Səhnənin tərbiyəvi əhəmiyyəti haqqında
Publisistlərimizin bir çoxu teatr tamaşalarının tərbiyəvi əhəmiyyətindən danışarkən ancaq dramları, yəni mahnısız və musiqisiz səhnə əsərlərini nəzərdə tuturlar. Gənc publisist Əsəd Məmmədov-Əhliyev müsəlman artistləri peşəkar ittifaqının yaradılmasını ("Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin Xəbərləri"nin 241-ci nömrəsinin səhifələrində) alqışlayaraq, ittifaqa "ancaq Melpomena məbədini ucaltmağı" yəni dram əsərlərini tamaşaya qoymağı məsləhət görür; çünki musiqi əsərləri, vətəndaş Əhliyevin dediyinə görə, "səhnə sənətinin tərbiyəvi əhəmiyyəti ola biləcək ikinci, hətta, üçüncü dərəcəli məhsuludur."
Opera, operetta, musiqili dram kimi əsərlərin tərbiyəvi əhəmiyyətinin sübutsuz-dəlilsiz qətiyyətlə inkar edilməyi bir tərəfdən teatr və ümumiyyətlə teatr sənəti haqqında ictimaiyyətin şüurundan məhdud təsəvvür, habelə sənətin musiqi sahəsinə mənfi münasibət yaradır, digər tərəfdən, özlərini musiqi sənətinə həsr etmək qərarına gəlmiş gənc müsəlmanları həvəsdən salır. Beləliklə, milli musiqinin inkişafı ləngidilir, biz müsəlmanların musiqi təhsili almaq arzusunun, milad tarixindən bəri ancaq XX əsrdə oyanan bu təbii arzunun qarşısına sədd çəkilir.
Mən heç də elə düşünmürəm ki, milli musiqimizin məhz musiqili dram əsərləri bəstələmək təşəbbüsündən başlanan inkişafına publisistlərimiz qəsdən maneəçilik törədir, habelə musiqi sənəti sahəsinə müsəlmanların yolunu şüurlu surətdə kəsir. Mən musiqili əsərlərin zərəri və öz tərbiyəvi roluna görə drama nisbətən üçüncü dərəcəli əhəmiyyətə malik olması haqqındakı söhbətləri, sadəcə olaraq, musiqi sənətinə qeyri-ciddi münasibət kimi izah edirəm. Buna görə də, mənə elə gəlir ki, həm dram, həm də musiqili dram əsərlərinə ciddi və diqqətlə yanaşaraq bu barədə söhbət açmaq faydalı olardı.
Belə bir ciddi söhbətə başlamaq üçün vətəndaş Əhliyevdən aşağıdakı suallarıma cavab verməsini xahiş etmək istərdim.
Ümumiyyətlə, musiqili əsərlərin tərbiyəvi əhəmiyyətini nəyə əsasən inkar edir və azaldırsınız?
"Otello", "Faust", "Boris Qodunov" kimi operaların tərbiyəvi əhəmiyyəti etibarilə eyni müəlliflərin eyni məzmunlu dram əsərlərindən nəyi əskikdir?
Bu suallara cavablar səhnə sənətinin bu və ya başqa növünün faydası və zərəri haqqında real təsəvvür yaratmalıdır. Bu, yeni yaradılmış müsəlman artistləri ittifaqı üçün xüsusilə zəruridir.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 164-165.
