Nuri-didə Ceyhun!: [1923]
Salam-duadan sonra çoxdandır ki, mən sizə kağız yazmıram, səbəbi odur ki, işim çoxdur və vəxtim çox azdır. Hər halda bizlər tərəfindən nigar olmayın. Hamı sağ və salamətdirlər. Nənəm yaxşıdır, daha bildirki kimi naxoşlamır, çünki onu bu keçən yay Yesuntikiyə aparmışdım. Oranın havası ona çox yaxşı təsir etdi. Aişə xanım və yoldaşı Musagil dəxi salamətdirlər və sizin ayrılığınızdan başqa heç bir dərd və qəmimiz yoxdur. Mən bu günlərdə yeni opera yazmağa başladım. Tekisti məşhur "Gaveyi- Ahəngər" dramıdır. Qədim musiqi stilində yazılmış bir opera olacağdır. Əlavə bu yaxında da Azərbaycan xalq musiqisi həqqında böyük məruzəm olacaqdır. Bütün Bakı professorları dinləyib məruzələrim həqqında yəni bir qərar çıxaracaqlar.
O məruzəni mən Tiflisdə, Moskvada və Leninqradda dəxi oxumağa gedəcəgəm, qismət olsa əcnəbi vilayətlərə dəxi aparacaq. Bu günlərdə Maarif Komissarlığı nəzdində mənim ikmali-təhsilim həqqında söhbətim olmuşdi. Maarif komissarı yoldaş Ruhulla və müavin yoldaş Cəlil boylə məsləhət gördülər ki, mən Leninqradda və ya Moskvada ikmali-təhsilə məşğul olum və mənə lazım olan qədər də para verməgə imkanları vardır. Fəqət mən ali təhsilimi Almaniyada almağ fikrində olduğumu söylədim çünki iki sənə qabağ Maarif Komissarlığı özü dəxi boylə qət etmişdi. Dedilər ki, onda bir qədər gözləmək lazım gələcəkdir. Mən dəxi hələ ki, səbr edib gözləyirəm və ümidvaram ki, bu xüsusda mənə köməklik yetirərlər. Digər tərəfdən anamı qoyub getmək məsələsi məni düşündürür, çünki çox qocalıbdır və mənsiz himayəsiz qalıb əldən gedər. Hər halda bir az səbr etməlidir. Bizim hamımızdan uşağların üzlərindən öp, Zöhrəyə çox-çox salam-dua söylə və tapşır ki. Aişə xanım kağız yazıb necə dolandığınızı bildirsin. Baqi salamət olun.
Bəradərin Üzeyir. (1923)
Məktubun tarixi düzagün qeyd olunmayıb.
Üzeyir bəy bu operanı təxminən 1930-31-ci illərdə yazmağa başlamışdı.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 354.
