G. Şaroyev, D. X. Danilov. Azərbaycan Konservatoriyasının təşkilatçısı
Üzeyir Hacıbəyov bütün yaradıcılığı boyu öz xalqının musiqi maarifi və təhsilinin əsl ilhamçısı və təşkilatçısı olmuşdur. O, 1921–1922-ci illərdə ilk Azərbaycan Musiqi Texnikumunu yaratmışdır. Texnikumun yetişdirmələri, əsasən, Azərbaycanın milli kadrları idi. Ü. Hacıbəyovun təşəbbüsü ilə tezliklə bu texnikum əsasında Azərbaycan Dövlət Konservatoriyası təşkil edildi və sonralar o, Azərbaycanın musiqi mərkəzinə çevrildi.
Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyası, daha sonra onun əsas "ehtiyat qüvvəsi" olan konservatoriya nəzdindəki onillik musiqi məktəbi və Azərbaycan Dövlət Musiqi Texnikumu milli bəstəkar, nəzəriyyəçi, dirijor, ifaçı hazırlayan təhsil ocaqları oldu.
Azərbaycan musiqi sənətinin, demək olar ki, bütün müasir xadimləri həmin konservatoriyada tərbiyə almış, bu və ya digər dərəcədə onun fəaliyyəti ilə bağlı olmuşdur. İlk illərdə konservatoriyanın ancaq fortepiano və vokal fakültələri vardısa, sonralar bütün musiqi ixtisasları üzrə fakültələr yaradılmışdı.
Üzeyir Hacıbəyov həmişə arzu edirdi ki, Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili elə səviyyəyə qalxsın ki, o, Moskva və Leninqrad konservatoriyaları ilə bir cərgədə dura bilsin.
Dahi bəstəkar özünün pedaqoji işində dərindən dərk və hiss etdiyi realist xalq incəsənətinin prinsiplərinə əsaslanırdı. Formalist musiqiyə, incəsənətə bayağı, səthi, zahiri münasibətə nifrət bəsləyən Üzeyir Hacıbəyov rus klassiklərindən M. Qlinkanm, A. Borodinin, M. Musorqskinin, P. Çaykovskinin, A. Rubinşteynin əsərlərinin əzəməti qarşısında səcdə edirdi. Onların əsərlərindəki melodik zənginlik, forma zərifliyi bəstəkarda rəğbət hissi doğururdu. O, Qərbi Avropa musiqisinin ən yaxşı nümunələrini də yüksək qiymətləndirirdi.
Üzeyir Hacıbəyovu hər hansı formalist əsərin "gözəlliyinə" inandırmaq istəyəndə o gülür və qısaca deyirdi: "Mən Çaykovskini üstün tuturam" və əlavə edirdi: "Musiqini elə yazmaq lazımdır ki, onu zövqü korlanmış bir qrup adam deyil, bütün xalq başa düşsün".
Ü. Hacıbəyovun musiqi əsərlərinə qiymət vermək məsələsindəki prinsipiallığı hər bir şəxsdə onun musiqiyə sadə və inandırıcı münasibətinə hörmət doğururdu.
Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində onun musiqi yaradıcılığında sadəliyə, xəlqiliyə, realizmə çağıran gur səsi dəfələrlə eşidilirdi. Qərbin müasir düşkün incəsənətinə qarşı Üzeyir Hacıbəyovun nifrəti onun sağlam mənəviyyatının parlaq təzahürü idi. O, xalqa yad "incəsənət’’lə heç cür barışa bilmirdi.
Üzeyir Hacıbəyov yetişdirmələrinə inadla işləməyi təlqin edirdi. Gələcək bəstəkar, dirijor, nəzəriyyəçi üçün vacib olan polifoniya, orkestrovka, partitura oxumaq kimi biliklərin zəruriliyinə biganə baxan adamları qəzəblə qamçılayırdı. O, dönə-dönə təkrar edirdi ki, bizə yarımçıq musiqiçilər deyil, dərin biliyə malik yetkin musiqiçilər lazımdır.
Üzeyir Hacıbəyov tələbənin təhsil sistemində fortepianoya xüsusi əhəmiyyət verir və buna görə də ümumi fortepiano sinfinə böyük diqqət yetirirdi. O bu sinifdə musiqiçinin daha düzgün inkişaf yolunu göstərir, musiqi ədəbiyyatının mümkün qədər çox nümunələri ilə tanış olmasına çalışırdı.
Üzeyir Hacıbəyov canlı, maraqlı dərs demək tərəfdarı idi. Müəllim tələbələrin onun mühazirəsinə pis gəldiklərindən şikayət etsəydi, Ü. Hacıbəyov gülümsəyib şikayətçiyə baxar və deyərdi: "Siz əminsinizmi ki, Sizin mühazirələrə pis davam etməkdə təkcə tələbələr günahkardırlar?" Belə söhbətdən sonra müəllim öz metodik prinsiplərini nəzərdən keçirir, öz nöqsanlarını tapır və direktorun dediyi sözlərdə nəyə işarə edildiyini başa düşürdü.
Konservatoriyada nəzəri musiqi təhsilinin səviyyəsinin xeyli yüksəlməsi, nəzəri-bəstəkarlıq fakültəsi planının tədricən yığcamlaşdırılması Üzeyir Hacıbəyovun ciddi nəzarətinin bilavasitə nəticəsi hesab edilməlidir.
Azərbaycan xalq ladları dərsini deyən Hacıbəyov bu sahədə bütün tələbələrə Azərbaycan xalq musiqisinin əsaslarını başa salmağa çalışırdı. Üzeyir Hacıbəyov konservatoriyada elmi tədqiqat və metodiki tədris işlərinin genişləndirilməsinə də böyük diqqət verirdi. Burada metodiki tədris və elmi tədqiqat işlərinin mərkəzinə çevrilmiş kafedra təşkil olunduqdan sonra bu iş ciddi planla aparılır, Konservatoriyanın pedaqoji heyəti qarşısında tədris prosesinin keyfiyyətini yüksəltmək, metodiki problemləri işləmək, elmi tədqiqat işləri aparmaq, professor-müəllim heyətinin bilik səviyyəsini yüksəltmək kimi ciddi məsələlər dururdu. Bütün bu işlər bilavasitə Üzeyir Hacıbəyovun rəhbərliyi ilə görülürdü.
Azərbaycan musiqi mədəniyyəti, rus klassiklərinin yaradıcılığı haqqında hər bir yaxşı iş Üzeyir Hacıbəyovun rəğbət və hörmətini qazanırdı. O, musiqi ifaçılığının nəzəriyyə və metodikası, yaradıcılıq prosesinin mahiyyəti, musiqi hafizəsi məsələləri, üslub xüsusiyyətlərinin açılması kimi əlaqədar problemləri alqışlayırdı. Bunun əksinə, hay-küyçü, süni adlar pərdəsi altında gizlənən yalançı elm ona yad və yabançı idi.
Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə aid dərslik yaratmaq probleminə böyük diqqət yetirirdi. Yalnız ağır xəstəlik Azərbaycan Dövlət Konservatoriyasına həvalə edilmiş bu böyük və mühüm işə rəhbərlik etməyə ona mane oldu.
Elmi tədqiqat işinə Üzeyir Hacıbəyovun göstərdiyi qayğı Azərbaycan Dövlət Konservatoriyasında bir sıra qiymətli əsərlərin yaranmasına gətirib çıxardı. Azərbaycan musiqi tarixi ilə əlaqədar tədqiqat məsələləri sahəsində göstərilən cəhdlərin mərkəzləşdirilməsi üçün bəstəkar Azərbaycan SSR Elmlər Akademiyasının Azərbaycan incəsənəti institutu ilə konservatoriyanın sıx əlaqədə olmasına çalışırdı.
Üzeyir Hacıbəyov elmi tədqiqat işlərinin genişləndirilməsinə rəhbərliyi zamanı gənc milli kadrların cəsarətlə irəli çəkilməsini zəruri hesab edirdi. O, elmi tədqiqat işi ilə məşğul olmayan ali musiqi məktəbi müəllimini təsəvvürünə gətirə bilmir və konservatoriyanın hər bir işçisi qarşısında vəzifə qoyurdu ki, hamı özünü əsl elmi ümumiləşdirmələr aparan şəxs səviyyəsinə qaldırsın.
Tədris prosesinin metodologiyası, müəllim və tələbələrin tərbiyəsi məsələlərinə də Üzeyir Hacıbəyov marksist-leninçi nəzəriyyə baxımından böyük əhəmiyyət verirdi. O, musiqiçi şüurunun formalaşmasında bu faktorun mühüm olduğunu müəllim heyətinin nəzərinə həmişə çatdırırdı. Dəfələrlə qeyd edirdi ki, Sovet konservatoriyası siyasətdən kənar şəxslər deyil, siyasi cəhətdən yetkin və hazırlıqlı sovet mütəxəssisi, sovet musiqiçisi hazırlamalıdır. Hacıbəyovun bu mövzuya həsr olunmuş çıxışlarında belə bir fikir özünü aydın göstərirdi ki, musiqi böyük Lenin partiyasının rəhbərliyi ilə bütün sovet xalqının sosializm həqiqətini həyata keçirmək uğrunda apardığı böyük mübarizənin bir hissəsidir. Musiqi təhsilinin məqsəd və vəzifələrinə Üzeyir Hacıbəyovun bu partiyalı münasibəti onun bütün pedaqoji göstərişlərinə inandırıcılıq qüvvəsi verirdi.
Üzeyir Hacıbəyov heç zaman tələbələri, onların şəxsiyyətini unutmurdu. Bədii şuranın iclaslarında hər tələbənin şəxsi keyfiyyətləri üzərində dayanır, onun bir mütəxəssis kimi gələcəyini ətraflı şərh etməyə çalışırdı. Musiqiçinin şəxsiyyətinə belə münasibət konservatoriya məzunlarına onun necə ciddi yanaşdığını göstərirdi.
Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyası konsert fəaliyyətini də xeyli genişləndirmişdi. Musiqi təhsili prosesinin ümumi inkişafı ilə əlaqədar olaraq bu konsertlərin bədii səviyyəsi xeyli yüksəlmiş, onların ictimai əks-sədası isə məktəbin hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Konservatoriya konsertləri dinləyiciləri dünya musiqi ədəbiyyatının ən yaxşı nümunələri ilə tanış edir və Bakının musiqi həyatının ən böyük faktorlarından birinə çevrilirdi. Azərbaycan Dövlət Konservatoriyası yetişdirmələrinin Moskvada, Leninqradda və Bakıda keçirilən ifaçılıq müsabiqələrində iştirakını Ü. Hacıbəyov vacib sayır və bütün bu müsabiqələrin münsiflər heyətinə ya başçılıq edir, ya da onların tərkibinə daxil olurdu. Müsabiqə iştirakçılarının müvəffəqiyyəti, onların paytaxtın musiqi ictimaiyyəti tərəfindən qiymətləndirilməsi Ü. Hacıbəyov üçün ən yüksək mükafat idi.
Ü. Hacıbəyov ifaçılıq kafedralarında repertuarın genişləndirilməsini, yeni repertuar yaradılmasını və buraya hökmən Azərbaycan mövzularının daxil edilməsini tələb edirdi. Fortepiano kafedrasının təşəbbüsü ilə düzəldilmiş Azərbaycan mövzularında transkripsiyalara o, qızğın tərəfdar idi və bu təşəbbüsü alqışlayırdı.
Ü. Hacıbəyovun konservatoriyaya rəhbərliyi dövründə orkestr, xor, kamera sinifləri kimi qiymətli kollektiv yaradılmışdı ki, bu da tələbələrin professional hazırlığı işinin yaxşılaşdırılmasına səbəb olurdu.
Bəstəkar vokal təhsili məsələlərinə xüsusi diqqət yetirirdi. Bu sahəni konservatoriyada ən mühüm sahələrdən hesab edərək fitri istedadı olan gənclərin oxuması üçün şərait yaradırdı.
Böyük Vətən müharibəsi dövründə konservatoriyanın apardığı böyük hərbi hamilik işində Ü. Hacıbəyovun rəhbərliyini xüsusilə qeyd etmək lazımdır. O, hərbi xəstəxanalarda, Sovet Ordusu və donanması hissələrində çıxış edən pedaqoji heyətin və tələbələrin proqramları ilə şəxsən maraqlanır, lazımi repertuarın diqqətlə seçilməsinə nəzər yetirir, konservatoriyanın bu xeyirxah işinə istiqamət verirdi.
Müharibə dövründə Azərbaycan Dövlət Konservatoriyası yaralılar və sağalmaqda olan döyüşçülər üçün mindən artıq konsert vermişdi. Konservatoriyada Üzeyir Hacıbəyovun təşkilatçılıq işindən danışarkən onun şəxsi keyfiyyətləri barədə də bir neçə kəlmə demək vacibdir.
Üzeyir Hacıbəyovun konservatoriyanın direktoru vəzifəsində işləməsi professor- müəllim heyəti və tələbələr tərəfindən çox mühüm və əhəmiyyətli hadisə kimi qiymətləndirilirdi. Yaradıcı sənətkar, ilhamlı əsərlərin müəllifi Ü. Hacıbəyovun şəxsiyyəti çox yüksək idi. Bəstəkarın yaradıcılığının çiçəkləndiyi dövr onun konservatoriyadakı fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. "Koroğlu" operasının gözəl musiqisi ilk dəfə konservatoriyada onun kollektivi üçün səslənmişdir.
Üzeyir Hacıbəyovun bir sənətkar, direktor və böyük ictimai xadim kimi hörməti Azərbaycan Dövlət Konservatoriyasının akademik heyətini və tələbələrini öz işlərinin keyfiyyətini yüksəltməyə məcbur edirdi. Üzeyir Hacıbəyovun səmimiyyətini və xeyirxahlığını da buraya əlavə etmək vacibdir. Onun humanizmi, ali zəkası, prinsipiallığı onunla təmasda olan hər kəsdə hüsnrəğbət hissi oyadırdı.
Səpilmiş toxum bol cücərti vermişdir. Böyük insan və sənətkar Üzeyir Hacıbəyovun yetişdirdiyi musiqiçilər nəsli incəsənətdə xəlqilik və bədii həqiqət uğrunda daim mübarizə aparır. Onlar öz müəllimlərinin vəsiyyətlərini qoruyub saxlayacaq və inkişaf etdirəcəklər.
Azərbaycan xalq musiqisinin əsasları.- Bakı, 2019.- S. 325-330.
