Ordan-burdan
- Daha bəsdir, ay alçaq xuliqanlar, ey millətin xari və zəlil olmağını özləri üçün mənfəət bilən alçaqlar! Daha bəsdir, milləti əlinizdə alət və oyuncaq qayırıb o fitnə və fəsadlarınızı əmələ gətirmək! Qorxun o gündən ki, camaat ayılıb siz dəlilərin nə cürə şeytan olduğunuzu duya və başa düşə. Nə üçün xalqı iqva eyləyirsiniz? Neçin qoymayırsmız ki, xalq öz işinə, öz gücünə məşğul olsun. Nə üçün camaatı aldadırsınız? Nə üçün tazə tərəqqi başlamaq istəyən camaatın içinə pürxaşlıq və şuluqluq salmaq istəyirsiniz? Camaatın tərəqqisini sizin qurdlu və xain qəlbiniz qəbul etmirmi? Nə üçün işıq gələn yerə murdar barmağınızı tıxırsınız? Ey xain öküzlər! Vallah, əmin olun ki, çox meydan sürə bilməyəcəksiniz, zəmanə öz işini edəcəkdir və pislik sizin özünüzə qalacaqdır.
Rəfiqim bu sözləri deyib acığından dodaqlarını çeynəməyə başladı, soruşdum: Nə olub, nə üçün ağzından od yağdırırsan? Rəfiqim cibindən qəzetini çıxardıb qabağıma qoydu və Tehrandan gəlmiş teleqramı göstərdi. Oxudum. Orada yazılmışdı ki, bəzi adamlar Tehran məscidlərində Tağızadə cənablarına qarşı sözlər və moizələr söyləyirlər.
Doğrudan da bu əhval məni dəxi pəjmürdə və pərişan etdi.
Tağızadə ən tərəqqipərəst bir adam olub, millətin xeyirxahıdır. Özünün də elmi və məlumatı çoxdur. Yevropada onu yaxşı tanıyırlar və onun sözlərinə etina edirlər və əhəmiyyət verirlər.
Bəs, belə olan surətdə nə üçün Tağızadəyə qarşı sözlər söyləyirdilər və nə üçün o cürə sözləri də camaat qəbul edir?
Nə üçün!.. Çünki Tağızadənin adı hər yerdə çox çəkilir, amma, o birilərininki az. Ona görə də alçaq təbiətlilərə bu cürə əhval xoş gəlmir.
Elmli və mədəniyyətli məmləkətlərdə elə ki gördülər bir adamın ümum millətə mənfəət vermək qabiliyyəti var, o adama bacardıqca kömək edirlər, amma bizim yerlərdə və İranda ki, mədəniyyət yoxdur, o cür adamların qabağına bəxil və xain adamlar çıxıb fitnə və fəsad qurmaqla başından batırmağa səy edərlər.
O səbəbdəndir ki, mədəniyyətli məmləkətlərdə hər bir cürə hünər getdikcə tərəqqi eləyir, amma mədəniyyətsiz yerlərdə hünər və məharət sahibləri alçaq və dəni təbiət fitnəkarların fisqü-fücuruna qurban olurlar.
Bunun da səbəbi, yəni fitnəkarların meydan bazarlığının səbəbi, camaatın yaxşı və yamana təfavüt qoymamağından və öz xeyir-zərərini bilməməyindəndir.
Doğrudan da, əgər camaat öz xeyir və zərərini bilsə və xeyir gətirən ilə zərər yetirəni dürüst tanısa, o halda alçaq fitnəkarlara yol verməz.
Dedim rəfiq, biz İranlı qardaşlarımızın ayılmalarına inanmışıq, ona görə də çox ümid eyləyirik ki, Tağızadənin İran üçün ən mənfəətli bir cavan olduğunu anlayıb da, əlindən-başından bir iş gəlməyən alçaq xainlərin başından qapazlamaqla Tağızadənin yolunu təmizləyərlər.
Bundan sonra gərək camaat razı olmasın ki, alçaq müfəttinlər onları öz murdar əllərində alət və oyuncaq etsinlər.
Rəfiqim başını buladı və inam olmaq istəmədi.
- Amma öz tərəfimdən inanıram ki, bu iyirminci əsrdə aləmi- islamda vaqe olan böyük əhvallardan sonra islam şəhərlərindəki xuliqanlar çox az meydan sürə biləcəkdirlər.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 118-120.
