Üzeyir Hacıbəyli

Stolıpin və divani-hərb

Duma üzvlərinin Rusiyada qurulmuş divani-hərblər barəsində hökumətə qarşı iradeyi-lisan etməsinə cavab olaraq, baş vəzir Stolıpin cənabları uzun bir nitq söylədi. Hərçənd belə danışırlar ki, baş vəzirin bu nitqi onun hazırcavablığına dəlalət eləməz, çünki bu nitq ən qabaqlarda hazırlanıb əzbər edilmişdi. Amma hər halda Stolıpin bu nitqi söyləyib də özünün həm natiqi-bəliğ və həm də köhnə bir politikan olduğunu isbat etdi. Vaxta ki, duma üzvləri hüzura çıxıb divani-hərb qaydalarını pisləməyə başladılar, Stolıpin onlara rəddiyyə etmədi. Bəlkə, onların sözü ilə müvafiq olduğunu anlatdı. O dedi ki, mən mahir bir yurist ilə mübahisəyə girib divani-hərb xüsusunda danışa bilmərəm, çünki bizim ikimizin də isbat edəcəyi bir şey olacaqdır ki, o da divani-hərbin pisliyindən və onun fəsxi lüzumundan ibarətdir.

Stolıpin bəhs etmir, mütləq divani-hərb tərəfdarı deyildir. Lakin divani-hərbi məhkəməsinə hökm etmək ondan ötrü ağızda bir söz deyib, sonra əməl etməmək kimi adi bir şeydir. Bainhəmə Stolıpin özünü heç itirmir. Divani- hərbləri pisləyir. Ancaq hər yerdə qurulmasına əmr edir və bunu da onunla bəyan edir ki, bəli nə etməli idim, bir vaxt baxıb görürəm ki, dövlətin əsasları titrəyib, daha bir az uçmağa qəribdir. Ona görə bu təhlükəni, yəni dövlət təhlükəsini divani-hərb vasitələrilə dəf etməyə məcbur oluram. Bu cürə sözlərə səthi bir nəzərlə baxılsa, səhih görünər, lakin görək əslində də səhihdirmi, yoxmu?

Stolıpin deyir ki, divani-hərblər qurmağa hökumət məcbur oldu. Əgər bir kəs ondan sual etsəydi ki, nə üçün hökumət bu işə məcbur oldu, zənn edirəm ki, baş vəzir kəmali-amadəgi ilə cavab verərdi ki, məmləkətdə nizamsızlıq törəmişdi və bu sözü deyib də xəta etməzdi. Çünki bu həqiqətdir. Fəqət ona bu sual dəxi verilsəydi ki, "Nə üçün məmləkətdə nizamsızlıq törənmişdi?", mən bilmirəm ki, Stolıpin cənabları nə cavab verərdi. Amma bizim özümüzə o cavab, o həqiqi cavab aşkardır. Hamıya məlumdur ki, məmləkətdə nizamsızlığın törənməsinə səbəb Rusiyada idarəyi-mütləqiyyənin davamıdır və bunun, bu çürümüş və "dəbdən" düşmüş idarənin davamına səbəb dəxi stolıpinlərin özləri və öz havavü həvəsləridir. Stolıpinin sözlərindən bu məna anlaşılır ki, idareyi-mütləqiyyəyə qarşı etiraz olunmasa idi, divani-hərblər dəxi qurulmazdı. Biz isə deyirik ki, bu doğrudur, amma nə eləmək ki, idareyi-mütləqiyyənin siqlətinə əhalinin dəxi tab edəcək qədər qüvvəti və səbri yoxdur. Halbuki hamısından gözəl burası idi ki, əgər həqiqi qanuni-əsasi verilib qayda üzrə idareyi-məşrutə bərpa olunsa idi, həm camaat üçün səadət olardı, həm nizamsızlıqlar olmazdı və buna görə də divani-hərblərin dəxi qurulmağı lazım gəlməzdi...

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 78-79.