Üzeyir Hacıbəyli

Ordan-burdan

Şəhərimizdə rus dilində yeni qəzetə çıxıbdır. Adı "Əmək" (Trud)- dir. Qəzetin baş mühərriri "Kaspi" oxucularının qədim dostu Bandarenkə (özü də "Don-Diyeqo") cənablarıdır. Allah cənab "Don- Diyeqo"nun əməyini zay etməsin. "Əmək" qəzetəsi bu halda öz rəfiqi "Kaspi" ilə şiddətli mübahisədə, daha doğrusu, mücadilədə bulunur "Əmək"in sözləri acıdır, lakin çox doğrudur. Doğru olduğuna görə də lap acıdır. Amma bitərəf adam üçün, ələlxüsus bu seçki zamanında çox bəsirətamizdir. Hər bir halda "Əmək" qəzetəsi mərdanə olduğundan hər adamın xoşuna gəlir. Amma bircə iş var.
"Əmək" qəzetəsinə "Dilxun" adlı bir müxbir dadanıbdır. Yaxşı olardı ki, cənab "Don-Diyeqo" bu müxbirin yazdıqlarına dürüst diqqət yetirə idi. Bu müxbir keçmişlərdə "Novoye obozreniye" qəzetində öz şəklini çəkmişdi. Yaxşı adama oxşamırdı. Bir kəlmə doğru söz dedikdən sonra, guya peşiman olub, daldan on kəlmə yalan buraxırdı. Bu onun adəti idi. İndi də demək olmaz ki, "Dilxun" cənabları adətini tərk etmiş ola və tərk edə də bilməz, çünki Dilxunun, yəni ürəyi qan olmuş adamın dilinə doğru söz gərək gəlməsin. Buna görə Dilxun kimiləri ilə "Əmək" sahibi ehtiyatlı olmalıdır. Və illa əməyi zay olar.
                                                                                                                     * * *
Vittenin də əməyi zay oldu. Dumovanın da əməyi zay oldu. O da istefa verdi, bu da istefa verdi...
Qraf Vitte "Portsmut bahadırı" ləqəbini alıb, həm hürriyyətpərvər və həm də mazipərəst firqələr tərəfindən yaxşıca bir şöhrət qazanmışdı. Lakin vəzirlik mənsəbi binəvanın işini xarab elədi. Bu da məlumdur. Vitte bir-birinə zidd olan bu firqələrin ikisinə də riayət edə bilməzdi. Labüd bu firqələrin birinə dalnı çevirməli idi. Özü də pişir- pişir edib, gördü ki, hürriyyətpərvər firqə mazipərəstlərdən güclü görünür. O idi ki, əvvəlinci firqəyə yavaş-yavaş üzünü çevirməyə başladı. Bu firqə isə fürsəti qənimət bilib, hürriyyət tələb edərək ayaq yerə dirədi.
Lakin sonradan iş ayrı cürə oldu. Hökumət hürriyyətpərvərlər hücumunu özündən dəf edib, ikinci hücuma fürsət vermədi. Dumovo zühur etdi... Vitte də daha nə qayırsın? İşin bu surətini görüb üzübaxan yerə dalmı çevirməyə məcbur oldu və Dumovo ilə rəfiqləşib, Rusiyada "Vitte-Dumovo" hökumətini təsis etdilər.
Lakin... hürriyyət balını bir qədər dadmış cəmaətin ağzı Vitte- Dumovo hökumətinin hər bir acı səmərəsindən təlx olduqca, hürriyyət balı ilə şirinləmək ehtiyacı artdı. Hürriyyətpərvərlərin batmış kimi görünən səsi yavaş-yavaş yuxarı mərtəbələrə qalxıb, təkrar bütün Rusiyanı tutdu...
Vitte-Dumovo əndişəyə düşdülər. Sizə Dövlət duması verəcəyik, - deyə bununla camaatın ağzını yummaq istədilər. Bu ümidlə ki, Dövlət duması olsa da, iştirak edənlər yalnız bir təəssübkeş mujiklər olacaqdır. Amma yanıldılar, xəta etdilər. Hürriyyətpərvərlər Dövlət dumasını özləri ilə doldurmağa səy edib, təəssübkeş mujikləri altda qoydular. İşin bu surəti Vitte-Dumovonın lap əl-ayağını yerdən üzdü.
- Nə etməliyik? - dedilər. - Abrımız əldə ikən, vəzirlikdən dəst- bərdar olmağımız yaxşı deyilmi? - deyib istefa verdilər.
İştə, bir sual: Vitte-Dumovonın istefası kimi sevindirdi, kimi qəmgin etdi?
Bu sualın cavabı yeni vəzirlərin əməl və rəftarına bağlıdır.
İnşaallah onu da yaxın bir zamanda eşidib bilərik. İndi, hələ eşidib, bildiyimizi söyləyək.
                                                                                                                               * * *
Eşidib, bildiyimiz odur ki, Qazax uyezdində "Quş kimi uçan qoşun dəstəsi"nin böyüyü Levitski gözəl bir qayda qoyubdur. Yol ilə ötüb, keçən adamlara hanki bir cəmiyyətin əhalisi əl ilə, ya dil ilə toxunub sataşsa, o cəmiyyətdən 3 min manat cərimə alınacaqdır. Yalan danışmaqda müttəhim olan adamlardan 3 min manat cərimə alınacaqdır. Və bu günə yığılan pullar nəyə sərf olunacaqdır? Bilirsinizmi, bu pullara uyezddə şkolalar açılacaqdır. Görürsünüz işkol açmaq üçün pulu necə tapırlar? Qafqazda ən əvvəldən belə bir "gözəl" və "düz" qayda qoyulsa idi, indi hər evdə bir şkola var idi və heç bir kəs də Qafqaz əhalilərinə vəhşi deməzdi.
İndi, ey Qazax əhli! Əgər uyezdinizdə şkolalar açılmasını arzu edirsinizsə, yol ilə gəlib-gedənə dil ilə və əl ilə sataşın və ağzınıza gələn yalan sözləri əsirgəməyin. Yox, şkolasız qalıb vəhşi və "nekulturnıy" olmaq istəyirsinizsə heç bir kəs ilə işiniz olmasın. Fas farağat oturun.
Hansı yaxşıdır?

                                                                                                                                              Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 205-207.