Cәмaәт köməkligi
Yüz il fəzləsilə üstümüzdə dəvam edən rus təhkimi bizim hər bir tərəfimizə mane olan kimi dövlət və vətən yolunda işləmək, mənfəətli ictimai təşəbbüsatda bulunmaq və bu növ işlərə adət etmək həvəsimizi dəxi qəlbimizdən bilküllüyyə salıb məhv etmişdi.
Rusiya millətləri içində ögey oğul məqamında tutulan və bu ögeyligin bütün-bütünə acılıqlarına təhəmmül edən bir millətdə dövlətli və içtimai işlərə qarışmaq həvəsi olardımı? Rus hökumətindən əlavə rus cəmaətinin özü də bizlərə öylə bir həqarət gözüylə baxmaqda idi ki, bizim onlarla bərabər ümumvətən mənafeyi yolunda işləməgə heç bir meylimiz ola bilməzdi. Doğrudur, özümüz, "lütfən" həvalə edilən alçaq məmuriyyətləri sadiq təbəə olduğumuza görə kəmali-sədaqət ilə ifa edirdik, əmma qalan ictimai və dövləti işlərdə kənarda durub bu yolda işləyən ruslara və şairələrinə biganələr kimi kənardan tamaşaçı surətində qalırdıq.
Bunun nəticəsi idi ki, biz Azərbaycan islamları vətən yolunda işləmək, camaət işinə girişmək, dövləti işlərdə iştirak etmək kimi təşəbbüsatdan kənar durub, bu yolda lazım olan tərbiyə, tərəqqi və təcrübədən məhrum qaldıq.
Əmma bu gün biz bu cürə dövləti və ictimai işlərə girişməgə məcburuq. Bu cürə işlərə kənardan baxmağa və biganə qalmağa həqqımız. yoxdur, çünki biz daha özgə vətənin ögey oğlu degilik. Öz vətənimizin doğma oğluyuq. Vətən də bizimdir, hökumət də bizimdir, cəmaət də bizimdir. Bugündən boylə hər bir əmri məhz hökumətin boynuna atmaq, "hökumət özü bilər" demək, hökuməti təkbaşına buraxmaq, hökumətə əldən gələn köməgi etməmək mənafei- milliyyə və istiqlaliyyətimizin və həm da şan və şərəfimizin təmin və təyidi yolunda işləməmək, müstəqil yaşamaq iddiasında olan bir millət üçün günahdır. Boylə günah ki, onun cəzası istiqlal və istiqbaldan məhrum olmaq dərəcəsində ağır və ağırlığı qədər də şayani-yas və kədərdir.
Burasını unutmamalıdır ki, hökumətimiz cavandır, siyasiyat cahandidəsi degildir, dövlət idarəsi işlərində təcrübəsi azdır. Bununla boylə üzərinə həvalə edilmiş olan dövlət yükü baxüsus bu zəmanədə düşmənlər hüçumu qarşısında dedikcə ağırdır. Bu ağır yükü cavan hökumətimiz degil, təcrübə qüvvəsi ilə bəlkə millətimizə məxsus olan və ulu türk babalarımızdan bizə irs qalan hakimiyyət və səltənət hissimizin rəhbərliyi ilə çəkə biləcəkdir.
Doğrudur, bu yolda hökumətimizin daha müəyyən köməgi vardır ki, o da içimizdən seçdigimiz parlamandır. Lakin parlamanımızın köməkligi dəlil və bələd olmaq, hökumətə yol göstərməkdən ibarət ola bilər, yəni ağır yüklə yüklənmiş olan hökuməti dağa-daşa, dərəyə, təpəyə salmayıb, rast və rahat bir yol ilə apara bilər. Bu isə hökumətin yolunu rahlandırarsa da yükünün yüngüllügünə təfavüt etməz. Bu yükü ancaq və ancaq camaət köməgi, xalq hümməti bir dərəcəyə qədər yüngülləşdirə bilər. Bu öylə olan surətdə bu köməgi hökumətdən müzayiqə etmək zəhi biinsaflıqdır.
Camaət köməgi nədən ibarət ola bilər? Bu suala verilən cavabı aydınlaşdırmaq üçün hökumətimizin üzərinə həvalə edilmiş yükü təhlil edək. Bu yük bütün dövləti işləri idarə edən nəzarət, yaxud nəzarətlərdən ibarətdir. Daxili işlər, xariçi işlər, hərbi işlər, maliyə işləri, yol və gediş-gəliş işləri, maarif işləri, ərzaq, poçta-teleqraf və sairə, və sairə; deməli, camaət bu işlərdə hökumətə kömək etməlidir. Məsələ hərbi işlərimizdə əsgərlərimizin əgnini layiqincə geydirən, əskəri işlərə məxsus bir fond əmələ gətirən, fərarilik kimi rəzalətlərin qabağını alan, vətən müdafiəsi yolunda bir çox işlər görə bilən "müdafieyi-milliyə" kimi bir cəmiyyətimiz olarsa, maarif vəzarətimizə əl yetirmək, dilimizin islahına çalışan, kitablar düzəldən ədəbiyyat və sənaye nəfisəmizi artıran, qabil müəllimlər hazırlayan və ən kiçik kəndlərimizdə boylə məktəb açılmasına himmət edən "maarif’ adında bir təşkilatımız ciddi surətdə işləsə, maliyyə və ticarət vəzarətlərinə mədəd verməkdə xəzinəmizə qızıl və gümüş pul dolmasına, maliyə və ticarət işlərinin rəvacına və bu işlərdə baxüsus müsəlman ünsürlərinin əlaqədar olmasına xidmət edən bir "ticarət və maliyə komisyonumuz" olarsa, daxili işlərdə polis adamlarının əgri, oğru, rüşvətxor, dələduzlardan təsviyyə edilməsinə, yolların qaçaq- quldurlardan azad edilməsinə və hər yerdə sakitlik və rahatlıq bərpasına cəhd edən "əmnü-asayiş" cəmiyyətimiz olarsa, xülasə, hər bir vəzarətin idarəsinə mütabiq və münasib olan və bu yolda vəzarətlərə lazımınca kömək yetirən cəmiyyətimiz, komitələrimiz, komisyonlarımız və növbənöv təşkilatlarımız olarsa, bilirsiniz necə bir surət ilə hər kəsi heyran edəcək dərəcədə tərəqqi edib məmur və müntəzəm bir dövlət, mədəni və asudə bir cümhuriyyət olmaqla qonşularımızdan əlavə Yevropa əhlinin dəxi bizə ehtiram edə biləcəgi bir vəziyyət alırıq. Bu isə istiqlal və istiqbalımızın ola bilsin ki, daimi bir surətdə təminini mucib olub, vətənimizi və gələcək nəslimizi əsirlik və yesirlik zülmündən, bir kərəmlik məsun və azad edib biz gördüyümüz zülmləri, çəkdigimiz rəzalətləri, keçirdigimiz fəlakətləri dəha onlara dadızdınnaq və göz açıb da müstəqil yaşayan bir millət olduğunu gördülər. Pəs bu yolda cəmaətimizin köməgi və himməti böyük şərtdir.
Lakin bir şeyi unutmamalıdır ki, camaətimizin müxtəlif cəmiyyətləri vasitəsilə dövləti işlərdə iştirakı hökumətimiz üçün ancaq və ancaq kömək mahiyyətində olub, haşən nəuzubillahi xələl yetirmək və əngəlləri törətmək olmasın. Boylə olmasın ki, hökumət: "Məra bexeyre to omid nist, şərr mərəsan" diməgə məcbur qalıb, ağır yükünün zəif bədənində daha da ağırlaşmasını hiss etsin. Biləks yükünün yüngülləşdigini və qüvvətinin artdığını görsün ki, sürətlə irəliləyib vətən və millətimizi tezlik ilə mənzili-məqsudə yetirə bilsin.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 67-69.
