Üzeyir Hacıbəyli

Nə istiyorlər

Fələ konfransı, dəha doğrusu, istiqlalımız bədxahlarından əmələ gəlmiş və hökumət içində hökumət törətmək niyyətilə əlaltından iş görən və məqsədləri Azərbaycan istiqlalını uçurmaq olan güruh başçıları guya iqtisadi olaraq yeni bir zabastovkalar meydana çıxartdı.

Bu gunə zabastovkalar istiqlalımız düşmənlərinin əlində bir əsləhədir ki, hazır saxlayıb fürsət məqamında bizə zərbələr vururlar.

İqtisadi elan edilmiş olan bu zabastovkanın siyasi mənası böyükdür. Həştərxan yolunu açmaq və bolşeviklər hücumuna müsaid yollar aramaq istiyorlər.

Məhəlində, yəni Bakının və Azərbaycanın özündə istiqlalımıza qarşı üsyan törədib, inqilab əmələ gətirməgə hələ özlərinin maddi və mənəvi gücləri kifayət etmədigindən, kənardan gəlmə gücdən istifadə etmək istiyorlər. Odur ki, Həştərxan yolunu açın deyirlər. Açın ki, əvvəla bolşeviklər neftdən korluq çəkməsin, saniyən, Bakı üzərinə hücum etməgə həm qüvvəsi, həm də imkanı olsun!

İştə istədikləri budur:

Fərz edəlim ki, Həştərxan yolu açıldı. Aya, biz əminikmi ki, bolşeviklər bizimlə yalnız bir neft alveri etməklə kifayətlənib də istiqlalımıza qarşı sui-qəsd etməzlər?

Mart hadisatında bizi, yəni müsəlman burjuyundan tutmuş müsəlman füqərayi-kasibəsini və baxüsus müsəlman əlsiz-ayaqsızlarını erməni daşnak saldatlarının süngü, güllə və xəncərlərlə arvad və uşağına kimi qırdıran bolşeviklərə biz nə tövr etibar edə bilərik? Bolşeviklik naminə erməni-müsəlman qırğını salanların hansı “gözəl” sözünə və “insaniyyətpərvəranə” sözlərinə inana bilərik? Bolşevikləri dursun, menşeviklərinə nasıl bel bağlaya bilərik? İstiqlalımızı qəbul etmədiklərinə görəmi? Və bu gün hər bir vəsilə ilə olur-olsun, istiqlalımızı əlimizdən almaq yolunda çalışdıqlarına görəmi?

Bu gün ingilislərdən şikayət edən və onlara düşmənçilik göstərən menşeviklər, roxlinlər, curayevlər həman adamlar degildirlərmi ki, bir millətin hüququnu əllərindən alıb da bu hüququn istirdadi yolunda can verən türk və islamlarla müharibə üçün ingilisləri yalvara-yalvara çağırıb əl və ayaqlarına düşüb kömək diləyirdilər. İndi nə oldu ki, ingilis pis oldu? Azərbaycan türkləri istiqlalının tərəfdarı olduqlarına görəmi? Pəs Azərbaycan hökumətinə qarşı düşmənlik nədəndir? Hökumət başında Azərbaycan türkləri oturub da Azərbaycan istiqlalının harisi və mühafizi olduğuna görəmi?

Bu gün cümhuriyyətlərində ümummillətlərin huququnu gözləyən, bunların rifah halı üçün öz millətinin bir çox həqqını boylə qurban edən hürryyəti-mətbuat, hürriyyəti-kəlam, hürriyyəti-ictimai, hürriyyəti-diniyə, hüniyyəti-şəxsiyyəsilə sosialist Gürcüstandan və daşnak Ermənistandan boylə ağac-ağac qabaqda olan bu türk hökumətinin qəbahəti nədir ki, buna qarşı düşmənçilik edirlər?

Türk və islam olduqlarına görəmi?

Zənn edilməsin ki, sözlərimiz provakasiyadır. Arada başqa bir səbəb görmiyorık.

Bizim hürriyyət düşməni olmadığımızı və biləks, hər bir hürriyyətə riayət etməkdə olduğumuzu görən hurriyətpərəstlər nə üçün bizimlə biz Azərbaycan türk və islamlarilə düşmənçilik edirlər? “Tatarva” hökuməti olduğuna görəmi?

Bizə sosializmə və sosialistlərə düşmən olmadığımızı hökumət kabinəsi içində sosialistlərə yer verməklə paıiamandakı sosialist fraksiyamız ilə isbat ctdigimiz halda sosialist roxlinlər, curayevlər və kampaniyasının bizi bəyənmədigi “tatarva” məsələsindən layiq olmayıb da bəs nədəndir?

Bizim hökumətimiz var, parlamanımız var, əgər Həştərxan yolunu açıb da neftimizi rəvac etmək uçün əhvali-siyasiyə müsaidə olarsa, əlbəttə, biz buna razı olub da heç vəxt istəmərik neftimiz yatıb qalsın. Neftimizin Rusiyaya daşınması bizim mənfəətimizdir. Boylə olarsa, pulumuzun qiyməti artar və ticarətimiz rəvac olar. Əmma madam ki, biz hələ bunu etmirik və Həştərxan yolunu hələ açmırıq, görünür ki, istiqlalımızı təhdid edən siyasi əhvallardan çəkinirik və fürsəti müsaid bilmirik. Şübhəsiz, rus fələləri neftin satılmağını Azərbaycan türklərinin istiqlalından əziz tuturlar. Onlardan ötrü təki neft satılsın, yerdə qalanı əhəmiyyətsizdir.

Əmma türk və islam olan fələlər işə bu nəzəriylə baxa bilməzlər. Milli hüququ iqtisadi mənfəətlərə sata bilməzlər. İstiqlalımızı neft alış-verişi yolunda qurban və fəda etmək istəməzlər.

Ondan əlavə bu saət bizim iqtisadi əhvalımız o qədər naçar halda degildir ki, biz bu saət heç bir şeyə baxmayıb da neftimizi satmaq üçün təhlükəli vəsilələrə əl ataq.

Gürcüstan və Ermənistanın əhvali-iqtisadiyəsi Azərbaycandan qat-qat fəna bir halda olduğu surətdə nədəndir ki, orada ümumi zabastovkalardan heç bir xəbər-əsər görinmiyor?

Acından ölən və ianələr ilə dolanan Ermənistan öz istiqlaliyyətindən bərk-bərk yapışdığı halda Azərbaycana nə olubdur ki, tez neftini satmaq üçün istiqlalım təhlükələrə salsın? 

* * *

Əlqərəz, bu gunə zabastovkaların iqtisadi rəngdə də olmuş olsa bizə, bizim hüquqi-millimizə bizim azad yaşamamıza, istiqlalımıza bədxah və düşmən olanlar tərəfindən icra edilməsindən məqsəd məhz istiqlalımızı əlimizdən almaq və bizi təkrar əsir etməkdir. Əgər zabastovka Azərbaycan türk fələləri tərəfindən və Azərbaycan türk sosialistləri əliylə icra edilmiş bir keyfiyyət olsa idi, biz heç bir təşvişə düşməyib də arada xəyanətkarlıq olmadığına əmin olardıq. Lakin özgələrin zabastovkasına roxlinlər və curayevlər təşviqatı ilə icra edilən tətillərə biz ancaq yan-yan baxa bilərik, çünki onlara inanmarıq və genə də inanmarıq və inanmamağa da əlimizdə böyük dutalğalanmız vardır. Onlar bizim puç olmağımızı istiyorlər.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 160-162.