Üzeyir Hacıbəyli

Getsinlər gəlməsinlər

Şəhərimizdə rus erməni könüllü ordusu təşkili kimi istiqlalımıza şərəf və heyssiyatımıza toxunan və gələcəyimiz üçün böyük bir təhlükə təşkil edən qeyri-normal hadisəyə qəzetəmiz çoxdan bəri idi ki, hökumətimizin diqqətini cəlb edib, bu cürə işlərin tezliklə önü alınmasını tələb edirdi. Hökumətimiz bu hadisəyəsə lazım olan dərəcədə diqqət etdirib əhvalatı ingilis komandasına bildirdi. Və bu könüllü qoşunun paytəxtimizdən tezliklə rədd edilməsini tələb etdi və "əks surətdə biz özümüz əlimizdən gələn vasitə ilə iş görməgə məcbur olacağıq", - deyə müstəqil hökumətə yaraşan bir dil ilə danışdı.

General Tomson həzrətləri dəxi bu hadisənin qeyr normallığı həqqində bizimlə şərik olduğunu bildirib, könüllülərin çıxıb getmələrinə razı oldi. İngilis komandası rəisinin bu razılığı məhz hökumətimizin təhdidi nəticəsi olaraq vüqu buldu deyib də fəxr etsək, əlbəttə, özümizi bir dərəcəyə qədər aldatmış olarıq. Çünki əgər ingilis hökumətinin indiki politikası könüllü ordusunun Bakıda qalmasını iqtiza etsə idi o halda "qan tökülə bilər" ehtimalı qərini- həqiqət olsa da nəzərə alınmazdı və bu iş o tərəf və ya bu tərəfin zərbi- -təstilə həll olunmağa münhəsir olaraq qalardı. Halbuki denikinlər üçün hazırlanan ordunun Azərbaycan paytəxtində saxlanılmasından ingilis hökumətinin bugünkü politikası heç bir şey udmazdı, bəlkə nəticədə uduzardı ki, o uduzduğu şey də azərbaycanlıların ingilislılərə qarşı ibraz etdigi etimad və hüsni-rəğbətdən ibarət olardı.

Mətləbi bir az daha aydın etmək üçün ingilis politikasının nazik nöqtə və nüklələrini şərh etmək niyyəti ilə lovğa-lovğa meydana atılıb da, ancaq bir qəzetəçi sifətilə aşkara dərk etdigimiz yerlərindən bəhs etmək istəyirik. İş bundadır ki, ingilislər bolşevikin istər Rusiyada, istər Almaniyada, istər sair məmləkətdə olsun əleyhinə qarşı politika yeridib mübarizə etməkdədirlər. Bu nöqteyi-nəzərdən, hər kəs ki, bolşevikliyə ziddir və bolşeviklıklə mübarizəyə girişir, ingilislər tərəfindən hüsni-təvəccöh qazanır. Ona görədir ki, bugün ingilislər rus bolşeviklərinə qarşı müharibə açmaqda olan denikinlərə də hüsni-təvəccöhdən başqa mühimmat və ləvazimat sandan dəxi əl tutub kömək göstərməkdədirlər. Deməli, ingilislərin denikinlilər ilə olan əlaqəsinin isti və soyuqluğunu, bu axırkilərin bolşeviklərə qarşı açmağda oldığı mübarizənin mizani dərəcəsi ilə ölçmək olar. Qoy "Vahid Rusiya" tərəfdarları bu zəmində olsunlar ki, ingilislər denikinlərə kömək edib də Rusiyanı yenidən diriltmək 1914-cü sənə hüdudi daxilində bərqərar etmək istəyirlər. Biz isə heç vəxt buna inana bilmərik ki, ingilislərin ən daireyi-nüfuzuna şərik çıxan və bir gözü daima Hindistan sərvətində olan "rus çarlığını" yenidən diriltmək istəyən kim olsun? İngilislər! Halbuki bu cəhanşümul müharibədə qalib çıxan ingilislərin ələlümum politikası təbiidir, bu yolda olacağdır ki, qələbəsindən istifadə edib də müharibədə itirmiş olduğu zərərləri təzmin etməkdən başqa bir də özini nəinki yalnız Almaniya kimisi taza düşmənlərinin, bəlkə Rusiya kimi qədim düşməninin də gələcək hiylə və dəsisələrindən məsun və məhzuz qılsın.

Ona görədir ki, denikinlər ingilislərin sevmədigi bolşeviklərə qarşı mübarizə işini kənarə qoyub da "Rusiyanı diriltmək" kimi başqa "avantyura"lara iqdam edirlərsə, ingilislərin hüsni-təvəccöhiylə köməklərindən də məhrum olarlar. Denikin qoşununun "Soçi" bəhanəsilə Gürcüstana qarşı qəsd etmiş olduğu hücum xəyalpərəstanəsini dayandıran ingilistlər oldu ki, bu "fakt" yuxarıdakı sözlərimiz üçün sübuti-kafı və dəlili-şafı ola bilər. Denikin və Dağıstan Cümhuriyyəti müsadiməsi məsələsi isə, genə əgər dağıstanlılar müttəhidülqövl olsalar ingilislər əliylə toxdadılacaqdır. İndiyə qədər təvəqqətən dilə- məməsinin səbəbi isə başqadır ki, o barədə bildigimiz mövqei gələn vəxtında söylərik.

Bu səbəbdəndir ki, məhz bolşeviklər ilə mübarizə etmələri lazım gələn könüllüləri bolşeviklik qorxusu olmayan və biləks, bolşevikligə müxalif surətdə təşkil etmiş olan bir hökumət paytəxtində saxlamaqda ingilislərin heç bir qəsd və qərəzi ola bilməzdi. O idi ki, hökumətimizin bir kərə müraciət etməklə general Tomson həzrətləri Azərbaycan türklərinin xoşuna gəlməyən könüllüləri şəhərimizdən çıxarmağa razı oldu və razı olub da sözünə əməl etdi. Könüllülər getdilər və getmək üzrədirlər. Müdəbbir Tomson bu işdə istifadə edib də vəziyyətləri şübhəli görünən flot kimilərini də kəmali-ustadı ilə ələ gətirib əsləhələrini boşaltdı.

Bu tədbirlərin sayəsində Azərbaycan paytəxti Şimalın sağ və sol qorxularından qurtardı. Boylə ki, "Yedinaya Rossiya" kimi sağ "Vahid Rusiya"lıların ümidgahı olan könüllülər rədd edildigi bir anda "İznamiya truda" kibi sol "Vahid Rusiya"lıların da istinadgahı olan flot silahsız qalıb "zərərsizləndi".

Nəql edildigi üzrə, könüllülər gedərkən "bir zaman keçməz, Azərbaycan üzərinə hücum ilə gələrik və Azərbaycanın axırma yetərik", - deyə təhdidətdə bulunurmuşlar. Əlbəttə, qovulmaq acılığını dərk edən adam ağzına gələni danışacaqdır. Hər halda biz "könüllülər getdi və flotun silahı alındı" , deyə rahat olub da Fətəli xan həzrətləri demişkən başımızı yastığa qoyub da yatmamalıyıq. Biz hər bir hadisə vüquinə hazır olmalıyıq, özümüzü o dərəcədə müdafiə halına gətirməliyik ki, çağırılmamış qonaqlar bir də üzərimizə "qonaq" gəlmək istəsələr, mehmannəvazlığımızın hər bir surətindən xəbərdar olub da "xörəklərimizin dadı damağlarından" çıxmasın.

Keçək flot məsələsinə.

Prjevalski ilə könüllülərin Bakıdan rədd edilmələri, sağ "Vahid Rusiya"lılar üçün gicəlləndirici bir zərbə olan kimi, flot təslimi hadisəsindən sol "vahid"lilər üçün eyni dərəcədə bir zərbə oldığını anlamaq üçün Roxlin bu münasibətlə yığılmış fövqəladə fələ konfransında sögləmiş olduğu bəyanatını oxumalıdır.

Bu bəyanatdan əz cümlə məlum olur ki, "milyoner" Biçeraxovun pul və mal köməyindən məhrum qalmış olan flot əmələçatını bir növ dolandırmaq və flotu sağ "vahid"lilər əlinə salmamaq üçün "iki şər’dən ən kiçiyinə razı olub da flotı Azərbaycana satmaq istəmişlər və hesablan da boylə imiş ki, pul Azərbaycandan çıxacaq, əmma mal özlərində qalacaq. Yəni Azərbaycan hökuməti flotu alıb da "matrosları olmadığına görə" həman mövcud matrosları da məvacib ilə saxlayacaqdır və nəticədə bu olacaqdır ki, ruxlinlər məvacibsizlik üzündən zabastovka edən avtokalonlar kimi matroslar zabostovkasından azad olub da, Azərbaycan pulu ilə flotu öz əllərində saxlayacaqdırlar ki, lazım olan vəxtində toplarının ağzını Azərbaycan paytəxti tərəf çevirsinlər... Roxlinlərin alış-veriş işində müştərini aldatmaq məharətləri bütün aləmcə məşhur və kifayətdir. Lakin biz Azərbaycan türklərinin aldadılacaq dərəcədə safdərun müştəri olmadığına qail olanlardanıq. Şübhəsiz Azərbaycan dövləti flotu başqa üsullardan vaz keçib də pul ilə almaq istəsə idi alardı və aldıqdan sonra mövcud matrosların hesabını verib də azad edərdi. Flotun bu halda bizim əlimizdə olmadığını təəssüflər etməklə bərabər əlimizdə olmasa da "ziyansız" bir hala düşməsindən dolayı məmnun olduğumuzu gizlətmirik və ümidvarıq ki, bu flot axırdan-axıra genə bizim olacaqdır, nəinki Roxlin arzusuna görə "raboci"lərin ki, bunların flot saxlamaq kimi işlərlə gərək heç bir əlaqələri olmasın.

Qərəz solların istinadgahı zərərsizlənən kimi sağların ümidgahı da çıxıb getdi.

Çox gözəl...

Bunların bir kərə "yerli-dibli" çıxıb getmələri arzu və intizarında olub da, son söz olmaq üzrə dallarına bunu deyə bilərik ki:

- Getsinlər, gəlməsinlər!

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 107-110.