Nuri-didə Ceyhun!: [1 mart 1924-cü il]
Salam-duadan sonra Zöhrənin Cəmala və anasına yazdığı kağızlar gəlib yetişdi, uşağların nasazlığı bizi çox mükəddər edir. Onlara yaxşıca müğayat olmağ lazımdır. O ki qaldı bizə, Məleykə təmam iki aydır ki, naxoşdur, indi- indi yaxşı olmağa başlayıb, yavaş-yavaş ayağa durmağa başlayır.
Anamdır də, qalanlar hamısı sağ və salamətdirlər. Nənəmin tez-tez başı, beli ağrıyordı, neçə-neçə həkimlərə göstərdim. Deyirlər ki, qocalığdandır, qərəz arvad çox əziyyət çəkirdi, axırda gedib onun üçün "bridun skarski jidkist" denilən dərman (məcun) aldım. Verdim içməyə, bir-iki gündən sonra arvadın ağrıları hamısı sakit olub elə bil ki, tazədən dirildi, kefi kökəldi başladı işləməgə, qərəz lap dirçəldi. Həman dərman ki, orqanı terapiyaya aid şəmmədir, çox gözəl şeydir sonra neçə-neçə adamlara deyirdim, indi hamısı dua edirlər. Bu saət onu hamımız içirik və çox yaxşı təsir edir, insana çox qüvvət verir. Siz də o dərmandan alıb içərsiniz.
İçində yazıldığına görə uşağlara dəxi verilir və yaxşı təsir edir. Bu dərmanı əvvəllər də falsifikasiya edirdilər, çünki xüsusi adamlar tərəfindən satılardı. Əmma indi bu dərman Moskov hökumət laboratoriyasında qayırdığına görə falsifikasiya ola bilməz, çox yaxşı dərmandır. Əlavə bununla sizə əlli rublə pul göndərirəm, baziyafət edəsiniz. Əlavə Aişə xanım Cəmala deyibdir ki, Qubada olan evlərini satır, hökumət alır, Evini satan kimi Zəhranın hissəsini Cəmal vasitəsilə sizə göndərəcəkdir.
Əlavə mən dəxi bu sənə axırında yəni iyun ayında ali təhsilə gedəcəyəm, bu məsələ, məncə, qət edilmiş bir məsələdir. Zənn edirəm ki, Maarif Komissarlığı dəxi bunun qəti tərəfdarıdır. Bu günlərdə məsələ rəsmən açılacaqdır. Mənim ali təhsilimin gələcəkdə son dərəcə lazımlı olduğunu Maarif Komissarlığı təsdiq edir və çox ümidim vardır ki, mənə lazım olan köməyi müzayiqə etməyəcəkdirlər. Baqi genə müfəssəl məktub yazaram.
Cəmi qohum-əqrəbanın salamını Zöhrəyə və uşaqlara yetirəsən.
Bəradərin Üzcyir. l.III.(1924).
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 355.
