Üzeyir Hacıbəyli

Təzə müəllimlərə xəbərdarlıq

Bilirəm, yəqin bu il uçitellik şkolalarından təzə müəllimlər gəlib o yanda-bu yanda şkolalarda dərs deməyə başlayaçaqlar. Amma mən bilirəm ki, ey yazıq uçitellər, sizin başınıza nə macəralar gələcəkdir! Axı siz pansionda oxuyubsunuz. Pansion da bir elə yerdir ki, səhər durub görürsən çayın hazır, günorta naharın buğlanır, axşam yerin salınıb, hazır durur. Səninki elə bir o olur ki, içirsən, yeyirsən və yatırsan, heç bir zəhmətin də yox, savay in ki, dərs əzbərləmək! Onu da keyfin istər əzbərləməzsən və onda da çox olar, bir il də artıq yeyib yatarsan. Dünyadan heç bir xəbərin yoxdur.

Bəli, indi sən uçitellik məktəbini qurtardın və tutalım ki, səni bir kəndə qoydular. Gedəcəksən kəndə.

Camaat səni gördükdə bir qədər hürkəcəkdir, çünki sənin işıldayan dügmələrinə baxdıqda (o dügmələr ki, onu taxmaqdan ötrü beş il diş tökmüsən), elə biləcəklər ki, gəlibsən mal qırmağa, ya ev yazdırmağa, ya xalqın yerini əlindən almağa, ya adam döydürməyə, amma, sonra biləcəklər ki, sən uçitelsən, daha hürkməyəcəklər, amma bir az səndən gen dolanacaqlar, çünki hər nə tövr olsa, yenə urusa oxşayırsan.

Bir zamandan sonra görəcəksən yanına bir adam gəlir ki, həm bəyə oxşayır, həm də yasavula. O adam gəlib sənə əl verəcəkdir və səninlə başlayıb elə svobodnı danışaçaqdır ki, guya səni çoxdan tanıyır və hər gah yanınıza adam-zad yığılsa, söyüb qovacaqdır və danışdıqca nəinki əlini, başını, qaşını, gözünü, hətta bütün bədənini və ayaqlarını da tərpətməyə başlayacaqdır, belə ki, gendən baxan elə biləcəkdir ki, bu sənin qabağında oynayır.

Bu adam sənə çox sözlər deyəcəkdir; pristavdan, naçalnikdən, hətta, qubernatordan belə danışacaqdır və bu söhbətlərdən sən anlaşacaqsan ki, pristav da, naçalnik də, qubernator da-hamısı bu adamın aşnasıdır və Çəmi kənd əhli onun barmağına baxıb anqırar. Sonra bu adam gedəcəkdir və vədə verəcəkdir ki, sabah gəlib sənə bir ərizə yazdırsın. Bəs onda biləcəksən ki, kənd yüzbaşısıdır.

Bir neçə gün bu kənddə bikar qalacaqsan və bir neçə gündən sonra baxıb görəcəksən ki, xeyli arıqlamısan, çünki səhər çay tapmayacaqsan, günorta da ət əvəzinə yumurta yeyəcəksən, o da ya çörəkli, ya çörəksiz. Onda uçitellik şkolu sənin yadına düşüb, bir ah çəkəcəksən və ürəyin xarab olacaqdır və azca qalacaqsan ki, qaçıb gedəsən. Sonra şkol açmaq əhvalatı meydana gələcəkdir. Bu əhvalat çox uzundur, ancaq o var ki, bu işin üstündə naçalnik, pristav, yüzbaşı, sən və səndən böyük inspektor və direktor-hamısı bir-birinə qatışıb, axırda ya hamınız oradan qaçacaqsınız, ya da ki, bir daxma tapıb sənə tapşırıb deyəcəklər ki, bu şkoladır; buyur, uşaq yığ, dərs ver.

Qərəz, əhvalat uzundur, müxtəsər eləyək. İnspektor gəlib sənə tapşıracaqdır ki, bu uşaqlara elə dərs verərsən ki, rus dilini bülbül kimi bilələr və qoymazsan ki, bir kəlmə də müsəlman dili danışsınlar. Sən də o cür başlayaçaqsan. Amma görəcəksən ki, işlər çətin olur; uşaqlar sənin dilini başa düşmür. Bir zaman görəcəksən ki, şkol boşalır, uşaqlar gəlmir. Kənara çıxıb görəcəksən ki, həmin uşaqlar mal otarırlar və sənə baxıb gülürlər. Deyəcəksən: "Neçün şkola gəlmirsiniz?". Onlar dinməyəcəklər, başların bulayıb, malı qovacaqlar və yenə sənə baxıb güləcəklər. Sonradan-sonraya eşidəcəksən ki, uşaqların ataları elə biliblər ki, sən onları rus eləyirsən, o səbəbə uşaqları qoymurlar. Sonra sən hərgah qəzet oxumaq bacarsan, bir savadlı kəndlinin adına gələn qəzetdən ittifaqən biləcəksən ki, Bakıda-filanda şkolalarda əvvəl il ana dilində dərs deyirlər. Sən bilməyəcəksən ki, ana dili nədir. Sonra başa düşəcəksən ki, türk dilidir. Onda sən də istəyəcəksən ki, türk dilində dərs verəsən, amma di kəl ki, bir tərəfdən heç özün türk dilini bilmirsən və digər tərəfdən də inspektordan qorxursan. Qalacaqsan mat-məəttəl və yenə istəyəcəksən ki, qoyub qaçasan. Lənət şeytana eləyəcəksən, fikrə gedəcəksən və hərgah xoşbəxt adamsansa, köhnə müəllimlərdən biri gəlib sənə qonaq olacaq və əhvalını belə görüb çox güləcək və sənə yazığı gələcək və axırda səni başa salacaqdır ki, türkcə çətin deyil, türkcə təzə, asan "Əlifba" kitabçaları var, götür onlardan həm özün əzbərlə, həm də uşaqlara dərs de. Sən türkcə "Əlifba" kitabının olmağına təəccüb eləyəcəksən və yalvaracaqsan ki, yoldaşın o kitablardan sənə göndərsin. Yoldaşın sənə çox şeylər nağıl edəcəkdir. Sən də baxıb görəcəksən ki, heç dünyadan xəbərin yox imiş!

Sonra başlayacaqsan yoldaşın söyləyən qayda ilə dərs deməyə. Uşaqların ataları müsəlman kitablarını görüb, uşaqlarını təzədən göndərəcəklər. Amma bu iş kənd mollasının xoşuna gəlməyəcəkdir. Başlayacaq sənə badalaq qurmağa və camaata "vəz" edəcəkdir ki, hər kəs uşağını məktəbə qoysa arvadı ondan boşdur. Uşaqlar yenə dərbədər olacaqdır. Sənin də keyfin xarab olacaqdır. Yazıb yoldaşından soruşacaqsan ki, bəs indi nə qayırım?

O da sənə yazacaqdır ki, inspektordan təvəqqe et ki, haman mollanı sənin məktəbinə şəriət müəllimi qoysun. Sən də təvəqqe edəcəksən. Hərgah izn olsa, mollanı təyin edəcəklər. Molla şkolaya gələcəkdir və camaat görəcəkdir ki, molla özü şkolaya gəlibdir və arvadı da ondan boş olmadı. Yenə uşaqlarını şkolaya göndərəçəklər.

İşlər bir az düzələcəkdir, amma o biri kənd mollasının xainliyi tutacaqdır ki, niyə onu qoyub, o biri mollanı müəllim tutublar. Başlayıb camaat arasında söz salacaqdır ki, şkolada dövlətlilərin uşaqlarına yaxşı dərs verirlər, amma kasıblarınkına pis. Bu əhvalat işləri bir qədər şuluq salacaqdır.

Bir qədərdən sonra inspektor gələcəkdir və görəçəkdir ki, uşaqlar rusca bilmir, sən də söyləyirsən ki, onlar heç müsəlmanca bilmirlər; hər ikisindən də avaradırlar. Bilməyəcəksən ki, inspektora nə cavab verəcəksən. Çox danışacaqsız, axır ya dalaşacaqsan, ya dalaşmayacaqsan, amma hər halda daha şkolanı qoyub qaçacaqsan düz Bakıya və olacaqsan "işsizlər cəmiyyətinin" üzvü və hər kəs soruşsa ki. "Nə qayırırsan?", deyəcəksən ki, "İt döyürəm".

İndi bəndədən sizə nəsihət: bunlar hamısı olmamaqdan ötrü bu üç ay yayı fürsəti fot eləməyib, baxın görün dünyada nə var, nə yox. Sizdən ötrü nə öyrənmək lazımdır. Öyrənin, bilin və ondan sonra kedin uçitelliginizə.

Hərgah başınız bəla görsə, kəlin mənimlə dalaşın, vəssalam!

Bağışlayın, bir qədər uzun oldu, Molla Nəsrəddin demişkən, yay günü bu uzunluğunda şey yazmaq da, oxumaq da zülmdür.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 88-91.