Ordan-burdan: [Yarım günlük səyahətim]
...qərəz mindik vaqona. Burada məndən savayı iki nəfər gəncəli ilə iki nəfər də bakılı və bir nəfər şamaxılı var idi. Başladıq söhbət eləməyə. Allah bunlardan razı olsun, çünki bunların söhbətindən bir çox bilmədiyim şeyləri qandım və öyrəndim. Məsələn, gəncəli dedi ki:
- Keçən dəfə bizim bir qohumumuza sudda üç il "xəsiyyət" kəsmişdilər...
Gəncəli qardaşın bu "xəsiyyət" sözünü mən başa düşmədim və güman elədim ki, bu söz tək bir Gəncə şivəsinə məxsus bir sözdür ki, onu bakılı qardaş da bilməyəcəkdir. Amma gördüm xeyr, bakılı qardaş onu çox yaxşıca başa düşüb dedi ki:
- Haman mən dediyim adama da iki il "xəsiyyət" kəsiblər.
Yanımda bir şamaxılı qardaş var idi, qəsdən bundan soruşdum ki, "xəsiyyət" nə sözdür? O başladı mənə qandırmağa. Onda bildim ki, "xəsiyyət" ümumi və rəsmi bir sözdür ki, onu bakılı da, gəncəli də, şamaxılı da və şübhəsizdir ki, qarabağlı da, şəkili də, qubalı da, qərəz bütün Qafqazın müxtəlif yerli müsəlmanlarının çoxu (müsəlmanların da çoxu kimdən ibarət olduğu məlumdur) bilirlər.
Mən də bildim və bilməyənlərə də ərz eləyim. Məsələn, bir müsəlman karastısını və ya yarağını götürüb gedir o biri müsəlmanı öldürür.
Sonra iş belə düşür ki, bu müsəlman (yəni öldürən müsəlman, ölən yox) hökumət əlinə keçir. Sonra hökumət bunu suda verir. Sud da bu müsəlmanı göndərir Sibirə və yola salmaqdan qabaq deyir ki, sənə üç il "xəsiyyət" kəsmişəm. Onda müsəlman qardaş anlayır ki, gedib Sibirdə üç il oturub, lakin əlini ağdan qaraya vurmayacaqdır, ancaq gözləyəcəkdir ki, "xəsiyyəti", yəni xasiyyəti dəyişsin. Yəni adam öldürmək kimi heyvan xasiyyətini dəyişib, onun əvəzində adam öldürməmək kimi insan xasiyyəti olsun (İndi Sibirdə müsəlman qardaşın heyvan xasiyyəti dəyişirmi, dəyişmirmi? - o ayrı məsələdir).
* * *
Müsəlman qardaşların o biri söhbətlərindən də bunu başa düşdüm ki, Bakıda adam öldürmək bir qədər tənəzzülə düşübsə də, Allah, bərəkət versin, Gəncədə çox tərəqqidədir. Bundan başqa, Gəncədə də, Bakıda da adam öldürmək şikara çıxmaq kimi bir şeydir. Ancaq Bakıda adamı quş atan kimi atırlar, Gəncədə isə heyvan öldürən kimi öldürürlər.
* * *
Vaqonda bizdən başqa bir-iki nəfər kəndli müsəlman qardaşlar dəxi var idilər. Bunların ikinci klasda getmələri mənim diqqətimi cəlb etdi. Soruşdum ki, nə tövr olub ki, siz bura düşübsüz? Dedilər: "Başına dönüm, Allah bayisin evini yıxsın!" Və sonra bu əhvalatı nəql elədilər. Bilet almaqdan qabaq bir nəfər konduktor paltarında adam bizi tovladı ki, gəlin mənə bir-iki manat verin, sizi biletsiz aparım. Biz də güman elədik ki, bəli, habelə olsa, bir-iki manat irəli düşərik, bu da bizdən bir manat beh aldı. Sonradan-sonraya bir Allah bəndəsi bizi başa saldı ki, haman "konduktor" bicin birisi imiş və bizi axmaq müsəlman deyə ələ salıbdır. Tez yüyürdük ki, bilet alaq. Amma baxdıq gördük ki, üçüncü klasın bileti qurtarıb, naəlac qalıb ikinci klasın biletini aldıq. Sonra getdik ki, şeyimizi baqaja verək. Bizə dedilər ki, olmaz, dedik nə üçün? Dedilər ki, "zakon ni bazvalayit". Gördük vaxt keçir, qaldıq baxa-baxa. Sonra o, "zakon ni bazvalayit" deyən adamların birisi bizə göz elədi. Biz haman dəm bu işarəni başa düşüb, əlimizi cibimizə saldıq və yarım manat pul düzəltdik. Ondan sonra gördük ki, bu səfər "zakon bazvalayit".
Xülasə, gəldim çıxdım getdiyim yerə, amma burada gördüyümü sonra deyəcəyəm.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 49-50.
