Nur-didə Ceyhun və Zöhrə!: [25 aprel 1924-cü il]
Salam-duadan sonra məktubunuz gəlib çatdı. Nənəmə aid yazmış olduğun müalicəni nəzərə aldıq. Fəqət göndərdigin dərmanlar gəlib çıxmadı və bu da təbiidir, çünki bizim ticarət qanunumuza görə xüsusi adamlar əcnəbi vilayətindən buraya izn almadan, heç bir şey göndərə bilməzlər. Və bir də oradan buraya dərman göndərməgə ehtiyac yoxdur. Burada hər bir dərman mövcuddur. Ondan əlavə bu saət nənəm o qədər yaxşılaşıbdır ki, heç dərmana ehtiyacı yoxdur. Burada havaların yaxşılaşması ona çox kömək etdi. Mən dərmanların hamısını kənara qoyub tapşırdım ki, nənəmi hər gün beş-altı saət həyətdə təmiz havada oturtsunlar. Boylə bir tədbir çox gözəl nəticələr verdi. Nənənin sifəti üstünə gəldi, ürək döyünməsi, baş gicəllənməsi o qədər azaldı ki, həman normal hala düşdü. İndi genə adəti üzrə işləməgində və dəxi hərdənbir qonaq getməgindədir. Xülasə o xüsusda arxayın ola bilərsən.
Baqi bizlər hamımız sağ və salamət varığ, bu günlərdə Aişə xanım Cəmal vasitəsilə sənə pul göndərdi. Mənim isə bütüm vəxtım konservatoriyaya sərf olunur. Baxüsus indilər ki, imtahanlar vaxtıdır. Yayda nərəyə gedəcəyimizi hələ təyin etməmişik.
Əlavə indi bizim Maarif Komissarımız səninlə Parisdə görüşmüş olan yoldaş Ruhulla Axundovdur. Hal-hazırda hələ Moskvadadır, işlərə şüru etməyibdir. Moskvadan qayıtdıqdan sonra onunla görüşüb, danışacağam və mənim ali təhsilim həqqında fikrini soracagəm. Musanın dəxi qulluğunu dəğişibdirlər ki, bu xüsusdu Aişə xanım yəqin ki, sizə yazıbdır. Baqi hələ özgə bir əhvalat yoxdur, bizim hamımızın tərəfindən uşaqları öpərsiniz. Bütün əqrəbanın sizə salam-duası vardır.
Bəradərin Üzeyir. 25.IV.(1924), Bakı
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 361.
