Şeyxülislam həzrətləri və maarif
Dünənki nömrəmizdə Şeyxülislam həzrətlərinin Ümum qafqaz mədrəsəyi-ruhaniyyəsi inşası haqqında layihə yolunda yazılmış olan təklifini qarelərimiz oxudular, zənn edirəm.
İdareyi-ruhaniyyəmizin başçısı tərəfindən sadir olan bu təklif şeyxülislamlığımız tarixində ən mühüm və mənidar bir vəqədir. Xoşa ki, bu vəqə bizim əsrimizə təsadüf etdi! İştə, idareyi-ruhaniyyəmiz başında nəhayət, bir zat oturdu ki, dərdlərimizi görür, ah və naləmizi eşidir və çarəsinə də yol arayır. O yolun da nədən ibarət olduğunu düşünə də bilir.
Məşhur misyoner İlminski deyirdi ki, aləmi-islamın və əzcümlə Rusiya müsəlmanlarının xabi-qəflətdən bidar ola bilməmələrinə səbəb əvam və cahil mollalardır. Onların vəz və nəsihəti müsəlmanlar üçün ən təsirli bir xabigərdir. Ona görə bu cürə cahil mollalar nə qədər çox olsa bir o qədər yaxşıdır. Çünki bunların vücudu ilə müsəlmanlar heç vaxt ayılmazlar.
İslamın düşməni olan bu misyonerin sözü doğru idi. Camaat avam, mollaların da əksəri cahil və ondan başqa qarın dərdi çəkənlər, bunlardan camaata, dinə, millətə zərərdən başqa nə mənfəət ola bilərdi? O idi ki, hər yerdə olan kimi bizim Qafqazda da islam camaatı getdikcə xar və zəlil olub əcnəbilərin aləti-məsxərəsi olmuşdu. Xalq bizi gördükdə həm zəhləsi gedərdi, həm acığı tutardı, həm də rəhmi və yazığı gələrdi. Bir zaman yalnız bir adı əcnəbilərdə xövf və hissi-ehtiram oyadan müsəlmanlar bu günlərədək başı qapazlı müsəlman olmuşdu. Hər yer üzünə bağlı, heç bir yerdə istirahəti yox, mal və mülk cəhətincə yoxsul, məişət və güzəranları müşkül, dünyadan bixəbər...
Yenə şükürlər olsun ki, Rusiyada vaqe olan təbəddülat bir paramıza təsir etdi. Bəzilərimizin gözünü açdı. Bir çoxumuz oyandıq və oyanıb da məclislər və qəzetələr vasitəsilə yatmış həmcinslərimizi oyatmağa başladıq. Hərçəndi qəzetələrin bu xidməti Vladiqafqaz "dinpərəst"lərinə xoş gəlmir. Çünki qəzetə vasitəsilə bir çox millət xainlərinin işi aşikara çıxdı. Məziyyətləri əyan oldu. Lakin ağlı-səlim sahibləri "ləbbeyk" dedilər və bir takım hümmətlərə təşəbbüs etdilər ki, milləti oyatsınlar. Məktəblər açıldı. Məclislər təşkil edildi. Hər yerdə millət dərdindən danışıldı. Qərəz yatmışlar tərpəşdi. Gözünü açanlar bir də baxıb gördülər ki, izmehlal və inqraz quyusunun lap qırağındadırlar. Əgər bir qədər səy edib özlərini o təhlükəli yerdən kənar etməsələr - quyunun dibi olmayan yerinə düşüb məhv olacaqlar. O idi ki, sahili-səlamətə sürünməyə meyl etdilər. Lakin binəva millətin belə bir meylinə qarşı mümaniətlər yuvarlanmağa başladı. Bu mümaniətlər isə cahil və avam mollaların əhali üzərində olan nüfuz və təsiri idi. Zatən bu cünbüş əsasında ümum mollalarımız üç qismə ayrıldılar. Bir qismi əhalinin belə rəzalətini görüb də bu halı öz namus və qeyrəti-milliyələrinə sığdıra bilmədilər. Onlar dəxi sair tərəqqipərvərlərimiz ilə bir yerdə işləməyə başlayıb, əhalini elm və ürfanə təşviq etməyə başladılar və bu yolda əldən gələni müzaiqə etmədilər. Digər qismi isə əhalinin belə oyanmasından özlərinin əvvəllərdən ruhaniliyə yaraşmayan bir çox fəna rəftarlarının üstü açılacaq qorxusundan əhalinin tərəqqi və təməddündən hürkütməyə əl atdılar. Əvvəllərdən də əhalinin qəflətinə və misyonerlərin arzusuna xidmət edən bu həriflər üsuli-cədid məktəblərini təqbih və tərəqqipərəstləri təkfir və hər bir asari-mədəniyyəti təlin etməyə qədəm qoydular. Lakin bunların bu gunə hərəkatı artıq özlərindən başqa heç bir kəsə zərər vermir. Çünki sözləri təsirdən düşübdür.
Fəqət bizim bir də şeyx həzrətlərinin təbirilə əməleyi-mota mollalarımız dəxi varır ki, nə elmdən elmləri var, nə şəriətdən şəriət bilirlər. Halbuki "bu kəsalətü-bədən"ilə də camaata vəz və nəsihət (?) söyləyib, emali-dinilərinə mübaşir olurlar.
"Xoftəra xoftə key konəd bidar" - belə molla təqlidlərindən camaata nə bir xeyir ola bilər. İndi odur ki, şeyx həzrətlərinin böyük bir ruhani mədrəsə təsisiniyyətindən məqsud camaat üçün, prixod üçün ümumi diniyə, ülumi dünyəviyyəyə dara mollalar yetişdirməkdir ki, onlardan camaat bir xeyir və mənfəət gözləyə bilsin.
Şeyx həzrətləri tərəfindən layihəsi tərtib edibmiş mədrəsənin proqramı xüsusunda hələlik bir söz demək çox tezdir. Əvvəlcə məqsud bir layihənin felə və hüsulə gəlməsidir, yəni mədrəsə təsisidir. İştə belə bir mədrəsənin təsisi lüzumu və təsisi yolu xüsusunda fikir edib danışmalıdır. Lakin biz bu yolda əvvəl dəfə danışmağı şeyx həzrətlərinin bilavasitə müraciət etdiyi adamlara tərk edirik. Bu yolda qəzetəmizin sütunları onlara açıqdır.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 158-160.
