Kənd-kəsəklərimiz
Bəzi yevropalılar var ki, vətənlərində və ya həmcivar məmləkətlərdə əhalinin daim mədəni bir məişət sürmələrindən və hər yerdə yekrəng bir ömür ilə yaşamalarından təngə gəlib, elə bir yer axtarır ki, orada əhali mədəniyyətdən bixəbər olsunlar. Və ona görə də məişətləri başqa cür olsun. Başqa şərait üzrə yaşasınlar ki, yevropalı da oraları seyr etdikdə tazə qəribə şeylər görsün. Bir sözlə elə yevropalı, mədəniyyət cəhətincə "bakirə" yerlər axtarır, bunun üçün Amerika, Avstraliya qitələrinə və ya qitaati-xəmsədən uzaq olan cəzirələrə gedir ki, orada yaşayan vəhşilərin məişətlərini görsün. Əxlaq və adətlərinə diqqət yetirsin. Amma məncə avropalı əbəs yerə Amerika və Avstraliyanı niyyət edib də seyrə çıxır. Çünki oralarda vəhşilər tapılmağına şübhə vardır. Doğrudur, qədim zamanlarda Amerika və Avstraliya belələri ilə dəlu idi. Bunların doğrudan da xüsusi tərz məişətləri, başqa cür adətləri vardı, amma indi mədəniyyət oralarda o qədər təsir edibdir ki, o yerlərin vəhşiləri də avropalıların özləri kimi məişət sürüb heç bir şeydə fərqləri yox kimidir.
Amma, əgər o yevropalı, Amerika və Avstraliyanı tərk edib də bizim bu Zaqafqaziyaya ayaq bassa və Zaqafqaziyanın müsəlman kəndlərini seyr etsə, - doğurdan da öz muradı istədiyini buralarda tapar. Çünki bu XX əsrdə mədəniyyət cəhətincə bəhəqq "bakirə" olan yerlər varsa, onların əhəmiyyətlisi bizim kənd və kəsəklərimizdir. Buralarda mədəniyyətdə cüzi də olsa, bir əsər axtarmaq, bir anbar buğda içində bir dənə darı axtarmağa bənzər.
Doğrudan da Zaqafqaziyada çox az kənd taparsan ki, orada məktəb deyilməyə yarısı qədər layiqli olan bir müəssisə ola, doğrudur, bəzi kəndlərin yarısı uçub tökülmüş olan məscid içində çoxdan bəri İrandan qəti əlaqə etmiş olan bir çolaq "molla" taparsan ki, üç-dörd dana uşağı başına yığıb çərəkə oxudur. Amma bunun özü də cəhalətin birinci nişanəsidir. Bütün kəndi axtarsan bir nəfər savad əhli görməzsən, gördüyün adamların hamısı dünyadan bixəbər, zəlil və məqbun...
Bir yerdə ki, elm və maarif olmadı, orada zülm və istibdad hökmü- fərma olar, bütün kəndin ağası ya yüzbaşıdır və ya bir nəfər yasavul! Bütün kənddə bunların hökmü caridir, bir nəfərin bunlara etiraz etməyə və ya əmrlərinə qulaq asmamağa haqları yoxdur. Hər kəndlinin bəxti və taleyi bu məmurların kefinə bağlıdır. Bunlar istəsələr kəndlini "xoşbəxt" edərlər, istəsələr "bədbəxt" edə bilər. Lakin "xoşbəxtlik" mərtəbəsinə çatmaqda bir bu qədər asan deyildir. Bunun üçün çox vaxt əvvəlcə vardan-yoxdan çıxmaq lazımdır. Bu gunə "məmur"lar kənd əhlinə o nəzər ilə baxırlar, nə nəzər ilə ki, Bakıda konka atlarına baxılır. Kəndlini hər dəqiqə döymək, söymək, təhqir etmək adi bir işdir ki, "pulsuz iş keçməz". Hətta belə bir etiqad da var ki, kəndli hərdən haq-nahaq döyülüb söyülməsə, o halda "azar, qudurar". Hələ bunu da müəkkid surətdə deyirlər ki, kəndlilərin özləri "mülayimliyi" sevmirlər. Üstlərində şədid bir əl olmağı arzu edirlər.
Hər yerdə mədəni kəndlilərin səhər tezdən durduqda birinci fikri əkin, bağ, bostan, mal-qara isə, bizim kəndlilərin birinci fikri, daha doğrusu, birinci hissi (çünki fikir yoxdur) yasavul ağanın filan əmri ki yerinə yetirməkdir və ya filan kəndlinin "ağa" qabağında şeytanlamaqdır. Çünki istibdad olan yerdə, istibdaddan törəyən hər nə murdar şeylər varsa, məsələn, danosbazlıq, bir-birini şeytanlamaq, yalan söyləmək, quyruq bulamaq, əl-ayaq öpmək və hər cür rəzalət dəxi hökm- fərma olar.
Pristav yazıçılarından biri bizə söyləyirdi ki, kənd əhli mənim işıldayan düymələrimi gördükdə, az qalırdılar ki, yerə yıxılsınlar. Qocaları, ağsaqqalları "cürət" edib mənə tərəf yaxınlaşıb, əlləri döşündə olaraq deyirdilər: "A yaranal, qırma bizi!". Yanımda olan yasavul bunlara bir-iki tatarı çəkdi, qovaladı. Mən yasavula: - Nə üçün bunları vurursan? - dedim. Cavab verdi ki, belə edilməsə, bunlar qudurub başımıza çıxarlar...
İşıldayan düymə sahiblərinin hər bir sözü kəndli üçün bir qanun və zakon hökmündədir. Bir çox qaçaq və quldur taparsan ki, onların bu vəhşi sənətlərinin baş səbəbi bir hökmə qulaq asmamaq olubdur...
Belə şərait üzrə yaşayan kəndlilərin şübhəsizdir ki, əhvali- iqtisadiyyələri ən alçaq bir mərtəbə olacaqdır...
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 168-169.
