Üzeyir Hacıbəyli

Musiqidə tərcümə

Ədəbiyyatda tərcümənin mövcud olduğu hər kəsə məlumdur. Hər millətin milli orijinal ədəbiyyatı olduğu kimi, sair millətlərin ədəbiyyatından tərcümə edilmiş əsərlər də az-çox vardır.

Fəqət musiqi ədəbiyyatının tərcüməsi indiyə qədər görülməmiş bir şeydir. Bununla da başlıca səbəbi budur ki, Avropa millətlərinin musiqiləri sistem cəhətindən müştərək əsas üzərinə müstəniddir. Məsələn, alman millətinin musiqisi milli koloritcə italyan musiqisindən nə qədər təfriq edilirsə də, ikisinin də əsası major və minor qammalardır. Burada musiqi ədəbiyyatında tərcümə əvəzinə mövcud olan şeylər bunlardır.

1.  Təbdil - yəni bir kəsin yazmış olduğu musiqi əsərinin mövzusunu iqtibas edib o mövzu üzərində başqa bir formada musiqi əsəri yazmaq.

2.  Transkripsiya - yəni bir bəstəkarın musiqi əsərini götürüb üzərinə bir çox şeylər artırmaq, müxtəlif variasiyalara salmaq və sairə.

3.  Transparsiya - yəni bir musiqi əsərini bir qammadan digər bir qamma keçirmək; məsələn: "do" major namində yazılmış bir əsəri "sol" majora keçirmək və sairə.

4.  Təsirini dəyişmək - yəni major qammalar üzərində yazılmış bir əsəri eyni ilə bir adlı minor qammaya keçirmək.

Fəqət bunların heç biri tərcümə deyildir. Tərcümə hasil olmaq üçün əsaslar başqa olmalıdır.

Qərb musiqi əsasından qeyri-olanlardan ən ümdəsi Şərq musiqisi əsasıdır. Böylə olduğu surətdə Qərb musiqisi əsası üzərində yazılmış olan bir musiqi əsərini, formasını və ideyasını da saxlamaq şərtilə Şərq musiqisi əsasına çevirsək, zənnimcə, əsl tərcümədən anlaşılan məqsəd hasil olar.

Ədəbiyyatda tərcüməçinin birinci məqsədi başqa bir dildə yazılmış əsəri öz dilinə çevirməklə eyni əsəri öz dilində danışanların anlayacağı bir hala salmaqdır.

Musiqi tərcüməsi də böylə olmalıdır. Yəni anlaşılmayan Qərb musiqi parçasını Şərq musiqisinə tərcümə ilə şərqlilərin anlayacağı bir hala salmaq.

Ədəbiyyatda tərcümənin əvvəla, ədəbi, saniyən, əslinin ideyasını tamamilə şərh edəcək dərəcədə mükəmməl olmağı ümdə şərtlərdən sayılan kimi musiqi tərcüməsində də bu şərtlərə riayət olunmalıdır.

İştə bu tərcümə ideyası əsasən qəbul edilib və yolları da ətraflı öyrənildikdən sonra qövldən felə keçirilərsə, Şərq musiqisinin gözlənilməyən bir surətdə sürətlə tərəqqi etməsinə səbəb olar.

Qərb musiqisinin min il ərzində tərəqqilər görüb bugünkü dərəcəyə çatmış olan formaları içində məstur olan ideyası ilə bərabər Şərq musiqisinə keçirilməklə, qədimdən bəri tərəqqisiz qalmış olan Şərq musiqisi həyatında geniş bir tərəqqi inqilabı əmələ gətirə bilər və Şərq musiqisinin gələcəkdə ümumaləm musiqi sənəti sahəsində böyük bir rol oynayacağına səbəb olar.

Digər tərəfdən, şərqlilər Qərb musiqisi ədəbiyyatında mövcud olan müxtəlif ideyaların ənvai-təəssürat və hissiyyatını anlamağa öyrənişər.

İnsan anlamadığı bir dili eşidərkən bir növ sıxıntı çəkdiyi kimi, məcazi bir lisan hökmündə olan musiqini dəxi anlamadıqda əsəbi bir hala düşür.

Qərb musiqisinin ən dərin mənalı parçalarını şərq əhli başa düşmədiyindən o gözəl sənət nümunəsinə qarşı nifrət izhar edir və bu hiss hər bir sinifdə müşahidə olunur. İstər elm sahibi olsunlar, istər olmasınlar, Şərq əhli öz musiqilərinə o qədər alışmışlar ki, onu anlamaq və hiss etmək üçün nəzəri və əməli cəhətlərini öyrənməyə heç də ehtiyac yoxdur. Halbuki Qərb musiqisini anlamaq üçün sənələrcə onu dinləməkdən əlavə nəzəri cəhətlərini dəxi öyrənmək lazımdır.

Avropa bəstəkarlarından məşhur Delibin "Lakme" adındakı operası mövzusunun şərq həyatından götürülmüş olmasına və sözlərinin də bizim dilimizə tərcümə edilməsinə baxmayaraq camaatımız tərəfindən anlaşılmadı. Çünki ikinci planda olan və zatən operada bir o qədər əhəmiyyəti olmayan qoftəsi tərcümə edilmiş olduğu halda, birinci dərəcədə əhəmiyyəti olan bəstəsi, yəni musiqi cəhəti tərcümə edilməmişdi.

Musiqi tərcüməsinin yollarını təyin, yəni necə tərcümə edilmək qaydalarını təsbit və zəbt etmək həm Qərb və həm də Şərq musiqisinin qəvaidinə kamalınca vaqif olanların işi olmaqdan əlavə, böylə bir məşğuliyyəti musiqi dərsləri qismində olaraq musiqi məktəblərinə dəxi keçirib şagirdləri bu yolda öyrətməlidir.

Bu növ məşğələ yuxarıda zikr edilən faydalardan əlavə Şərq və Qərb musiqisi üslubunu müəyyən surətdə şagirdlərə aşkar etməklə, Şərq musiqisini Qərb musiqisinin bir çox biməzmun valsları, maçiçləri və sair danslarının sui-təsirindən uzaq şaxlar.

Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 386-388.