Ordan-burdan: [Bir "Başıqapazlı"nın söylənməyi]
"Bizim adımız başıqapazlıdır. Ya budur ki, gərək biz evdən bayıra çıxmayaq, ya ki, çıxsaq da hər tərəfdən qapaz yeməyi gözümüzün önünə alaq. Bilet alıb vaqona minirik - konduktor qapaz vurub deyir ki, nə üçün bilet alıb məni rüşvətdən məhrum edibsən? Bilet almayıb vaqona minirik - yenə konduktor qapaz vurub deyir ki, nə üçün biletsiz gedirsən. Sonra da tutub cibimizi soyur. Şəhər və kənd müəssisə (uçrejdenie)lərinin qapısında biz həmişə boynu buruq və əli qoynunda durub həftələrlə "növbət" gözləyirik. Axırda da "zavtra" ilə bir qapaz alıb, məyus gedirik. Ürəyimizin qəmini dağıdıb əhvalımızın pərişanlığını düzəltmək niyyətilə "bulvar" və "sad" deyilən təfərrückahlara çıxırıq - qaradavoy qapaz vurub, bayıra çıxardır ki, bura sizin yeriniz deyil. Tamaşa üçün teatrlara gedirik - pul ilə də bizə bilet vermirlər. Görünür ki, ora dəxi bizim yerimiz deyil. Küçələrdə gəzmək bizim üçün xatadır. Sübh vaxtı qabağımıza çıxan adam bizi görüb, geri çəkilir ki, tfu "mənhus" adama rast gəldim. İşim düz gətirməyəcək. Axşam-çağlarda da bizi qaradavoy və strajniklər soymasa - quldurlar soyur. Dilənçilər də bizi görüb, təkəbbürlük satırlar. İtlər də hər yerdə tək bizə hürür, uşaqlar da bizə sataşır. Guya ki, biz bu dünyaya gəlməkdə bir xəta etmişik".
Bəzi qumarbazlar var ki, oyun əsnasında əvvəl udarlar, sonra da udduqlarını bir-bir uduzmağa başlarlar. İştə Bakı şəhər idarəsi dəxi bu qumarbazlara bənzəyir. Əvvəlcə idarənin mədaxili başa gələn deyildi, amma indi... o, ordan pul istəyir, bu, burdan pul istəyir. Pul da yoxdur. Ayın 20-si də yaxınlaşmaqdadır.
Demək olur ki, bütün Rusiya dəxi maliyat cəhətincə bizim Bakı şəhər idarəsinə bənzəyir. Rusiyada da pul yoxdur. Hər nə qızıl var idi, göndərildi "dəryanın o biri tərəfinə", halbuki, bu tərəfdə pul dərmanı olan dərdlər başa gələn deyil... Qərbi qonşular da pul borc vermək istəmirlər. Şərqi qonşulardan da tək bir İran borc pul verərdi, əgər özünün borcu qədər pulu olsaydı.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 197-198.
