Üzeyir Hacıbəyli

Ordan-burdan

Dünənki nömrəmizdə cənab Q. Mahmudbəyov "İrşad"ın 76-cı nömrəsində mündəric "Mərəzlərimizdən biri" ünvanlı məqalənin məzmunu ilə müvafiqət etməyib, deyir ki, mərəzimiz cürətsizlik deyil, məktəbsizlikdir! Cənab Mahmudbəyova cavab: - Əfəndim, məktəb açmaq üçün bir cürət lazımdırmı, yoxsa məktəb bahar gülü kimi özbaşınamı açılar? Bunu da unutmayaq əfəndim, özünü "oda-közə toxuyan" adama cürətli deməzlər, axmaq deyərlər. Bundan əlavə, siz məqalənizdə özünüzü kənara qoyub, "təqdiri-qəza qüvvəti bazu ilə dönməz" misrasının məzmun və məalinə tabe olan əvamı özünüzə qalxan edər kimi meydana çıxırsınız. Halbuki, cürət siz və biz məktəb görmüşlərdə olmalıdır ki, əvamımız da "məktəbli" olub, "hüməmül rical təqləül cibal" kimi ali fikirlərin qüvvədən felə gətirilməsinə naili-murad olsun, əfəndim!
                                                                                                                    * * *
Əcəb türkün ürəkdən tikan çıxardan məsələləri var. Məsələn, "Abbasını bəyənməyən beş şahı çıxardar". Bu zərbi-məsəl bir para başıboş, bişüur, məslək və əqidəsiz firqələrin hər bir kargün zatə qarşı etdiyi istehzaya bir cavabı şafidir. Hər bir millətin içində "abbasını bəyənməyən" fərdlər vardır. Lakin bunlar üç qisimdir: biri abbasını bəyənməyib, beş şahı çıxardanlar, digəri, abbasını (həqiqətdə də qəlp olduğuna görə) bəyənməyib, beş şahı çıxarda bilməyənlər və üçüncüsü, abbasını bəyənməyib, beş şahı çıxartmağa aciz olanlardır. Məlum olduğu üzrə bu üçüncü qisim hər bir millət içində müzürr bir ünsürdür ki, bunun sənəti iş görməyə bel bağlayan adamları həvəsdən salmağa qövl və fel ilə çalışmaqdadır. Əlbəttə, iş görənlərimiz də öz istedad və qüvvətlərinə etiqad olsa belə, "abbasını bəyənməyənlərin" hər bir qövl və felini daşa-qayaya çırparlar.

                                                                                                                                                   Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 196-197.