Nuri-didə Ceyhun: [22 noyabr 1922-ci il]
Sənin kağızın gəlib çatdı və bizləri son dərəcə şad etdi. Bizlər hamımız, əlhəmdüllah, sağ və salamət varıq. Bu yay hamımız Buzovnada idik. İndi şəhərə köçmişik. Nənəm salamətdir və şükür edir ki, sizin yeriniz yaxşıdır. Bacım bir az naxoş olmuşdu. Əmma indi yaxşıdır. Cəbbarın qüssəsini edir, Abhəyatı Zaqataladan gətirdik bura, indi biz ilə bir yerdə olur. Cəmalın oğlu Kəmal böyüyüb, yeyir və danışır; Ceyhun əmisinə. Zöhrə bibisinə və yoldaşları Ceyçikə və Timuçinə salam-dua göndərir. Çox yaxşı uşaqdır, bizim hamımızı güldürüb, şad edir, özü də çox nərdtaxta oynamaq istiyor, deyir, sis-pis ( şeş və beş) oynayax!
Zülfüqargil də salamətdirlər. Niyaz ilə Çingiz, hərbi məktəbdə oxuyurlar. İsmayılın arvadı Sürəyya ilə qızı Dilşad dəxi gəlib bizdə olurlar. İsmayıl özü keçən sənə zatülcənbədən mərhum olubdur. Bibim durur özü də Qələdədir.
Məleykə də indi kökəlib və başını da qırxdırıbdır, çünki keçən qış bərk naxoşlayıb, "svinoy" lif olmuşdu. Həkim Midivani yaxşı elədi.
Hal-hazırda hamımız sağ və salamət varığ. Aişə xanım hələ Petrovskidədir, bir də qalanları salamətdirlər.
O ki qaldı mənim oraya gəlmək məsələm. Biz çox istərdik gəlib sizin ilə görüşək, ələlxüsus, Məleykə artıq-artıq istəyir, fəqət qabağımızı kəsən şeylər, əvvəla, yol kirayəsinin çox ağırlığı və saniyən, nənəm məsələsi. Çünki nənəmi öylə uzaq yerə aparmaq və yol məşəqqətinə salmağ çox məsuliyyətli bir əzimdir. Özü də qocalıbdır. Hərgah burada qoyub getsək daha da yaman, çünki onun canı ancaq bizdə rahat olur, Zülfüqargildə qalanda naxoşlayır, bacıgıldə qalanda onlar ilə dolana bilmiyor, odur ki, onu nə aparmağ olmayır, nə qoyub getmək. Bizim getməyimiz onun həm əziyyətini artırar, həm də qəm və qüssəsini. Aparmaq və qürbət yerdə saxlamaq və yoluzunu da onun üçün təhlükəli bir əmrdir. Əlavə hökumət dəxi mənim getməgimə razı degildir, deyirlər ki, onsuz da bizə işbilən adamlar lazımdır. O ki qaldı işə, iş çoxdur. Bir tərəfdən hökumət türk musiqi məktəbinin müdiriyəm, digər tərəfdən hökumət tiyatırının dirijoruyam, əlavə darülməlumat və darülməllimin daneş institutunda nəğmə müəllimiyəm, ondan əlavə, başqa yerlərdə də iş vermək istəyirlər. Sentyabr ayında mənim məvacibim yəqin ayda bir milyarda çatacaqdır. Özümüzün dolanacağımız çox yaxşıdır.
Əlbəttə, Paris kimi yerə gəlmək, cürbəcür yerləri görmək, səyahət etmək və ələlxüsus səni və uşaqlan görmək nə qədər "sablazın"dir, əmma çe fayda məmaniətlər qoymur. Bu xüsusda mən çox tikirlər edirəm, əmma axırı bir yana çıxmiyor. Ən böyük arzumuz sizi görməkdir. Əmma indi nə siz gələ bilirsiniz, nə də biz. Genə də fikir edəndə bizim ora gəlməgimiz daha müvafiq görünür, başqa məmaniətləri rəf edə bilsəm anamı qoyub da gələcəyəm, ancaq haçan? Hələ məlum degildir...
Siz bizə heç bir şey göndərməyin, çünki gəlib çatmır, yəni yolda itir, bəlkə bir tanış adam gələ, onda göndərə bilərsiniz. Hər halda bizim adresimiz sən yazan kimidir. Ancaq nömrəsi 63-dir. İndi hələ ki, xudahafiz bizim hamımız da Zöhrəyə və uşaqlara artıq-artıq dualar deyib, üzlərindən öpərsən.
Bəradərin Üzeyir. 22 noyabr 1922-ci il
Qələ - Şuşanın el arasında adı.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 339-340.
