Ordan-burdan
Osmanlı qanuni əsasisinə inanmaq olarmı, olmazmı?
Həmin bu məsələ çox adamın fikrinə gəlir və çox adamın bir çoxu deyir ki, olmaz və bir qədəri də "olmaz" demək xoşuna gəlmədiyinə görə deyir "olar".
İndi baxaq görək olarmı? Olmazmı?
İngilis osmanlıya dedi ki, Makedoniyada islahat lazımdır!
Rusiya da osmanlıya dedi ki, Makedoniyada islahat lazımdır.
Bu cürə sözlər osmanlıya giran gəldi. Bir az fikir elədi və soruşdu:
- Makedoniya kimin yeridir?
Dedilər:
- Xristianların!
Bu cavab osmanlını bir-iki dəfə öskürməyə məcbur etdi və baxdı gördü ki, bunların "islahat" sözü özgə bir mənaya işarədir.
Doğrudan da çox vaxt belə olur ki, lap açıq və aydın bir sözün başqa bir mənası olsun. Məsələn, görürsən Kərbəlayı Cənnət axşam evində oturub arvad-uşağı ilə bozbaş yeyir. Bir də eşidirlər ki, darvazadan bir səs gəlir:
- Kərbəlayı Cənnət! Kərbəlayı Cənnət, bir qapıya dur, səni görmək istəyirlər.
Kərbəlayı Cənnət, bu sözlərin əsil mənasına müvafiq, qapıya durur ki, onu görsünlər... Burada Kərbəlayı Cənnəti vurub öldürürlər. Onda Kərbəlayı Cənnət başa düşür ki, "qapıya dur, səni görsünlər", yəni "gəl səni öldürək", mənasına imiş.
Osmanlı Kərbəlayı Cənnət kimi eləmədi. Yəni bəri başdan anladı ki, "Makedoniyada islahat lazımdır". Yəni Makedoniyanı qopardıb Osmanlıdan ayırmaq lazımdır.
Osmanlı düşündü: "Serbiya qopdu, Bolqariya qopdu. Qaradağ qopdu, Qafqazın günbatan tərəfi qopdu, Bessarabiya qopdu. Kirit qopdu, Kıbrıs qopdu, Misir qopmaqdadır. Ərəbistan qopar-qopmazdır. İndi də Makedoniya qopsun, bəs nə qalsın?".
Doğrudan bəs nə qalsın?
İngilis genə yoldaşı ilə gəldi, dedi ki, Makedoniyada islahat lazımdır!
Lənət şeytana!.. Deyirsən baba lazım deyil: yer mənim, mən mənim. Sizə nə? Onda da ortaya "müdaxilə" məsələsini qoyarlar.
Bəs nə olsun?
Osmanlı bu fikirdə idi ki, birdən gənc türklər "bizə qanuni əsasi" deyib çığırmağa başladılar.
Osmanlı bu "qanuni əsasi"ni eşidən kimi dedi:
- Ah, tapdım! Makedoniyada "islahat" lazım deyil! - deyib qanuni əsasi verdi.
İngilis yenə yoldaşı ilə gəldi ki, Makedoniyada islahat lazımdır!
Osmanlı dedi:
- Onu mən bilmirəm.
Soruşdular:
- Bəs kim bilir?
Dedi:
- Osmanlının məclisi millisi!
- Necə? Osmanlıda məclisi milli? Yoxsa gənc türklərdən qorxdun? İstəyirsən qoy biz gələk onları dağıdaq!
Osmanlı dedi:
- Yox zəhmət çəkməyin.
Dedilər:
- Ey bivəfa! İstibdada vəfa etmədin!..
Dedi:
- Canım, sözün doğrusu, baxıb görürəm ki, məsələn, budur sizin qanuni əsasiniz və məclisi milliniz var, ona görə də heç kəs sizə demir ki, məsələn, Hindistanda islahat lazımdır, ya Qafqazda islahat gərəkdir!.. Bu səfər məni bağışlayın.
İndi görək Osmanlıda qanuni əsasi olarmı, olmazmı? Mən deyirəm olar.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 11-12.
