Ordan-burdan: [Müxtəlif qəzetələrimiz]
Əgər əhalimizdən hər sinfin özünəməxsus bir qəzetəsi olsa idi, onda onların hərəsinin məzmunu bu yolda olardı ki, ərz olunur:
Ruhanilər qəzetəsi
Teleqraf - Tehran - Ağayi-əcəlli-əkrəm, balacah, ...da ati təyida- tühüm, bugünkü günlərin şərəfli-şərəfli günlərindən bir günüdür və o günün şərafəti barəsində əazimi şüərayi islamdan çox kimsələr gözəl qəsidələr inşad buyurubdurlar. Balai-mənbərə süud buyurub müsəlmanlığın əvvəliminci əlamətlərindən olan saqqala nə vədə həna yaxmaq və nə miqdarda rəng sürtmək keyfiyyətini tamam hüzzarə fəsih və bəliğ bir zəban ilə təbliğ buyurdular və tamam hazıruni feyziyab etdilər.
Məqalə - O vaxtdan ki Allah-taala insanı yaratdı, insan cəmi məxluqatın əfzəli oldu, məsələn, əgər sizin içinizdən birisini götürüb at, eşşək, qoyun, xoruz və sair bu kimi heyvanlar ilə bərabər tutsaq, yəni tərazuyi-mənəvi ilə çəksək və adamı tərazu daşı məqamində qoyub cəmi heyvanatı da o biri gözə sığışdıra bilsək, onda görərik ki, həmin insan onların hamısından ağır gəldi.
Yəni ağır gəldi, nəinki bu mənada ki, insanın cismi dəmirdən yaranıb ağır çəkir; xeyr, bəlkə əqli, zəkavət, bəlağət, fəsahət, həmaqət, kəmalət cəhətincə insan sair məxluqatdan artıqdır və o səbəbdəndir ki, dünya yaranandan bəridir ki, o vaxtdan 70 min il keçib və bundan sonra da 77 min il keçəcəkdir. Heç yerdə və heç bir vilayətdə görünməyib ki, bir at və ya bir eşşək insanı yəhərləyib onun üstünə minsin. Bəlkə hər yerdə və hər zamanda insan at ilə eşşəyin üstünə minibdir. Bəs belə olan surətdə, o kəsləri ki, deyirlər insana elm lazımdır, nə üçün bu boş sözlərlə insanı zəlalətə salırlar? Halbuki insan oxusun-oxumasın cümlə məxluqatın əfzəlidir və qeyri əzin əlavə, əgər bütün insanlar elm dalısına düşüb biz həqirlər kimi elm yolunda 30-40 il sərf etsələr, aya o surətdə kim bizim üçün hamballıq eylər. Kim bizim üçün başmaq tikər, kim bizim üçün xörək hazır edər? Heç kim! Çünki hamı deyir ki, mən mollayam, axundam və hamı molla və axund olan surətdə “mən ağa, sən ağa, bəs inəkləri kim sağa?” məsəli-məşhuri üz verib dünya bərbad olar.
İntellegentlər qəzetəsi
Teleqraf - Peterburq - İntellegentlər klubunda klub çlenlərinin birisi ikicə saatın prodoljeniyasında iyirmi üç min səkkiz yüz doxsan dörd manat pul vıqrat eyləyib, gecə poyezdilə Amerikaya otpravitsə oldu. O pulu proiqrat eləyən əvvəlcə istəyib zastrelitsə olsun, amma sonra istəməyibdir.
İstatya - Ay bizim bu müsəlmanlar qanmazdırlar ha! Çesnislovo, adam ruslar yanında az qalır ki, utandığından yerə girsin. Birdən sluçay olur ki, bir rus kavaleri və ya bir rus damasilə qulyaniyaya çıxırsan, bir də görürsən ki, qabağına bir adam çıxdı: başı qırxıq, saqqal qırmızı, əl hənalı, ayağındakı başmaqlarının da taqqıltısı bir verstdən eşidilir. Gəlib sənin yanından keçdiyi bəs deyil, hələ arsızlığına salıb onların yanında sənə bir salam da verir. Az qalır ki, dişin bağırsağını kəssin. Bununla belə də bəzi liberallar çıxıb deyirlər ki, bizə şkol lazımdır. Daha onu başa düşə bilmirlər ki, bu müsəlmanlar bir bədbəxt tayfadır ki, Allah həmişə bunları başı qapazlı yaradıbdır, çünki ona da layiqdirlər. Əşi... Nə deyim, vallah! Allah insaf versin Əhməd bəy Ağayevə ki, Peterburqda belə gedib gəzməklə, adam görməklə, qəzetə yazmaqla qoymadı ki, bu qanmaz tayfanı hökumət “vıselit” eləsin “k çortu”! Nahaq yerə başımıza ovaldırlar!..
Əsnaf qəzetəsi
Teleqram - İsfahan - Burada bir seyid zühur edib, bir ocaq açıb və bir ziyarətgah qayırıb, arvad-uşaq hamısı başaçıq, ayaqyalın onun hüzuruna gedib nəzir verirlər. İki nəfər məlun bu qurban olduğuma şəkk gətirdikləri üçün, birinin gözü kor oldu, o biri də ayaq üstə qurudu.
Məqalə - Din əldən getdi, müsəlmanlıq məhv oldu, islam puça çıxdı, iman süst oldu. Cavanlarımız üzlərini qırxdırdı!
Himmət yox, həmiyyət yox, namus getdi, qeyrət qalmadı. Papaq bizə haram olsun. Xalq bizi aldatdı. İttifaq yox, ittihad yox, heç utanmırıq, heç qızarmırıq, din əldən getdi, müsəlmanlıq məhv oldu. Həmiyyət yox, namus getdi, qeyrət qalmadı, iman süst oldu.
Papaq bizə haram olsun. Qaradavoy gəldi qaç.
Cavanlar qəzetəsi
Teleqram - Parij - Burda tazə bir zad... Camaat yox, cəmiyyət yox, əcimiyyət yox, yox əşi, “obşestvo” əmələ gəlibdir. Onun zadı... belə nişanı yox, zad... Hə, məqsədi yaxşı-yaxşı işlər görməkdir! Amma biz bədbəxt müsəlmanlar daha nə deyim!
Qabaq bizim müqəddəs vəzifəmiz odur ki, camaat içində yaxşı- yaxşı işlər görək və razı olmayaq ki, bizim camaat pis-pis işlərə məşğul olsun. Biz molodej, yox... biz cavanlar gərək çoxlu-çoxlu yığılaq, orada söhbət eləyib, camaatımızın dərdinə yaxşı-yaxşı dərman hazırlayaq. Biz gərək bu yolda çoxlu-çoxlu iş görək və razı olmayaq ki, hamı irəlidə olsun, amma bizim bədbəxt camaatımız dalda qalsın...
Bu saat bizim camaat bir quyunun içindədir, o quyu ki, onun adına rus dilində “nevejestvenni”, amma bizim dilimizdə xəcalət quyusu deyirlər. İndi bizim borcumuz o quyunu darmadağın eləməkdir və... və...
İdarədən: Və boş-boş sözlər danışmaqdır.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 80-84.
