O yan-bu yan: [Maarif işləri, yaxud şurayi-valideyn]
Bir ata- Cənabi müdiri-məktəb, sən mənim oğluma farsı, ərəbi, türki, nə bilim nə - nə deyirsən! Baba, oğul mənim dəyilmi? Mənim oğluma onlar lazım dəyil. Mənim oğluma lazım olan odur ki, bu gün bir urusu görəndə onunla "işto-mişto" eliyə bilsin. Allah atana rəhmət eləsin. Mənim oğlumu urusca öyrət.
O biri ata - Cənabi molla! Sən mənim oğlumu kafir eləmək istəyirsən, amma mən razı olmayacağam. Oğul gərək müsəlmanlığında baqi qalsın. Təvəqqe eliyirəm, bundan sonra mənim oğluma bulud nədir, ildırım nədir, ulduz belə gəldi, filan... bu cürə sözləri deməyəsən. Mənim oğluma şəriət öyrət, şəriət. Çünki, istəyirəm sonra oğlumu təhsilə göndərəm.
Üçüncü - Cənabi müdərris! Hərçəndi ola bilsin ki, sən məndən çox oxuyubsan. Amma mən özüm də az oxumamışam. Bu saat "Tarixi- Nadiri" su kimi içərəm. "Gülüstanı" sənin üçün göz yummadan oxuyaram. Firdovsidən yüz beyt əzbər bilirəm. Ona bina heç insaf deyil ki: Bər danayani romuzi agahi və dəqiqə şünasani hekməthayi ilahi... Ondan sonra:
Ki Rüstəm, yəli bud dər Sistan.
Mənəş kərdəəm Rüstəme-dastan.
Və bir də:
Bənde haman beh ke, ze təqsire xiş.
Ozr bədər gahe xoda avərəd.
kimi dil bilən bir atanın oğluna bu cür sözləri öyrədəsən. Məsələn, Qasım atdan düşdü. Yanan yerdən tüstü çıxar. Atam dörd put saman aldı... "Həqiqət insafdan kənar işdir". Sən mənim oğluma farsı öyrət, farsı.
Dördüncü - Cənabi molla, çox təvəqqe edirəm ki, mənim oğluma uruscanı öyrətmə. Qoy müsəlmanca oxusun. Urusca oxumasına böyük anası evdə razı olmur.
Beşinci - Ağa molla, sən ki mənim oğluma bəzi vaxt hesab, kitab öyrədirsən, məsələn, bir tacir 600 pud qənd alıb, pudunu 1 manatdan satdı, nə bilim, 89 dəfə 100 neçə olar! Sən gəl o hesabları de ancaq oğlumun əvəzindən onları mənim özüm axşamlar sənin üçün çötkədə hesablayıb, səhər uşaqnan göndərərəm, yoxsa, oğlum uşaqdır, indidən ona o cürə hesab, kitab öyrətsən, axırda uşaq xarab olub, dələduz çıxar, uşaq nədir, o cür hesab-kitab işinə qarışdı nədir? Onunku odur ki, dərs oxusun, dərs.
Müdir - ???!!.. (Bərk bir ah çəkdi.)
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 139-140.
