Ordan-burdan
Deyirlər ki, Dövlət duması iyun ayının 16-da bağlanacaqdır. Əcəba, Dövlət duması nə qayırdı ki, bu tezliklə bağlanır? Hansı bir qanunu qayırdı? Hansı qanunu dəyişdi? Hansı ministri podsuda verdi? Bəs aministiya, filan deyirdilər, necə oldu?..
Siz mənə cavab verərsiz ki, qoy bağlansın, zərər yoxdur. Allah qoysa, payızda yenə açılar.
Buna sözüm yoxdur, əlbəttə, allah qoysa açılar, lakin hərçəndi duma hələ bir şey qayırmadı, ancaq yenə də öz zərbi-zəngini hökumətə bildirdi. Qorxuram ki, dumanın bağlanmasını hökumət qənimət bilib, "payızda duma açılsın" sualına cavab verə ki, "hansı payız?!". Yaxud mərdi-mərdanə söyləyə ki, "daha bu oyuna qarı gəlibdir!..".
* * *
Hərgah, doğrudan da duma iyun ayının 16-da bağlanacaqdırsa, onda bizim vəkillərin, ələlxüsus Bakı vəkillərinin bundan sonra dumaya getməsi buna bənzər ki, "Toydan sonra nağara, xoş gəldin bayram ağa"; çünki bizim vəkillərin burdan tərpənib, Peterburqa rəvan olması, oradan dumaya getməsi, dumada 500 adama əl verib, hal-pürsan olması və ondan sonra ədəb və ərkan ilə oturub, ehtiram üçün bir müddət sükut etməsi, əqəllən, bir 15 gün çəkər zənn edirəm...
* * *
Bəs idareyi-ruhaniyyəmizin işi qaldı oktyabr ayına... Çünki bilirsizmi, indi oturub idareyi-ruhaniyyəmizin işlərini müzakirəyə qoysam, yəni "köhnə yorğan içi töksəm" nə olsa lazımdır ki, idareyi- ruhaniyyəmizi ayaqbaş və başayaq qayırmış ərbabi hökumətin dələduzluluğundan danışasan, bu da məlumdur ki, yaxşı olmaz, çünki hələ Dövlət duması ərbabi-hökumətin hərki-hərkiliyinə cilov vurmayıbdır. Görərsən ki, birdən, Allah eləməmiş, ərbabi-hökumətlə aramızda inciklik oldu. Bizə pis gözlə baxdılar ki, eyib deyilmi? Bizim dələduzluluğumuzu müsəlmanlara bildirirsiniz. Halbuki indiyə kimi müsəlmanlar biz hökumət əhlini "məlaikə" bilirlər və s.
Qərəz, böyük inciklik olar. Ona görə çox ağıllılıq ediblər ki, idareyi- ruhaniyyə işlərini oktyabra qoyubdurlar. Əlbəttə, bu ümidlə ki, bəlkə o vaxtadək Dövlət duması hökumət əhlini "babam mənə kor deyib, gəlib gedəni vur, öldür, soy, kəs, bas deyib" nə cilov vurar, o surətdə hökumət əhli bizdən incisə də zərəri olmaz. Yox işdir, adamdır, birdən oktyabradək hökumət öz Dövlət dumasına cilov vursa, yəni dumanın qapılarını əbədilik qıfıl ilə bağlasa, daha onda nə qayıra bilərik. Məlumdur ki, ağzımızı açmağa da həddimiz olmaz. Qəzavü qədərə tabe olub, yorulub bir küncdə oturarıq.
Hərgah o halda bizim qulağımıza səs gəlsə ki, "fürsəti fot eyləməz aqil məgər nadan ola" deyərik ki, balam, fürsət filan əldən gedibdir, daha danışmaq yeri deyil. İş gərək belə olaymış və alnımızda da belə yazılıbmış...
* * *
Və bir də deyirlər ki, Bakıda hər gecə parta-part olur. Onda xalq hürkür, allah bilir ki, xalqın ağlına nə cürə fikirlər gəlir. Arvad, uşaq ürəkqopmasma düşür, qərib-qürəba Bakıda bu parta-partı eşidib məəttəl qalır və s. Buna cavabən deyərik ki, nahaq yerə xalq parta- partdan ürkür, nahaq yerə ağlına min fikir gəlir. Çünki bu parta-parta səbəb Bakıda olan toydur və toy xüsusunda da heç bir fikir eləmək lazım deyil. Arvad-uşağın ürəkqopmasma qalarsa, vallah buna lap məəttəl qalmalıdır. "Neujeli" indiyə kimi arvad-uşaq bu parta-parta öyrəşməyibdir, halbuki burada elə parta-part olur ki, guya Port-Artur, Vladivostok, Dalni, Muqden, Kuropatkin, Toqo, İstesil, Oyama hamısı bizim bu Bakıda imişlər. O ki, qaldı qərib-qürabanın məəttəl qalmağına - o da təəccüblü iş deyil, çünki qərib adam hər şəhərə getsə, orada bir qəribə şey görüb mətəl qalacaqdır. Zira hər şəhərin bir qəribə və məəttəl qalmalı işləri vardır. Vəssəlam. Bundan sonra durub, Bakı parta-partından incimək heç bir halda insaf deyil və ədalət xaricindədir.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 225-226.
