Nuri-didə Ceyhun!: [29 iyun 1928-ci il]
Salam-duadan sonra Cəmala yazmış olduğun kağızı oxudum.
Hal-hazırda mənim təhsil məsələmin son qərarı hələ açığdır, çünki yoldaşlardan bir neçəsi ki bu məsələni həll etməlidirlər, məzuniyyətdən qayıtmayıbdırlar, onlar qayıdan kimi özüm dəxi görüşüb, ümüdvaram ki, həllinə müvəffəq ola bilim. Hər halda tələsməgə o qədər ehtiyac yoxdur, hələ vəxt vardır, mən sentyabrda da gedə bilərəm.
Kitab və qramafon əhvalatı xüsusunda Zülfüqara və Cəmala tapşırmışam ki, baxıb axtarsınlar.
Əlavə Ağa Qasıma-flana ümüd olmaq olmaz, çünki onların tərbiyələri və kultumustı o dərəcədə degil ki, borc vəzifələrini ədayə qabil olsunlar. Ağa Qasım məni görəndə küçənin o biri tərəfinə çəkilir ki, mən onu görməyim. Həmçinin Ziba xanım qulluğdadır, amma özü indi görünmür. Bildiyim üzrə onların da sizə borcu varmış. Mən ancaq sənə və Zöhrəyə təəccüb edirəm ki, külfətdar adam olduğunuz yerdə boylə bir zamanda öz azuqənizi öylə nanəcib adamlara verdiniz! Qərəz keçibdir, bu xüsusda nəsib olsa görüşəndə danışarıq.
Bədə necə ki, keçən kağızda dəxi sənə yazmışdım burada "Maarif və mədəniyyət" adlı jurnal çıxır (ayda). Mən oraya hər dəfə musiqi həqqında bir məqalə yazıram. Ondan başqa qəzetələr dəxi vardır ki, ədəbi və musiqiyə aid məqalələr istəyirlər. Sən əgər hər ay mənə üç və ya iki böyük məqalə göndərsən ki, ədəbiyyata aid olsun ya da ədəbi tarixə və firəng alimlərinin şərq-türk ədəbiyyatına aid fikirləri, əlavə oraların bizim şərq musiqimizə aid fikirləri, münasibətləri və sairə bu kimi mövzulardan o halda mən sənə göndərən pulu bir o qədər dəxi artırmaq mümkün olar. Bu isə bir növ yüngüllük verər. Cəmala tapşırmışam ki, həman "Maarif və mədəniyyət" jurnalından sənə göndərsin.
Əlavə heç bir kəs ilə mübahisələrə girməmək şərtilə və ya yalnız ədəbi və fənni mübahisələrdən kifayətlənib dakladlar etsən, daha yaxşı olar.
Bir də Bakıxanov xüsusində ki, sən firəngcə daklad yazmışdın burada rus dilində böyük bir kitab çıxıbdır, Cəmal sənə göndərəcəkdir.
Mən də Azərbaycan musiqisinin əsasları həqqında böyük bir elmi əsər yazacağam ki, onu firəng dilinə dəxi tərcümə etmək lazım gələcəkdir. Heyif olsun ki, bu cürə işlərə az vəxt sərf edə bilirəm, çünki məktəb məşğuliyyətim və cəmiyyət işləi çox olur. Bizdən ötrü vəxt o qədər tez gedir ki, guya bir gün bir saət əvəzi olur.
Keçən sənə bizim müəllimlərdən birisi ki, mən idarə edən musiqi texnikumunun vialonçil müəllimi idi, Parisə getdi. Bu günlərdə ondan kağız aldım, təkrar buraya qayıtmaq istəyir. Yazdım ki, gəlsin və sənin adresini dəxi ona yazmışam, bəlkə sizin ilə görüşübdür, famili Okruqofdır. Bədə yaz görək göndərdigim pulu aldınmı, iyulda dəxi pul göndərəcəgəm, gec çatsa da genə axırda gəlib çatacaqdır.
Baqi nənəm və bizdə qalanlar hamısı sağ və salamətdirlər. Ola bilsin ki, bu yaz nənəmi bir daçaya aparam. Ona görə sən mənə hər nə kağız yazsan və məqalələri göndərsən, Cəmalın adresinə göndər. Cəmal burada qalır.
Abhəyat bizdə olur. Nənəm, Məleykə, Abhəyat və ümum- qohumlar sizlərə çox-çox salam-dualar göndərirlər və uşaqların və Zöhrənin üzündən təkrar-təkrar öpürlər.
Baqi salamət olunuz.
Bəradərin Üzeyir. 29 iyun (1928), Bakı
Maarif və mədəniyyət jurnalı əgər 1923-27cü illərdə işıqüzü görübsə, o zaman məktubun yazılma tarixi arxeoqraf tərəfindən düzgün müəyyən edilməyib.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 373-374.
