Ordan-burdan
Belə rəvayət eləyirlər ki, stolıpinlər və sair ministirlər birinci dumanı dağıtdıqlarına görə çox böyük peşiman olub, əllərini dizlərinə çırpırlar və hərdən deyirlər: vay, fələk, evin yıxılsın, bu nə pis iş idi ki, bizim başımıza gətirdin! Fələk də deyir ki, balam, mən nə qayırım, əvvəlinci dumanı dağıdan da siz oldunuz, ikinci dumanı yığan da. Ministirlər də başlarını aşağı salıb, qəm və kədər ilə deyirlər: axı, biz nə bilirdik ki, ikinci duma belə yaman olacaq. Fələk də cavab verir ki, indi ki, siz heç zad bilmirsiniz...
Da fələyin o biri sözlərini hələ eşitmək mümkün deyil; çünki burada "hürriyyəti-mətbuat"ın axır-uxurudur.
* * *
Axır-uxur dedim, yadıma dünyanın axırı düşdü.
Bəli, İtaliya münəccimlərinin deməyinə görə 5-6 gündən sonra qiyamət bərpa olacaqdır. Ancaq bu xəbər doğru da olsa, heç bundan qorxmaq lazım deyil. Çünki bizim ölümdən qorxmağımız o səbəbdəndir ki, biz hamımız xudpəsənd və paxıl adamlarıq. Deyirik: heç rəvadırmı ki, mən ölüm, amma Məmmədcəfər yaşasın.
Amma qiyamət bərpa olsa, ta Məmmədcəfər də diri qalmaz və biz hamımız yoldaşlıq ilə ölərik. O ki, qaldı bizim iş-gücümüzə, nə var: onları o dünyada da görmək olar. Çünki bizim işlərimizə baxılsa, bizdən ötrü o dünya ilə bu dünyanın heç bir təfavütü yoxdur. Ələlxüsus hökumət üçün o dünya ilə bu dünyanın heç bir təfavütü yoxdur. Odur ki, indi işlərini heç əldən buraxmayıb, yenə asdırmaqda, kəsdirməkdə, aramaqda, axtarmaqdadır.
Məsələn, srağa, gün Bakı hökumətinin könlünə adam axtarmaq həvəsi düşmüşdü. Bilmirdi ki, hara getsin və kimi axtarsın.
Fikir elədi, elədi, axırda alnına vurub dedi: "Hə, bildim!". Və yola düşüb getdi və gəlib "İslamiyyə" mehmanxanasına yetişdi və xalqı axtarmağa başladı və mən də orada idim, məni də axtardı və xalqa çox əziyyət verdi və axtarmamış yer qoymadı və xalqın yorğan-döşəyini eşələyib, az qaldı ki, balışların və mütəkkələrin bağırsaqlarını çıxarsın və heç nə tapmadı. Ona görə bərk acığı tutdu və istədi ki, mehmanxananın çəngəl-bıçaqlarını aparsın. Amma çəngəl-bıçaq ilə xörək yeyildiyinə görə və xörək yeməkdə də xilafi-hökuməti bir şey olmadığına görə əliboş getməkdən savayı bir əlac tapmadılar.
İndi bilmirəm, Bakıda "İslamiyyə" mehmanxanasını axtarmaqda hökumətin fikri nə imiş, yoxsa belə güman eləyir ki, "İslamiyyə" panislamizm sözündən çıxıbdır.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 289-290.
