Dağıstana kömək
Şimal təhlükəsinə qarşı böyük bir səngərimiz müqabilində olan Dağıstan, bir səngər üzərinə tərəttüb edən vəzifəsini ifa etmək məcburiyyətindədir.
Qaragüruhların qaraqüvvələri, yəni Denikin qoşunları dağıstanlıların hörmətçilik və mehmannəvazlığından sui-istifadə edərək Şimal ayısına məxsus bir hərs ilə Dağıstan qartallarının üzərinə hücumlar etmək üzrədirlər. Qroznı və Qafqaz kimi şəhərlər onların əllərinə keçməklə təhlükə bəri tərəfləri dəxi təhdid etməkdədir.
Denikinlərin dağıstanlılara qarşı açmış olduğları müharibə, qara- güruha məxsus xainanə bu surətdə əmələ gəldi. Boylə ki, "əvvəlcə bizim sizə və sizin istiqlaliyyətinizə qarşı heç bir sui-fikrimiz yoxdur, yalnız bolşeviklərlə mübarizə edirik və bu yolda sizdən kömək diləyirik" deyə safdil dağıstanlıları iğfal edib onların mərdanə köməgi ilə bolşeviklərə faiq gəldilər. Bədə bolşeviklər basıldığdan sonra özlərini o tərəfdən asudə görüb silahlarının ağzını namərdlərə yaraşan utanılmaz bir həyasızlığla qafil olmuş dağıstanlılar üzərinə çevirdilər və bu qəflətdən istifadə ilə bir neçə müvəffəqiyyətlərə nail olub da ümum Dağıstan cümhuriyyətinin istiqlal və azadlığına qarşı xainanə hərəkətdə bulunmağa başladılar. Tələb edirlər ki, Dağıstan hökuməti dağılıb ümum Şimali Qafqaz Denikin könüllülərinin malı olsun və bu maldan istifadə edib istər bolşeviklərlə, istərsə də Azərbaycan və Gürcüstan ilə müharibə edilsin.
Bu tələbi rədd etmək üçün Dağıstan Cümhuriyyəti Denikin ordusuna qarşı müntəzəm bir surətdə mübarizə meydanı açmalı və bu ordunu tarı-mar etməklə bəlanı üzərindən dəfə çalışmalıdır.
Pəs biz hər halda və hər bir vəchlə Dağıstana kömək etməgə borcluyuq və məsələ yalnız burasındadır ki, nə tövr kömək edəlim. Parlaman bu məsələni hökumətə vagüzar etdi və bu xüsusda ona müəyyən bir yol göstərməyib, hökumət hər tövr tədbirlər itxaz edərsə parlaman razıdır deyib hələlik bununla iktifa etdi. Biz dəxi bu xüsusda hökumətimizin müdəbbiranə və aqilanə tədbir görəcək istedadına etimadımız olduğunu qeyd edib də yalnız ümumi nəzərimizi burada söyləməgi mənfəətdən xali bilməyirik ki, zatən parlamanımızın bəzi fraksiyaları dəxi nəzərdən səthi olaraq bəhs edib, deyib keçdilər.
İş bundadır ki, Denikin qaragüruh hərəkatı degil. Yalnız Dağıstana və Azərbaycana, bəlkə ümum Qafqaz cümhuriyyətlərinə, yəni Gürcüstana və zənn edirik Ermənistana dəxi aid olan ümumi bir təhlükədir. Buna görə də bu təhlükənin dəfi üçün bütün Qafqaz cümhuriyyətləri möhkəm bir ittifaq bağlamalıdırlar, boylə ittifaq ki, hər cümhuriyyət əvvəla burasını bilməlidir ki, Dağıstan üstünə yeriməkdə olan bu bəla ümumi bir bəladır. Aşkar şeydir ki, bugün Dağıstan denikinlərin qurbanı olarsa, sabah növbət Azərbaycana yetişər. Deməli, əgər bu şər Dağıstan üzərindən ittihad və ittifaq ilə dəf edilərsə, Azərbaycan dəxi o şərin gələcək təhlükəsindən qurtulmuş olar. Fəqət qomşumuzun və qomşuluqdan əlavə, həmdinimiz olan bir məmləkətin üzərinə çökmüş olan bəlaya və bu bəlanı dəfinə biz nə nəzərlə baxmalıyıq. Və bu hadisə qarşısında bizim və vəzifəmiz nə yolda olmalıdır?
Bu suallara cavab olmaq üzrə Azərbaycan Cümhuriyyətinin parlamanı müttəhidülqövl olaraq qərar qoydu ki, Dağıstana Azərbaycan tərəfindən kömək edilsin və hökumətə təminat verdi ki, bu xüsusda hər nə növ tədbirlər görsə parlaman ona razıdır.
Bəli, Dağıstana kömək etmək Azərbaycan borcludur və borcu bizim üzərimizə həvalə edən səbəblər o qədər vacib və o qədər haizi-əhəmiyyətdir ki, borcun altından qaçmağa heç bir vəchlə imkanımız yoxdur.
Öz istiqlalımızın təsdiq, təyid və təqviyyəsi yolunda çalışdığımız kimi, Dağıstan həqqində də bir o qədər çalışmalıyıq və ona görə də Dağıstan kimi bir İslam Cümhuriyyətinin denikinlər tərəfindən dağılmasına heç bir vəchlə razı olmamalıyıq.
Bu birinci səbəbdir ki, bugünkü mövcud istiqlalımızın felən müdafiəsinə aid həyati bir əmrdir.
Və saniyən dağıstanlılar bizim din qardaşlarımızdır; dindən əlavə milliyət və qövümluq rabitələri ilə dəxi biz dağıstanlıların böyük bir hissəsilə əlaqədarıq. Bu üzdən dini və milli vəzifəmiz dəxi bizi dağıstanlılara köməgə vadar edir. Denikin ordularının hücumlarına qarşı müdafiədə bulanan dağıstanlı qardaşlarımız möhtaci-imdad bir vəziyyətdə bulunduğları halda, biz bu faciəyə biganə tamaşaçı nəzərilə baxa bilmərik, din və millət hissələrimiz coşub mütəəssim dərəcəsinə gələrdə bizi köməgə qoşmağa vadar edər.
Birinci olan həya və ikinci olan dini milli əmrlərdən başqa üçüncü olaraq siyasi bir əmr dəxi vardır ki, o da bizi köməgə icbar edən böyük səbəblərdən biridir. Boylə ki, Qafqaz cümhuriyyətləri arasında Azərbaycanda əlavə digər bir İslam Cümhuriyyəti mövcud olarsa, bunun Qafqaz müvazineyi-siyasiyəsinə gələcəklərdə böyük bir təsir edəcəgi şübhəsizdir. Bu üzdən biz öz-özlügündə başqa cümhuriyyətlərə inanıb da "bel bağlamağa" qəlbində bir itminan oldığını hiss etsin, yəni ittifaq və etibarlı ittifaq olsun. Qabağa tərəf köməgə yügürən hər bir fərd arxadan xainanə bir surətdə zərbələnmiyəcəgindən əmin olsun.
Bu cür bir ittifaqa denikinlilər əlindən (Soçi) zərbəsi yemiş olan Gürcüstanın ruy-riza göstərəcəginə ümid çoxdur. Denikinlərin ümum Qafqaz üçün təhlükə təşkil etdigini gürci qəzetələri dəxi bizimlə şərik olub əhvalatın çegunəliginə lazımınca vaqifdirlər.
Ermənistana gəlincə bu xüsusda nə rəsmi dairələrinin, nə də qəzetələrinin müəyyən fikrini bilmirik. Mümkündür ki, Ermənistan, Dağıstan, Gürcüstan və Azərbaycan arxasında daldalanmasındanmı, ya başqa səbəblərdənmi Denikin ordusundan özü üçün təhlükə ehtimalına əhəmiyyət vermir.
Bu da mümkündür ki, bu axır zamanda yunan ilə yaxınlıq məsələsindən şirin söhbət açmış olan ermənilər istiqballarının əlverişli olacağını Qafqaz cümhuriyyətləri ittifaqında degil, bəlkə özgə ittifaqlardan asılı zənn edirlər.
Hər halda Dağıstan, Azərbaycan, Gürcüstan ittifaqı Ermənistansız əmələ gələrsə, o halda bu hökumətin bu ittifaqa qarşı ətf ediləcək nəzərini və ixtiyar ediləcək vəziyyətini piş əz vəxt müəyyən surətdə bilmək lazım olacaqdır.
Bizim zənnimizcə Ermənistan dəxi denikinlərin ümüm Qafqaz və əz cümlə Ermənistan üçün dəxi gələcəkdə bir təhlükə olduğunu iqrar edərsə və iqrar edib də bu ümumi planın dəxi işində özünə düşəcək borcuna kəmali-sədaqətlə əda edərsə bila dəfi bədində mənfəətdən başqa heç bir zərər görməz.
İştə, Dağıstana kömək əmrində hökumətimiz şübhəsiz bu xüsusları nəzərə alıb da Azərbaycanın həm xaricən və həm daxilən hazırlığlarına mümkün olduğu qədər səy göstərib də ümumi bəlanın dəfi və dağıstanlı qardaşlarımızın təxlisi işində Azərbaycan üzərinə düşən böyük vəzifəyi layiqilə ifa edəcəkdir.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- 111-114.
