Üzeyir Hacıbəyli

Fitnələr qarşısında

Hökumətimizin və müttəfiqlər ordusu komandanı general Tomsonun tədbirləri sayəsində Andranikin vəhşiligi dayandırıldı. Andranik "yar və ənsaranə" məktublar yazıb, müharibə bitirdigini elan edir...

Top və tüfəng hücumlan ara verdi. Zənd edilirdi ki, bir qədər qulağımız dincələr, baş-beynimiz rahat olar. Qəlbimizin təşvişi sakit olub, yorğun əsəblərimizin sızıltısı dayanar.

Lakin heyhat! Bu zənni o adəm edə bilər ki, daşnakların xilqət xüsusiyyətlərinin təqazası və təbiyyəti-milliyələrinin icabati olan "niş" vurmaq xasiyyətlərindən bixəbər ola!

Andraniklərin top və tüfəng hücumlarının arası yenicə kəsilmişdi ki, bugün özümüzü başqa növ hücumlara məruz qalmış görürük. Bu yeni hücumlar iftira və böhtan hücumlarıdır ki, daşnakların "Vperyod" qəzetəsinin dünənki nömrəsi başdan-ayağa qədər bu iftira və böhtanlar ilə doludur.

Top və tüfəng ağzından çıxan güllələr daşnak və əmsali ağzından çıxan söyüş və yalan sözlər ilə əvəz edilibdir.

İftira, böhtan və əsassız ittihamlarından ibarət olan bu sözlər zatən general Tomsona qarşı bir nümayişdir. Yəni ey general Tomson sən ki, bizim andraniklərimizi dayandırmağa məcbur etdin, indi gör Azərbaycan müsəlmanları bizim başımıza nə oyunlar açırlar, nə zülmlər edirlər. Halbuki bunun təqsiri sənin boynuna gəlir, çünki bu işdə ehmallıq edən və Azərbaycan türklərinə "cürət" verən sənsən!

Bugünkü nömrəmizdə tərcümə edilmiş olan Şuşa erməni komitəsi nümayəndələrinin "şikayəti" mülahizə edildigi üzrə azərbaycanlıların "zülmündən" və general Tomsonun "qeydsizligindən"dir.

Lakin zənn etmirik ki, bu "şikayətnamə" müttəfiqlər komandası rəisinə ermənilərin arzu etdigi təsiri "bəxş" edib də "məzlumların" halına can yandırtsın. Tomsonlar erməni "şikayətlərini" Londra mü- hafilində dinləmirlər ki, inanmamağa həqləri olsun. Tomsonlar Qafqazdadırlar, işin içindədirlər. Kimin kimdən şikayət etməgə həqqı olduğunu görürlər. Görməsə idilər andraniklərin həddini özünə bildirməzdilər.

Azərbaycanın Azərbaycan hökumətinə tapşırılmasını təsdiq etmiş olan general Tomson Azərbaycan toprağında həman hökumətin hökm və qanunu icra edəcəgini bilmirmi ki, ermənilərin "Azərbaycan hökuməti bizi tərksilaha məcbur edir"- kimi nahəq şikayətlərinə məhəlgüzar olsun. Əlbəttə, bir dövlətdə ki, bir ünsür iğtişaş və nizamsızlığa mail ola və bu meylini hüsulə gətirmək təşəbbüslərinə silah gücilə girişə, bu "məğşuş" ünsürün müsəddiq hökumət tərəfindən tədibə və tərksilaha məcbur ediləcəgi təbii və qanunu bir əmrdir.

Azərbaycan toprağında yaşayan ünsürlərin Azərbaycan hökumətini tanıması və tanımaq istəmədigi də bu əmrə məcbur edilməsi dəxi müvafiq qanun və ədalət bir işdir ki, daşnakların Azərbaycan hökuməti bizi itaətə məcbur edir deyə bu yoldakı şikayətlərinin nə qədər boş və əsassız olduğunu özü-özündən aşkar surətdə bildirməkdədir.

Guya Azərbaycan qoşunu və "müsəlləh tatarlar" səbəbsiz olaraq erməni kəndləri üzərinə hücumlar edib, əhalini qətl-qarət edirlər deyə şikayətin dəxi ətraflı bir surətdə təhqiqə böyük bir ehtiyacı vardır. Bu təhqiqin nəticəsi meydana çıxıncaya qədər həman şikayətlərin bizim gözümüzdə iftira və böhtandan ibarət olacağı da dəlil və əsassız degildir.

Daşnakların andraniklərin vasitəsilə üzərimizə atılan top və tüfəng güllələrini dəf etmək bunların iftira və böhtanlarını rədd etmək işindən çox asandır. Çünki ermənilər cəngavərlikdən artıq böhtan və iftira qurmaq ustadlığı ilə məşhurdular. Odur ki, bu günə "danoslar" hücumuna və iftiralar "niş"inə qarşı qəlbimizi bir o qədər də sıxmayıb Sədinin:

                                                                             "Nişe əğrəb nə əz-rəhe kin əst,
                                                                              İğtezaye təbiətəş in əst"

beyti ilə mütəsəlli, ola bilərik, lakin bununla boylə özümüzü "əqrəb"lərdən qorumaq hər bir cəhətcə borcumuzdur. Çünki bunların "nişi" kin üzü ilə olsun ya təbiətlərinin iqtizası olsun, insanın canını ağrıdır və əziyyətinə səbəb olur.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 83-84.