn, müəllim kitabı qoyur kənara. Qabaqca hazırlamış olduğu bir neçə at şəkillərini divardan asıb, atın birini göstərir: "Loşad". Sonra o biri atı göstərib deyir: "Toje loşad" (Bu da atdır). Sonra uşaqlara məlum olan bir şeyi də, məsələn, adamı da göstərib deyir: "Eto çelovek, a eto loşad". Sonra uşaqlara bir it və ya bir inək şəkli göstərib soruşur: "Eto loşad?" (Bu atdırmı?) Əminəm ki, heç bir uşaq "da", yəni "bəli" deməz. hamısı "net"! deyərlər. Bədə müəllim bir at göstərir ki, durubdur və soruşur ki, bu at nə qayırır? Uşaq rusca cavab verir ki, durubdur. Bu "durubdur" sözünü uşaq keçən dərslərdən öyrənibdir. Bədə müəllim bir at göstərir ki, məsələn, uzanıbdır. Soruşur ki, bu at nə qayırır? Bir uşaq rusca cavab verir ki, uzanıbdır, çünki bu "uzanıbdır" sözünü də əvvəlki dərslərdə oyrənibdir. Ondan sonra müəllim bir qaçan, yügürən at göstərib soruşur ki: "Bu atdamı uzanıbdır?" Söz yoxdur ki, şagirdlər "xeyr" - deyirlər. Müəllim soruşur: "Bəlkə durubdur?" Şagirdlər yenə "xeyr"-deyir (söhbət hamısı rusça olur). O halda müəllim deyir: "Eta loşad bejit". Bu söz təbiidir ki, haman saat uşaqların diqqətini çəlb edib, onlara guya təlqin olunur, çünki uşaq görür ki, at durmayıbdır, uzanmayıbdır, amma yügürür. Özü də "yügürür" sözünü bilmir ki, desin. Nə yaxşı olar desə ki, o at yügürməyib, durmuş olan atdır? Onda uşaq haman sözləri bildiyi üçün kəmali-iftixar ilə deyər ki, "Eta loşad stoit", ya inki "Eta loşad lejit". Amma nə etməli ki, haman at nə "stoit", nə də "lejit". Onun üçün uşaq "yügürür" sözünün ucundan aciz qalıb, lal kimi dinməz qalmışdır. Və ola bilsin ki, "yügürür" sözünə də acığı tutur. "Eta loşad bejit"...

Uşaq o "bejit" sözünü haman dəm qanıb görürsən ki, laənşüur təkrar edir. Söz yoxdur ki, bu şərait üzrə söylənmiş və tampaca kimi olmuş bu sözü uşaq yadında saxlar. Bədə müəllim bu sözü daha uşağın zehnində yaxşıca yerləşdirmək üçün uşağın birinə rusca əmr edir: "Dur" və sonra işarə edir ki, "beji", yəni yügür. Uşaq yügürdükdə müəllim o birilərindən soruşur ki, "O nə qayırır?" Uşaqlar haman saat cavab verirlər ki, "bejit", yəni "yügürür". Burada görür ki, uşaqlar "Loşad bejit" sözünü anladılar. Bədə kitabı açıb, oxumağa başlayırlar. Uşaq bir də baxıb görür ki, orada da yazılıbdır: "Loşad bejit". Bu sözlərin mənası nə olduğunu uşaqlar daha bilirlər. Mən əminəm ki, sonra uşaq bir yügürən şey görsə, haman dəm yadına "bejit" sözü düşər və at gördükdə "loşad" sözünü xatırlar.

Lakin "üsuli-təbii"ni işə tətbiq etmək üçün bu üsulun bütün təfsilatını dürüst bilməlidir və illa sui-istemalından fayda çıxmaz. Üsuli-təbii ilə dərs verildiyi halda, bəzən tərcümə də caizdir. Ancaq o halda da sözü tərcümə etmək lazım deyil, bəlkə mətləb içində yada salmaq lazımdır. Məsələn, yuxarıkı məsəldə əgər müəllim görsə ki, şagirdlərin birisi "bejit" ləfzini anlamayıb kimi görünür, o halda haman şagirdə xitabən ana dilində deyir ki: "Sizdə də at varmı? O da bu at kimi yügürürmü?" O halda uşaq "bejit" sözünü "yügürür" olduğunu bilaşübhə başa düşər. "Üsuli-təbii"nin yaxşılığı barəsində çox danışmaq olar, lakin qəzetlərimizin həcmi buna müsaid deyildir. Hər halda bu üsulun tətbiqini müəllim yoldaşlara tövsiyə edirəm və bunun şəkk və şübhə ediləcək bir yeri varsa, xahiş edənlər üçün cavab verib, izah edirəm.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 102-106.