Ordan-burdan
Uyma dünyaya ey dili-qafll
Nə olur bu əcuzədən hasil!
Рәһ-рәһ nə gözəl sözdür və nə ali fikirdir ki, İranın hakimləri və bəzi üləma və ruhaniləri camaata oxuyub haqqın əl və ya ayağını yerdən-göydən üzürlər.
Bu hakimlərin və bəzi üləma və ruhanilərin nəzərində hürriyyət istəmək, millət məclisi açdırmaq, kasıb-küsubun qeydinə qalmaq, xalqı maarifləndirmək də hamısı, dünyaya uyub qafil olmaqdır.
Amma rüşvət almaq, xalqı aldatmaq, camaatın başını qırıb cibini soymaq adəti bir işdir ki, yatıb-durmaq, yeyib-içməklə onların arasında heç bir təfavütü yoxdur, odur ki:
Uyma dünyaya, ey dili-qafil!
Yəni ay camaat, hürriyyət filan istəməyin, qoyun hakimlər, filanlar sizi həmişəki kimi soysunlar!
* * *
Amma bir tərəfə baxsan, bizim içimizdə olan bəzi “yalançı pəhləvanlara” - “Uyma dünyaya, ey dili-qafil”, demək çox yerində olar.
Bu yalançı pəhləvanlar yalançı pəhləvanlığı nədən ötrü eləyirlər? Bundan ötrü ki, camaat içində ad-san qazansınlar.
Amma bu binəvalar doğrudan da ad-san qazanmağın yolunu heç bilməyirlər. Ad-san qazanmaq üçün camaat işinə qatışıb böyük bir məsələni qalxızmaq və o məsələ yerindən qalxıb fil boyda olanda qorxudan siçana dönüb deşiyə girmək lazım deyildir. Bu tövr ilə ad-san qazanmaq olmaz. Biabır olmaq olar. Ad-san qazanmağın yolu bax budur:
Çıxırsan bazara, görürsən ki, Məşədi Mahmud gəlir, yanma gedib salam verirsən və deyirsən ki, Məşədi Mahmud, qəribə sən yaxşı adamsan, üzündən-gözündən tamam nur yağır, adam sifətinə baxanda lap valeh olur, buyur papiros çək.
Ondan görürsən ki, Kərbəlayı Bədəl gəlir.
Onun da yanına gedib deyirsən ki, Kərbəlayı Bədəl, nədəndirsə, səni görəndə elə bil ki, lap əziz adamımı görürəm, Allahın altında hamı müsəlmanlar sənin kimi xoşxasiyyət, xoştəbiət, xoşsifət, xoşsöhbət, xoşrəftar, xoşgöftar, xoşxülq, xoşdil, xoşzəban və xoşbəyan ola idilər.
Buyur, gedək bir stəkan çay içək.
Ondan görürsən ki, Şərbət bəy gəlir, özü də uduzubdur.
Haman saat yanına yüyürüb, qulağına pıçıldayırsan ki, Şərbət bəy yaxşı pulum var... (ta dalısını demək lazım deyil, Şərbət özü arifdir).
Ondan sonra görürsən ki, bir molla gəlir.
Həmin saat cibindən təsbehi çıxardıb, öz başına dualar oxuyursan və mollaya da kəmali-təzim ilə baş endirirsən.
Ondan sonra görürsən ki, bir dövlətli adam gəlir, nə qayıracaqsan? İki qat olub qalxırsan.
Və bu minvalla baxıb görürsən ki, səni hər yerdə tərif edirlər və özün də əməlli başlı ad-san çıxardıbsan, ta bundan yaxşı nə var?
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 264-265.
