Azərbaycan aşıqları
İnqilabdan əvvəl Azərbaycanda cəmi bir musiqi məktəbi (Bakıda) vardı, o da ancaq varlı burjua uşaqlarının üzünə açıq idi. Məmləkətimizdə nə milli opera, nə musiqili xor ansamblı vardı. Aşıqlarımızın gözəl sənəti gözdən düşmüşdü. Azərbaycan burjuaziyası öz yaradıcılığında günün siyasi və məişət məsələlərinə toxunan bu avara xanəndələri sevmirdi. Aşıqlar peşəkar musiqiçilər tərəfindən sıxışdırılaraq kəndlərə getmiş, orada Azərbaycan kəndlilərinin məhəbbətini qazanmışlar.
Azərbaycanın. sovetləşməsindən sonra aşıq sənəti yeni qüvvə ilə çiçəklənməyə başlamışdır.
Azərbaycan aşıqlarının birinci qurultayı 1926-cı ildə74 keçirilmişdir. hələ o zaman bu xalq müğənniləri siyasət və məişət mövzularında bir sıra yeni sovet mahnıları ifa edirdilər. Azərbaycan aşıqlarının 1938-ci ilin əvvəlində keçirilmiş ikinci qurultayında respublikanın ən ucqar rayonlarından dəvət olunan 100-dən artıq xalq müğənnisi iştirak etmişdir.
İndi Azərbaycan aşıqları Azərbaycan Yazıçıları İttifaqının üzvüdür. Azərbaycan İncəsənət İdarəsinin musiqi şöbəsi nəzdindəki elmi-tədqiqat kabineti (respublikanın əməkdar artisti Bülbülün rəhbərliyi altında) aşıq mahnılarının müntəzəm surətdə lentə yazılmasını təşkil etmişdir. Lakin bu, xalq yaradıcılığını toplamaq və sistemə salmaq kimi böyük bir işin ancaq başlanğıcıdır.
Hazırda Azərbaycan Sovet Bəstəkarları İttifaqı yaşlı və gənc nəslə mənsub olan 15 bəstəkarı birləşdirir. İki gənc Azərbaycan bəstəkarının Niyazi və Qara Qarayevin əsərləri Moskvada dekada zamanı ifa ediləcəkdir.
İndi Azərbaycanın musiqi məktəblərində bir neçə min tələbə oxuyur.
Vokal və instrumental kollektivləri içərisində Nuxa rayonunun zurnaçılar ansamblı, C. Rüstəmovun və İoannesyanın idarə etdiyi iki xalq çalğı alətləri orkestri, Almaszadənin rəhbərlik etdiyi rəqs ansamblı daha çox şöhrət qazanmışdır.
Çox təəssüf ki, bəzi şeylər ölkəmizin müxtəlif respublikalarının bəstəkarları arasındakı yaradıcılıq əlaqələrini canlandırmağa maneçilik törədir. Moskva Bəstəkarlar İttifaqı qardaş respublikalarda yaşayan sovet bəstəkarları arasında qarşılıqlı əməkdaşlığı təşkil edə bilmir. Ölkəmizin bütün respublikalarının sovet bəstəkarları və musiqili teatrları arasında gündəlik və sıx yaradıcılıq əməkdaşlığı olmalıdır. Bu əməkdaşlıq böyük sosialist Vətənimizin bütün xalqlarının musiqi mədəniyyətinə böyük fayda verər.
Hacıbəyov, Üzeyir. Əsərləri.- Bakı, 1965.- II cild.- S. 282-283.
